Hal-hazırda Ayna qəzetinin 22.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Neoimperiya hərəkatına start verildi
Neoimperiya hərəkatına start verildi
Qərb çox şeyin fərqində deyil
Şənbə, 22.10.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Oktyabrın 15-də Moskvada "Natsional" mehmanxanasında "Beynəlmiləl Rusiya" Beynəlxalq Hərəkatının işçi qurultayı keçirildi. Bu qurumun əsas strateji hədəfi Ümumrusiya Xalq Cəbhəsi Hərəkatının dəstəyi ilə Vladimir Putinin yenidən prezident seçilməsini dəstəkləmək, bunun ardınca isə Avrasiya məkanında keçmiş SSRİ-yə daxil olan dövlətləri Rusiyanın inhisarına almaqdan ibarətdir. Qəbul edilən ən mühüm qərarlardan biri də "bölünmüş xalqların birləşdirilməsi" idi. Postsovet məkanında bu "birləşmə"nin açıq konturları bildirilməsə də, mahiyyət etibarilə bunun nə demək olduğunu təxmin etmək üçün 1917-1920-ci illərdə çarlıq Rusiyasının dağılmasından sonra, bolşeviklərin həmin coğrafi məkanda qurmuş olduqları yeni dövlət modellərini heç kim unutmamışdır.

Vahid iqtisadi məkandan imperiyaya doğru

Çarlıq Rusiyası tarixi dialektikanın zərurətindən doğan prinsiplərə əsasən dağılmışdısa, çökmüş imperiyanın yerində yaranan dövlətlər isə tarixi ədalətə söykənən təməl prinsiplər üzərində qurulmuşdu. Bu, elə bir zamana təsadüf edirdi ki, həmin dönəmdə bütün dünya Birinci Dünya savaşını yenicə yola salmışdı. Avropanın irili-xırdalı dövlətləri bu savaşın fəsadlarını bərpa etməklə məşğul idilər. Məhz belə bir dönəmdə Rusiyada hakimiyyətə gələn bolşeviklər keçmiş imperiyanın bərpası uğrunda milyonlarla insanların qanını tökməklə, müstəqil dövlətləri işğal etməklə, köhnə sərhədləri yenidən bərpa etdilər.

Rusiyanın indiki strateqləri neoimperiya hərəkatına nəfəs verməyə çalışaraq yenidən həmin tarixi bərpa etmək üçün hərəkətə keçiblər. Belə ki, "ərəb baharı" kimi gündəmə gələn inqilabi proseslərin ardınca elə Avropanın özündə domino xarakterli sosial gərginliklər üzə çıxmışdır. Avropa Şurası və ya Avropa Birliyi adı altında geniş çoğrafi məkanda region dövlətlərinin hətta bəziləri tam iflasla üz-üzə qalıblar. Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya, bütün Şərqi Avropa dövlətləri bu ağrılı böhranı aşmaqda indi aciz duruma düşüblər. Avropa nəhəngləri olan İngiltərə, Fransa və Almaniyanın özündə belə, sosial-iqtisadi böhranlar vahid coğrafi məkanın qorunmasında hələ ki, ciddi uğur paketlərini gündəmə gətirməkdə acizdirlər. Bütün bunları diqqətlə araşdıran Rusiya və postsovet məkanında köhnə sovet imperiyası siyasəti tərəfdarları hərəkətə keçməklə, yeni güc mərkəzi iddiasını ortaya qoymağa cəhd göstərirlər.

Moskva qurultayının fəlsəfi-siyasi dəyəri bu idi. Bir qədər hiyləgərcəsinə ehtiva olunan Vahid Avrasiya İqtisadi Məkanı ideyasının arxasında duran əsas prinsiplər isə ortaq coğrafi məkan, pul vahidi, siyasi mərkəz, vizaların, sərhədlərin və gömrük xidmətinin ləğvidir. Qurultayın tezislərinə daxil olan müddəalardan biri də postsovet məkanında mövcud olan etnik münaqişələr, iqtisadi inteqrasiya və rus icmaları problemidir. Çözüm yolu - vacib effektiv təsir vasitəsi, vahid humanitar və sosial əlaqələrə söykənmək göstərilir.

REKLAM

Bildirilir ki, prosesin inkişaf etdirilməsi üçün "Tarixi Rusiya" doktrinasına söykənilməlidir. Belə bir ideyaya xüsusi önəm verilir:

"Rus dünyası mədəni və elmi cəhətdən Avrasiya məkanında dominant rol oynamalıdır. Bunun humanitar əsaslarını rəsmiləşdirmək üçün Vahid Avrasiya İqtisadi Məkanı indiki məqamda aparıcı rola malikdir".

Qurultayda bildirildi ki, bu doktrinanı həyata keçirmək üçün ilk növbədə sərhədlər aradan qaldırılmalıdır. Düz 20 ildir ki, proseslərin belə davam etməsi Rusiyada böyük itkilərə səbəb olmuşdur. Avrasiya məkanında digər xalqlar (postsovet) üzərində vahid iqtisadi məkan anlayışını formalaşdırmaqla etnokrat dövlətlərin varlığına son qoyulma siyasəti isə inteqrasiya adı altında yürüdüləcək. Maraqlı bu idi ki, bu məkrli plan əksər iştirakçılar tərəfindən müdafiə olundu.

Bu strategiyanın reallığa qovuşması üçün ilk növbədə 2012-ci il Rusiyada prezident seçkilərinin nəticələrini gözləmək gərəkdir. İndiki məqamda bu siyasəti uğurla başa çatdırmaq üçün bütün siyasi və sosial güclərin səfərbər olunması və vahid gücə çevrilməsinə hazırlaşmaq lazımdır.



