Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vaxtaşırı Azərbaycan rəhbərliyinə hücumlar etməsi ilə tanınan iranlı ruhani Nasir Məkarim Şirazinin bu son günlərdə səsləndirdiyi növbəti əcaib fikirlərə münasibət bildirdi. Komitə sədrinin müavini Gündüz İsmayılov Nasir Məkarim Şirazinin fikirləri ilə bağlı mətbuata açıqlama verib (APA). Açıqlamada Nasir Məkarim Şirazinin Azərbaycanda dini durumla bağlı fikirlərinin əsassız və qərəzli olduğu bildirilir. Gündüz İsmayılov qeyd edir ki, din xadimi adına yaraşmayan və böhtan xarakterli bu kimi fikirlərin altında hansı məkrli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. "Çünki bu şəxsin və onun kimilərinin həqiqəti məqsədli şəkildə təhrif edərək, Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir".
Açıqlamada deyilir ki, Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz. İsmayılov qeyd edir: "Eyni zamanda, məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu "vəzifə"ni yalan və böhtanla da olsa, icra etməyə çalışır".
İsmayılov bildirir: Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir. İsmayılov müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kəsə, xüsusilə din xadimi adını daşıyan şəxsə başucalığı gətirmədiyini bildirib. Açıqlamada deyilir: "Biz bu şəxsdən və onun kimi düşünənlərdən fərqli olaraq, müsəlmanları məzhəblərə bölmürük. Əgər kimsə belə bölgü aparırsa, bu, onun səviyyəsini, İslama münasibətini və nə niyyət güddüyünü göstərir".
Xatırladaq ki, bir neçə gün öncə sözügedən iranlı din adamı ölkəmizin ünvanına kəskin ifadələr işlətmişdi. Hər halda, dini dözümsüzlüyün, islamdaxili məzhəb ayrı-seçkiliyinin hökm sürdüyü, insan haqları ilə bağlı durumun təsvirəgəlməz dərəcədə ağır olduğu, həbsxanalarında orta əsr işgəncələrinin tətbiq edildiyi, 35 milyonluq İran türklərinin, 3 milyonluq belucun və s. milli-mədəni haqlarına həqarətli münasibətin sərhəd tanımadığı, həbsxanaların azadlıqsevər türk gəncləri ilə dolu olduğu, onların küncdən-bucaqdan vurulub öldürüldüyü, saxta ittihamlarla dar ağaclarına çəkildiyi bir ölkəni təmsil edən ruhani şəxs bu kimi iddialarla çıxış etməyə ən azından mənən haqlı deyil. Bilsə pis olmazdı ki, şirazlı mollanın vaxtaşırı səsləndirdiyi bu kimi "bəyanat"lar bu ölkədə effektsiz qalır. Elə bil noxud dənəsi divara dəyib yerə düşür...
|