Ordu dəyişiklik ərəfəsində
 |
Silahlı Qüvvələrdə yeni proseslər müşahidə olunur
Şənbə, 05.11.2011
|
|
Bu həftə Azərbaycan Silahlı Qüvvələrində baş verən bir sıra proseslər diqqət mərkəzində oldu. Xüsusilə də söhbət ordudakı problemlər və onların aradan qaldırılma yollarının üzə çıxarılmasından gedir.
Yoxlamalar qanunsuzluqları ortaya çıxardı
Bu həftənin diqqətdə olan mövzularından biri MN rəhbərliyinin Silahlı Qüvvələrin ayrı-ayrı hərbi hissələrində keçirdiyi yoxlama prosesi ilə bağlıdır. Bu yoxlamaların orduda olan əsas problemlərin ortaya çıxarılması məqsədilə aparıldığı deyilir. Məlumatlara görə, yoxlama heyəti əsgər və zabitlərlə ayrı-ayrılıqda və bir yerdə görüş keçirir və lazımı məlumatların əldə edilməsi istiqamətində müxtəlif tədbirlər görməkdə davam edirlər. Hərbi hissələrdə zabitlərin iştirakı olmadan əsgərlərlə görüş keçirilir, onlarla anonim sorğular aparılır. Suallar yazılmış vərəqələr əsgərlərə paylanır və onlardan bu suallara cavab yazılması istənilir. Analoji addımlar respublika üzrə əksər hərbi hissələrdə atılıb.
Əldə edilən bilgilərə görə, bu sorğuların keçirilməsində məqsəd əsgərlərin məişət, sosial problemlərini, psixoloji durumlarını, zabitlər tərəfindən onlara göstərilən qayğının səviyyəsini, ərzaq-geyim təminatı, məzuniyyət və buraxılış məsələlərini öyrənməkdir. Artıq ilkin nəticələr ortadadır: araşdırmalar onu göstərir ki, əsgərlərin ən çox narazı qaldığı məsələ məzuniyyətlərinin və həftəsonu buraxılışların məhdudlaşdırılması və bu istiqamətdə olan ədalətsiz yanaşmalardır. Yəni bəzilərinə xidmət müddətində 2-3 məzuniyyət hüququ verilməsinə baxmayaraq, bəzi əsgərlər üçün məzuniyyət əldə etmək asan deyil. Bu məsələ həftəsonu buraxılışlara da aiddir.
Zabitləri qayğılandıran məsələ isə mənzillə təminat problemidir. Zabitlər eyni zamanda mənzil əvəzinə kirayə pulunun aşağı olmasından narazıdırlar. Ərzaq əvəzinə onlara verilən pulun miqdarı da bu günün qiymətlərinə uyğun hesab olunmur. Beləliklə, araşdırmalar davam edir. Yoxlama heyətləri problemləri ümumi hesabata salıb Ali Baş Komandana təqdim edəcəklər.
Müdafiə Nazirliyi tərəfindən hazırda hərbi birləşmələrdə həyata keçirilən yoxlama və araşdırmalar ötən ildəkilərdən fərqli qaydada keçirilir. Belə ki, orduda tədris ilinin bitməsinə hələ bir aya yaxın vaxt var.
O səbəbdən bu yoxlamaların təkcə tədris ilinin yekunları ilə bağlı olması barədə MN rəsmilərinin açıqlamaları həqiqi hesab edilə bilməz. Eyni zamanda, bu araşdırmalar heç zaman indiki kimi geniş miqyaslı keçirilməyib. Nazir Səfər Əbiyev də daxil olmaqla faktik olaraq bütün MN rəhbərliyi bu araşdırma və yoxlamaların aparılmasına cəlb olunublar.
Ordudakı əsgər ölümləri isə siyasi hakimiyyəti hərəkətə gətirib
Müdafiə Nazirliyindəki mənbənin söylədiyinə görə, ölkənin siyasi rəhbərliyi müdafiə naziri general-polkovnik Səfər Əbiyev qarşısında tələb qoyub: Silahlı Qüvvələrdə əsgər ölümləri minimuma endirilsin. Bu məsələ ilə bağlı yaxın günlərdə isə Prezident Sarayında əsgər ölümləri ilə bağlı geniş iclas gözlənilir. Toplantıya güc strukturları rəhbər şəxslərinin, bir sıra hərbi hissə komandirlərinin, Hərbi Prokurorluq və hərbi komissarlıq təmsilçilərinin, hüquq-mühafizə orqanlarının təmsilçilərinin qatılacağı gözlənilir.
