Bu gün Moskvada sərbəst və yunan-Roma güləşi üzrə komandalararası "Avropa Millətlər Kuboku" turniri başlanır. Turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan, Rusiya, Türkiyə və Belarus, sərbəst güləş üzrə isə Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Bolqarıstan və Belarus komandaları iştirak edir.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi sərbəst güləş üzrə yığma komandamızın heyətinə Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev və İbrahim Yusubov (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Aslan Dzebişov (120 kq) daxil edilib. Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora və Şaban Donatın rəhbərliyi altında ilk sınağına çıxacaq. Komandamızı turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev və Azad Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov və Emin Əhmədov (hər ikisi 74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev də iştirak edəcək. Yarışlara sabah yekun vurulacaq. Qalib komanda 100 min ABŞ dolları həcmində mükafat alacaq.
|