Bütün Qafqazın qəlbini fəth edə bilərik
 |
İqtisadi inteqrasiyaya önəm verilir
Şənbə, 05.11.2011
|
|
Özünün təbii resursları, iqtisadi potensialı və coğrafi durumuna görə tarixdə olduğu kimi, bu gün Azərbaycan Qafqazda strateji önəmə sahibdir. Ermənistan özünü təcrid girdabına salsa da, Gürcüstan, Dağıstan, Quzey Osetiya, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar və Qaraçay-Çərkəz Qafqazda ortaq uzlaşma siyasətində Azərbaycana ümidlə baxırlar. XIX yüzilin sonları və XX yüzilin başlanğıcında olduğu kimi, onlar indi də Azərbaycanı özlərinin strateji tərəfdaşı gözündə görürlər.
Oktyabrda Quzey Qafqaz Federal Dairəsinin başqanı Aleksandr Xloponinin rəhbərliyi ilə gələn heyətin Bakıda keçirdikləri rəsmi görüşlər bunu təsdiq edirdi. Quzey Qafqaz respublikalarını dotasiya şəraitində saxlamaq indi rəsmi Moskvanın maraqları xaricindədir. Bu yöndə dəfələrlə açıq şəkildə Kremlin sahibləri açıqlamalar da veriblər. Bir neçə dəfə Soçi şəhərində iqtisadi forumlar da keçirildi. Rusiya investorların Quzey Qafqaz respublikalarına cəlb edilməsinə strateji hədəf kimi baxır. Bu imkandan yararlanmaq istəyən Quzey Qafqaz respublikaları prezidentləri son illər Azərbaycana təşrif gətirməklə Bakının tarixi ənənələrə dönməsini vacib bilirlər.
Siyasi-iqtisadi prioritetlər və Azərbaycan
XIX yüzilin sonları və XX yüzilin ilk rübündə Bakı sənayeçilərinin bütün Qafqaz bölgələrində iqtisadi, mədəni və siyasi nüfuzu sürətlə güclənirdi. İri kapital sahibləri həvəslə Tiflis, Batum, Kutaisi, İnciqala (indiki Mahaçqala), Qroznı, Vladiqafqaz, Soçi, Novorossiysk, Nalçik kimi mərkəzlərdə yatırımlar qoyurdular. Bu sırada hətta dövlət təminatı da vardı. İndiki şəraitdə isə təminat qanunla tənzimlənir. Belə ki, Rusiya Federasiyasının yeni qanunvericiliyinə görə, Quzey Qafqaz bölgələrinə yatırım qoyuluşlarına 70 faiz olmaq şərtilə dövlət təminatı verilir.
Azərbaycan tərəfi ölkənin iri maliyyə resursları hesabına Quzey Qafqaz respublikalarına yönəldəcəyi investisiyaların perspektivini araşdırmağa başlayıb. Hazırda dövlətin maliyyə ehtiyatlarının 40 milyard dolları ötməsi də buna imkan verir. Xarici banklarda saxlanılan maliyyə aktivlərinin diversifikasiya olunması investisiya siyasətinin uğurlu olacağını əsaslandıran faktorlardan biridir. AB ölkələrində baş verən iqtisadi problemlərin fonunda Azərbaycan tərəfi birlik ölkələrində bir sıra layihələrə başlayıb.
Bunu əslində ölkəmizin iqtisadi siyasətində uğurlu addımlarından biri saymaq olar.
Quzey Qafqaz regionlarında 80 ildən bəri körüklənən antitürk siyasətinin iflasa uğraması Azərbaycanın burada iqtisadi və siyasi mövqeyinin güclənməsinə səbəb ola bilər. Çağdaş dünyada söz sahibinə çevrilmək istəyən dövlətlər daha çox siyasi coğrafiyanı hədəf seçir. Bu, coğrafi sərhədlər daxilində siyasi və iqtisadi prioritetin üstün mövqe qazanmasıdır. Azərbaycanın milli gəlirlərinin sürətlə artması ən azından Qafqaz siyasətində uğur paketinə çevrilə bilər.
Region xalqları ilə iqtisadi və sosial sahədə münasibətlərin inkişaf etdirilməsi Qafqazın inkişafında, münasibətlərin sağlam təməl üzərinə qoyulmasında bir əngəl funksiyasını yerinə yetirən erməni çevrələrini neytrallaşdırmaq deməkdir. Ümumqafqaz mənafeyi naminə bundan indiki məqamda optimal istifadə etməyə geniş imkanlar mövcuddur. Quzey Qafqaz respublikaları liderlərinin Bakıya səfərlərində irəli sürülən təkliflərin özündə çoxlu müsbət məqamlar var. Moskvanı isə maraqlandıran Quzey Qafqazdakı mövcud sosial-iqtisadi problemlərin, işsizliyin ləğvi məsələsidir. Bunlar həllini taparsa, bölgədə radikalizmin və terrorizmin də qarşısını almaq asanlaşar. Bizdə olan bilgiyə görə, Azərbaycan tərəfi bütün bu təklifləri dəyərləndirmək üçün xüsusi hökumət komissiyası yaratmışdır.