Qeyd edilir ki, ölkə rəhbərliyi Silahlı Qüvvələrdə itkilərin bu qədər geniş şəkil almasından narahatdır və bu problemin qısa zamanda həlli üçün müzakirələrin vaxtı çatıb. Cari ildə təhlükəsizlik və müdafiə sektorunda itkilərin sayı 90-a yaxınlaşır. Son 10 il ərzində bu sayda itki olmamışdı. Bu həftə ərzində müdafiə naziri Səfər Əbiyevin ayrı-ayrı hərbi hissə komandirlərinə xüsusi göstəriş ünvanladığı deyilir. "Əsgər ölümlərini durdurun" - bu fikir göstərişin əsas qayəsini təşkil edir. Müxtəlif hərbi hissələrdə komandirlərin şəxsi heyətlə maarifləndirici tədbirlərə başlayacağına dair məlumatlar mövcuddur.
Tenderləri MN-in səlahiyyətindən çıxarırlar?
Verilən məlumata görə, Silahlı Qüvvələrdə müasir standartlara uyğun islahatların səmərəliliyini təmin etmək məqsədilə bir sıra addımların atılması mümkündür. Bildirilir ki, bu yöndə əsas diqqət orduda problemlərin aradan qaldırılmasına, xüsusilə də korrupsiya və rüşvətxorluğun tuğyan etdiyi sahələrdə ciddi islahatların aparılmasına yönəldiləcək.
Hədəfdə olan əsas məsələlərdən biri Silahlı Qüvvələrdə müxtəlif istiqamətlər üzrə (qida, geyim, tikinti, tibbi təminat və s.) tenderlərin mövcud vəziyyətinin araşdırılması ilə bağlıdır. Ölkə başçısının ümumi göstərişi ondan ibarətdir ki, təhlükəsizlik və müdafiə sektorunda korrupsiyanın kökü birdəfəlik kəsilməlidir. Bu istiqamətdə əsas müzakirə olunan problemli sahələrdən biri tenderlərlə bağlıdır. Onların keçirilməsi həmişə şübhə doğurub. Azərbaycan Ordusunun quruculuq planları ilə əlaqədar bu sektorun müdafiə nazirinin nəzarəti altından çıxarılaraq kənar qurumlara verilmə planı hökumətdə müzakirə olunur. Çox böyük ehtimalla, yeni qurum yaradıla bilər və bu qurum təkcə Müdafiə Nazirliyinin deyil, digər güc strukturları üzrə tenderləri təşkil edə, müxtəlif istiqamətlər üzrə sifariş və ehtiyacları təmin edib qarşılaya bilər.
Qeyd edək ki, ölkə mətbuatında dərc olunan faktlara görə, Müdafiə Nazirliyində əsas korrupsiya əməliyyatları məhz tenderlərlə bağlı baş verir.
Vahid Əliyevin komandası yeni qaydalar hazırlayacaq
Bu arada prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevin rəhbərliyi ilə Azərbaycanın güc strukturlarının, xüsusilə də MN informasiya siyasətinin təkmilləşdirilməsinə dair xüsusi mexanizmləri özündə əks etdirən rəhbər sənədlərin hazırlanması işinə başlanılacağı barədə bilgilər var. Prezident Aparatına yaxın mənbədən verilən izahata görə, sənədin hazırlanması işinə Vahid Əliyevin rəhbərlik etdiyi bölmənin zabit və generalları, eyni zamanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşları cəlb olunublar.
Sənədin yekun variantı Müdafiə Nazirliyinin və digər güc strukturlarının aparıcı heyəti ilə, eyni zamanda qurumların informasiya siyasətinə məsul şəxsləri ilə müzakirə ediləcək, onların rəy və təklifləri nəzərə alınacaq. Bu prosesdə məqsəd təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərlə bağlı ictimaiyyəti müasir məlumatlandırma sistemi yaratmaqdır.
Sözügedən sənədin hazırlanmasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi əsasında baş tutduğu deyilir. Bir sıra bilgilərə görə, prosesin gedişində informasiya siyasətinə məsul strukturlarda kadr dəyişikliklərinin həyata keçirilməsi, güc strukturlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərinin peşəkarlığının artırılması və s. nəzərdə tutulur.
Qeyd edək ki, güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyi mətbuat xidmətinin fəaliyyəti ictimaiyyəti qane etmir. Bu gün sözügedən qurum ictimaiyyəti informasiya aclığında saxlamaqda davam edir. Bu da əksər hallarda cəmiyyət-ordu münasibətlərində gərginlik yaradır, ordudaxili problemlərin sayının artmasına səbəb olur. Vəziyyətin belə şəkil alması artıq Prezident Aparatında əyləşənlərdə də narahatlıq yaradıb.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Orduda itkilər artır
Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Orduda ruhani təsisatı ideyası?
Orduda 2 nəfər həlak oldu
|
|
|