Onlar "Azərbaycan Respublikasının xeyrinə təbliğat aparmaqda" suçlanırlar
Təbriz şəhər İnqilab Məhkəməsində azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan 13 vətəndaşın məhkəmə prosesi başlayıb. APA-nın yerli mənbələrə istinadən verdiyi xəbərə görə, prosesdə hərəkat fəallarına qarşı irəli sürülən ittihamda təqsirləndirilən soydaşlarımız - Əkbər Azad, Behbud Quluzadə, Əlirza Abdullahi, Mahmud Fəzli, Şəhram Radmehr, Şükrullah Qəhrəmani, Sona Fərəczadə, Pınar Fərəczadə, Həsən Rəhimi, Heydər Kərimi, Aydın Xacei, Yunis Süleymani və Nəim Əhmədi "İranın mövcud quruluşuna qarşı fəaliyyətdə və Azərbaycan Respublikasının xeyrinə təbliğat aparmaqda" suçlanırlar. Təqsirləndirilənlər ittihamın qərəzli və əsassız olduğunu, o cümlədən ibtidai istintaqda hüquqlarının pozulduğunu bildiriblər. Onlar saxlanılan zaman təzyiqlərə məruz qaldıqlarını da qeyd ediblər. Məhkəmə prosesinin gələn ay davam edəcəyi bildirilir.
|