Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi nəinki Dağlıq Qarabağ münaqişəsi məsələsində rol oynayacaq, eyni zamanda Azərbaycanın digər qlobal məsələlərdə öz gerçək həqiqi gücünü göstərməsinə, eyni zamanda ölkənin beynəlxalq reputasiyasını möhkəmləndirməyə imkan verəcək. Bu mülahizəni jurnalistlərə Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer səsləndirib.
Freyzer inanır ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi ölkədə insan hüquqları və demokratiya məsələlərinə də öz təsirini göstərəcək: "Çünki bu qurumun və ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının gündəliyinə demokratiya və insan hüquqları ilə bağlı məsələlər daxil olur".
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılmış danışıqlara münasibət bildirən Sabina Freyzer deyib ki, hələlik bu sahədə ciddi irəliləyiş gözlənilmir:
"Prezidentlərin Kazan görüşünə qədər ümidlər vardı ki, ən azı hər iki tərəf ümumi prinsiplərdə qarşılıqlı razılığa gələcək. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, eləcə də Azərbaycan cəmiyyəti Kazan görüşünün nəticəsindən çox məyus qaldı. Həqiqətən də Kazan görüşünün nəticələri məyusedici oldu".
Türkiyənin Dağlıq Qarabağ danışıqlarındakı roluna toxunan Sabina Freyzer Ankaranın münaqişənin həlli ilə bağlı çox maraqlı ideyalarının olduğunu bildirib: "Lakin Türkiyənin Ermənistanla sərhəd problemi var, bu səbəbdən çətinliklər yaşanmaqdadır. Türkiyə Dağlıq Qarabağ danışıqlarına hər hansı töhfə vermək, prosesə müsbət tərəfdən qoşulmaq istəyirsə, ilk növbədə Ermənistanla münasibətlərini normallaşdırmalıdır".
Sabina Freyzer növbəti iki ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyiş gözlənilmədiyini vurğulayıb: "Qarşıdakı iki ildə həmsədr ölkələrdə - Rusiya, ABŞ və Fransada seçkilər keçiriləcək. Buna görə də hesab edirəm ki, danışıqlarda hər hansı canlanma ehtimalı çox azdır".
Ekspert Ermənistanın da seçki ərəfəsində olduğunu xatırladıb, müharibəyə hazırlığın isə ritorika kimi göründüyünü deyib. O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişsə, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində də dəyişiklik qaçılmaz olacaq: "Əgər seçkilərdə Ermənistan hakimiyyətində dəyişiklik olsa, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində də dəyişiklik qaçılmaz olacaq".
Sabina Freyzer bildirib ki, qarşıdakı 2 il ərzində müharibəyə təkan ehtimalı müşahidə olunmur:
"Yaxşı xəbər isə odur ki, növbəti iki il ərzində müharibə, müharibəyə təkan ehtimalı yoxdur. Bu həm də bir ismarışdır ki, müharibə olmasın".
Freyzer deyib ki, növbəti iki il ərzində hətta yüksək hökumət nümayəndələri səviyyəsində olmasa belə, ən azı vətəndaş cəmiyyəti nümayəndələri, adi vətəndaşlar səviyyəsində Azərbaycan və Ermənistan təmsilçiləri arasında ünsiyyətin qurulması vacibdir: "Biz istəyirik ki, insanlar arasında etibar, etimad yaradaq".
|