Ötən ilin martından etibarən İranda "polis" sözünü farslaşdıraraq "pasvər" adlandırmağa başladılar. Ad dəyişsə də, mahiyyət dəyişmədi. Bunun "pasvər"lərin əxlaqına heç bir təsiri olmadı. Şallaqlanma növbəsi indi də hakimiyyətin "pasvər"lərinə yetişib. Lent.az-ın Tehranda çıxan "İran" qəzetinə istinadən məlumatına görə, "dövlət əmlakını mənimsəmədə, mənəviyyatsızlıqda" ittiham olunan polis alayının adı açıqlanmayan komandirinə 150 şallaq vurulub. Məhkəmə onu üç illiyə komandirlik xidmətindən xaric edib. Bildirilir ki, bu "pasvər" komandiri pul cəriməsi də ödəyəcək.
Polislə bağlı xəbərlərin təhlili göstərir ki, bu struktur da cəmiyyətin özü kimi mənəvi böhran içindədir. Məsələn, bu ayın ortalarında ölkənin baş polis şefi Əhmədi-Müqəddəm deyirdi ki, əgər ölkədə alkoqoldan istifadə olunursa, eləcə də "əks cinsdən olanlar biri-biri ilə yaxınlıq edərsə" o zaman istefa verəcək. Baş polisin belə bəyanatla çıxış etməsinə səbəb bu yaxınlarda aparılmış bir araşdırma idi. Həmin araşdırmaya əsasən, İran tələbələrinin 80 faizi içki içir, əks cinsdən olanlarla dostluq edirlər. Bu araşdırmanı Tehran Universitetinin professorları aparmışdı və inanmamağa bir əsas yoxdur. Bu xəbər ortaya çıxanda "pasvər"lərin şefi qəzəb püskürmüşdü: "Bu araşdırmanı aparanlar cəmiyyətin düşüncəsini alt-üst etmək istəyənlərdir".
Bu ilin yayında "əxlaq təhlükəsizliyi" layihəsinin icrasına 70 min polis cəlb edilmişdi. Onlar ölkənin iri və kiçik şəhərlərində "vətəndaşların əxlaqi dəyərlərini nəzarətdə" saxlayıblar. "Əxlaqi dəyərlər" deyilərkən insanların geyiminə nəzarət nəzərdə tutulur. Əxlaq polisinin rəisi Əhməd Ruzbəhani bildirmişdi ki, bu ildən əxlaq polisi hicaba riayət etməyən qadınlarla sərt rəftar edəcək. Ruzbəhaninin sözlərinə görə, əxlaq polisi daim qanunu pozanlarla mübarizə aparıb və bu mübarizə daha ciddi şəkildə davam etdiriləcək.
Onu da xatırladaq ki, ilk illərində bu barədə xeyli sərt olan Əhmədinejad iqtidarı son illər hicab məsələsinə ciddi müdaxilə etmək istəmir. Bu səbəbdən İranda daha açıq və rahat paltar geyənlərin sayı artıb. Əvvəllər polis belə məsələlərə ciddi müdaxilə edərək sərbəst paltar geyənləri və ya "hicaba ciddi riayət etməyənləri" hətta həbs edərdi, lakin son zamanlar hüquq-mühafizə orqanlarının bu işə müdaxiləsi azalıb. Bu isə ruhanilərin xoşuna gəlmir.
İnsanlara qarşı təzyiqlər, vətəndaşın düşüncələrinə, məişət məsələlərinə müdaxilələr artsa da, gözlənilən effekt alınmır. Bunun izahı sadədir: yasaq meyvə şirin olar.
Pasvərin "dövlət əmlakını mənimsəməsinə" gəldikdə, adətən bu ittihamla suçlananlar bir qayda olaraq azadlıqdan məhrum edilir. Lakin bu polis komandiri ilə yumşaq rəftar olunur.
Polis strukturu mənəvi böhranın qarşısını almaqda gücsüzdür. Cəmiyyət yasaqlardan xilas olmağa çalışır. Bunu Əhmədi-Müqəddəm də görməmiş deyil və hələ istefa verməyib. Vəd etsə də... Digər tərəfdən, ölkə sürətlə kriminallaşır. İran Zindanlar Təşkilatının rəisi (Penitensiar İdarəsinin) Qulamhüseyn İsmaili, ölkədə narkotik maddələrin satışı və qaçaqmalçılığı üstündə tutulanlar o qədər çoxalıb ki, onların saxlanması üçün 5 yeni həbsxana gərəkdir. İdarə rəisinin sözlərinə görə, tikintisi yekunlaşmaq üzrə olan yeni zindanlar 2012-ci ilin aprelində istifadəyə veriləcək. Yeni zindanlar Tehran, Xorasani Rəzəvi, Sistan-Bəlucistan, Kirman və İsfahan əyalətlərində inşa edilir. Qulamhüseyn İsmaili bu ilin martında jurnalistlərə açıqlamasında gələn 3 ildə ölkənin məxtəlif əyalətlərində 47 yeni həbsxananın inşa ediləcəyini bildirmişdi.
|