Quzey Qafqaz projesinin perspektivləri
Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə hazırlanan proqrama uyğun olaraq bu yaxınlarda iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılığı ilə hökumət komissiyası Quzey Qafqaza səfərə çıxacaq. Azərbaycanın ünvanlı yatırım siyasətində yer alan sahələrdə araşdırmalar aparılacaq. Azərbaycanın iri şirkətlərinin bu yöndə fəaliyyət göstərmələri təşviq ediləcəkdir. Quzey Qafqaz Kurortlar İdarəsinin sədri Bilal Əhmədov 2014-cü il Soçi Qış Olimpiya Oyunları üçün idman qurğularının, mehmanxanaların inşasına, milli parkların salınmasına Azərbaycan şirkətlərinin də qatılmasını vacib sayır.
Bununla yanaşı, Xəzər dənizi sahilləri boyunca 600 km-lik xüsusi istirahət mərkəzləri şəbəkəsi yaratmaq ideyası da xüsusi maraq doğurur. Quzey Qafqaz turizm klasterinin cəlbedici tərəfləri də Azərbaycan tərəfindən indiki halda incələnməkdədir. Bu yöndə hətta Azərbaycan və Dağıstan protokol imzaladı. Bu proyektin baş tutacağı təqdirdə, Rusiyanın Qara dəniz sahilləri ilə yanaşı Xəzər turizm mərkəzlərinə axınlar da çoxala bilər. Çünki Xəzər sahillərinin landşaftı, isti qumu daha çox cəlbedicidir. Digər tərəfdən, Krasnodar vilayətində uzun müddətdir ermənilərin inhisarında olan turizm şəbəkələri Rusiyaya lazımi gəlir gətirə bilmir.
Bir rəqəm: hazırda Dağıstan və Stavropol vilayətinin xarici iqtisadi əlaqələrinin 80 faizi məhz Azərbaycanla bağlıdır. Quzey Qafqaz regionları ilə iqtisadi əlaqələrin inkişaf tempinin sürətlənməsi yönündə tələb olunan şərtlərdən biri də sadəcə ümumi görüşlərin keçirilməsi deyil, həm də biznes forumlarına özəl qayğı ilə yanaşılmasıdır. Bu dialoqlar zamanı xarici investisiya proqramlarına sosial-iqtisadi inkişaf perspektivləri, istilik-enerji kompleksləri, təbii resurslar, nəqliyyat-logistik kompleks, turizm, aqrar-sənaye əlaqələri və digər imkanlar nəzərə alınmalıdır. Bu prosesin inkişaf perspektivində həm də sərhədlərin şəffaflaşması imkanlarına ayrıca diqqət göstərmək gərəkdir. Qarşılıqlı turizm axınları, biznes çevrələrinin çevik hərəkət etməsi üçün bu amili nəzərə almaqla inteqrasiya imkanları da genişlənə bilər. Bununla da xalqlararası, mədəniyyətlərarası inteqrasiya inkişaf edə bilər.
Bizlər Qafqaz məkanında yaşasaq da, hələ ki tarixi etnokulturoloji mirasa çağdaş yanaşmamız yoxdur, ondan yetərincə istifadə etmirik. Halbuki fərqli dillərə, dinlərə, hətta məzhəb və təriqətlərə baxmayaraq, bütün Qafqaz xalqlarını uzlaşdıran mədəni dəyərlər hamının həyat norması olaraq öz mövcudluğunu saxlamışdır. Prezidentlərin Bakı görüşündə Quzey Osetiya prezidenti Taymuraz Mamsurova xatırladıldı ki, bütün Quzey Qafqazın memarlıq incisi olan Vladiqafqaz came məscidi vaxtilə azərbaycanlı kapitalist Şəmsi Əsədullayevin təşəbbüsü və onun maliyyə dəstəyilə inşa edilmişdir. O, bunu eşitdiyində bərk təəccüblənmişdi..
|
|
|
Oxşar xəbərlər:
Bakı-Tümen dəmiryolu xəttində parlayış
Xraxoba kəndi boşalır
Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Kuklaların solmayan gözəlliyi
|
|
|
|
|