Paytaxt ilk qış sınağından üzüağ çıxmadı
 |
İnfrastruktur yarıtmaz vəziyyətdədir. Əhaliyə isə \"qış vaxtına keçidi\" gözləmək tövsiyə edilir
Şənbə, 12.11.2011
|
|
Ölkənin payıza hazır olmadığı bir vaxtda qışın vaxtından əvvəl gəlişi kommunal sektorda vəziyyətin yarıtmaz olduğunu üzə çıxardı. Aramsız yağan yağışların davamında qarla əvəz olunması isə paytaxtda həyatı iflic vəziyyətə saldı. Ölkə və paytaxt rayonlarının icra rəhbərlərinin yay fəslində bəh-bəhlə dövlət başçısına təqdim etdikləri yeni "analoqu olmayan" yollar, inşa olunmuş kanalizasiya xətləri, istilik qazanxanaları, fasiləsiz mavi yanacaq, su, elektrik enerji təminatının təşkili və sair və sair payızın ilk günlərindəcə özünü doğrultmadı. Belə ki, iki gün aramsız yağan yağış milyonlarla pul sərf olunmuş yeni salınmış və bərpa olunmuş qəsəbədaxili və paytaxt yollarında sanki "dinozavr yuvaları" yaratdı. İsti havalarda belə yollarda yaşanan "tıxac" gərginliyi havaların dəyişməsi ilə süni göllər və çalalarla əvəzləndi. Yollarda nəqliyyat vasitələrinin hərəkəti sözün əsl mənasında dondu.
Qış rejiminə keçid noyabrın 15-dən...
Havaların kəskin soyuması qaza olan tələbatı da artırıb. Evlərini mavi yanacaqla isidən sakinlər qazın təzyiqinin azalması ilə üzləşiblər. Paytaxtın Xəzər, Sabunçu, Suraxanı, Yasamal və digər rayonlarının ayrı-ayrı sahələrində isə sakinlər ilk qarın yağması ilə qaz üzünə həsrət qalıblar. Sakinlərin şikayətinə cavab olaraq rayon qaz idarələrindən bildirilir ki, qazın təzyiqinin az olması qış vaxtına keçilməməsi ilə əlaqədardır. Hazırda verilən qaz yay rejimi üçün nəzərdə tutulduğundan, tələbatın artması təzyiqin azalmasına birbaşa təsir edib. Bundan başqa, bina evlərinin isidilməsinə xidmət edən qazanxanalara da mavi yanacağın verilməsi qış rejiminə keçdikdən sonra baş verəcək. Qış rejiminə keçid isə noyabrın 15-dən qüvvəyə minir... "Göydələn"lərdə isə mavi yanacaqdan məhrum edilmiş sakinlər maddi baxımdan sərfəli olmasa da, evlərini elektrik enerjisi hesabına qızdırmaq məcburiyyətində qalıblar.
Lerikdə həyat iflic olub
Azərbaycanın Lerik rayonunda ötən gecə qopan fırtına rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, 50-yə yaxın kənd işıqsız qalıb: "Rayonun elektrik təsərrüfatı 60-cı illərdən qalma olduğu üçün hava korlanan kimi problemlər yaranır. Onlarla kənd işıqsız qalır".
Lerikdə yaranan problemlərdən biri də mərkəzlə 30-a yaxın kəndin nəqliyyat əlaqəsinin tamam kəsilməsidir.
Qar yağan kimi əlaqə kəsilir... 30 kənd...
Ölkədə yanğın halları artıb
Havaların soyuması ölkə ərazisində yanğın xəbərlərinin çoxalması ilə müşayiət olunur. Təkcə son günlərdə Bakıda 11 ev yanaraq külə dönüb. Yasamal rayonunda baş verən hadisəyə elektrik və qaz xətlərinin düzgün çəkilmədiyi səbəb olub. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Yasamal rayonu II Alatava adlanan ərazidə yanğın qeydə alınıb. III çağırışla hadisə yerinə 19 yanğınsöndürən maşın və texnika yollanıb. Yanğın şiddətli olduğundan 11 evi yararsız hala salıb. Adıçəkilən ərazidə evlərin sıx tikilməsi və yolların dar olması yanğının söndürülməsində çətinliklər yaradıb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmasa da, 380 kvadratmetr ərazi tamam külə dönüb. İlkin ehtimala görə, yanğının baş verməsinə elektrik və qaz xətlərinin düzgün çəkilmədiyi səbəb olub.
Digər yanğın Yasamal rayonunda Şərifzadə küçəsi 119 ünvanında yerləşən uşaq bağçasında qeydə alınıb. Məlumata əsasən, bina istifadəyə yararsız olduğu üçün bir müddət əvvəl tərk edilib. Yanğın binanın dam örtüyündə meydana gəlib və sonra otaqlara keçib. Güclü alovlar dam örtüyünün təxminən 20 kvadratmetrlik hissəsini əhatə edib və yayılmağa başlayıb. Sonradan otaqların qapı-pəncərə çərçivələrinə keçən alovun miqyası tez bir zamanda genişlənib. Bir neçə otağa yayılan yanğın nəticəsində əsasən otaqların taxta döşəmələri və bəzi taxta tullantılar alışıb. Güclü alovlar burada təxminən 80 kvadratmetr ərazini külə döndərib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ətrafa yayılan alovları görən hadisə şahidləri dərhal yanğından mühafizə xidmətinə məlumat veriblər və bu ünvana 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğından mühafizə dəstələri alovu tez bir zamanda ram edə biliblər.
Azərbaycan Texniki Universitetində də yanğın qeydə alınıb. Hadisə universitetin II korpusunun II mərtəbəsində baş verib. Hadisə yerinə adi çağırışla 3 yanğınsöndürən maşın yollanıb. Burada yanğın qısaqapanma nəticəsində yaranıb. Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.
Sabunçu rayonu ərazisində də vətəndaşa məxsus fərdi ev yanıb. Yanğın 1-ci Zabrat qəsəbəsi, Abbas Səhhət küçəsi ev 7-də qeydə alınıb. Hadisə zamanı evdə ailə olsa da, xoşbəxtlikdən hər hansı bir xəsarət alan olmayıb..
|
|
|
Oxşar xəbərlər:
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Qara dəniz dövlətləri FHN-lərinin Bakı toplantısı
İrandan Qarabağa - təbii qaz
İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb
Baş Prokurorluqda əməliyyat müşavirəsi
|
|
|
|
|