Beynəlxalq komitə hərəkətə keçdi

"Beynəlmiləl Rusiya" Beynəlxalq Hərəkatının ideyalarını həyata keçirmək üçün bu yöndə ilk addım olaraq "Beynəlxalq Komitə" də yaradılmışdır. Aleksey Martınov, Yuri Moskovski, Artyom Gevorkyan, Yevgeni Şolar, Tarzan Kokoytı, Modest Kolerov, Dmitri Juravlev, Stanislav Tarasov, İqor Korotçenko, Maksim Reva, Vladimir Yastrebçak, Qayar Şabanov, Violetta Şerbina, Sergey Petrov və digərləri bu komitədə təmsil olunurlar. Bu komitənin əsas fəaliyyət dairəsi postsovet məkanında Ümumrusiya Xalq Cəbhəsi Hərəkatını fəal şəkildə müdafiə etmək, Rusiyadan savayı digər keçmiş SSRİ ərazilərində yerli siyasi və ictimai təşkilatların səfərbər olunmasıdır.

Bu qurum özünün analitik beyin mərkəzini də yaratmışdır. Vladimir Putinin liderliyində Avrasiya məkanında Rusiyanın hegemon rolunun gücləndirilməsi başlıca siyasi hədəf olaraq görülür. Postsovet məkanında etnik münaqişələrin həlli, mədəni əlaqələrin gücləndirilməsi, vətəndaş cəmiyyətlərinin mövcud problemlərinin çözülməsi istiqamətində Rusiyanın inandırıcı şəkildə təsir gücünü artırmaq kimi mövzuların geniş təbliğata çevrilməsi üçün maliyyə vəsaitlərinin artırılması da təsdiq olunmuşdur. Bu siyasətin geniş mənada yayılması üçün Rusiyanın özündə Aleksey Martınov, diaspor səviyyəsində Dmitri Kondraşev, ekspertlər şurasında isə Valentina Falina Putinin ən yaxın köməkçiləri hesab olunurlar.

"Beynəlmiləl Rusiya" Beynəlxalq Hərəkatının "siyasi bürosu" da yaradılıb. Yuri Barançik (Belarus), Yoxan Bekman (Finlandiya), Nataliya Vitrenko və Leonid Qraç (Ukrayna), Modest Kolerov, Karlos Petrosyan, Tatyana Ploskova və Dmitri Yermolayev (Rusiya), Dmitri Klenski (Estoniya), Alfred Kruminış (Latviya), Kazimir Pliyev (Güney Osetiya), Yevgeni Şevçuk (Dnestryanı) və digərləri burada təmsil olunurlar.

Yaxın müddətdə "siyasi büro" üzvlərinin sayını 100-ə çatdırmaq üçün Azərbaycan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Türkmənistan, Moldova, Dağlıq Qarabağ, Tacikistan, eləcə də Şərqi Avropa ölkələrindən Slovakiya, Çexiya, Polşa, Makedoniya, Sloveniya, Serbiya, Rumıniya, Bolqarıstanın da bu strateji məkanda birləşməsi yönündə gərəkən addımlar atmaq qərara alınmışdır.

Beynəlxalq Komitə bu siyasəti modernləşmə adı altında həyata keçirmək ümidindədir. Bunun iqtisadi yüksəlişə gətirib çıxaracağı, bazar münasibətlərinin inteqrasiyasının bütün region dövlətlərinə böyük səmərə verəcəyi təbliğ edilir. Bu yöndə strateji məkana daxil olan dövlətlərin ekspertlərinin iştirakı ilə konfranslar keçirmək, KİV-lərdə bunun ictimai düşüncədə dərinləşməsinə nail olmaq kimi hədəflər qoyulmuşdur.

"Beynəlmiləl Rusiya" Beynəlxalq Hərəkatı "Rusiyanın tarixi ərazisində (çarlıq Rusiyası mənasında) çoxmillətli modern dövlət modelinin bütün xalqların sosial-iqtisadi həyatında müstəsna rol oynayacağını iddia edir. Bunun geniş şaxəli infrastruktura çevrilməsi yönündə siyasi və ictimai təşkilatlarla əlaqələrin dərinləşməsinə çalışacağını elan edib.

Qərb həmin Qərbdir

Biz belə görürük ki, əgər Avropa Şurası, Avropa Birliyi, eləcə də Avroatlantika Bloku Baltikyanı ölkələri çıxmaqla, inkişaf etmiş ölkələr sırasında yer almaq istəyən digər postsovet dövlətlərinə demokratiya dərsi verməkdənsə, demokratik proseslərin yanında yer alsaydılar, iqtisadi layihələrin inkişafında ortaq uzlaşmalara önəm versəydi, indi neoimperiya təşəbbüsləri bunca dirçəlməzdi.

Moldovanın qarşılaşdığı "Dnestryanı", Gürcüstanın "Abxaziya" və "Güney Osetiya" və Azərbaycanın "Dağlıq Qarabağ" tipli separatizm fəsadının həllində Qərbin fəal müdaxiləsi olsaydı, etnik bölücülük sindromlarından Rusiya və neoimperiya tərəfdarları bunca yararlanmazdılar.

Qərb zamanında özünün iqtisadi maraqlarını siyasi proseslərdən daha üstün hesab etdiyi üçün 1918-1920-ci illərdə qarşılaşdığı problemlərlə bu gün yenidən üz-üzə qalmaq zorundadır. 1918-1920-ci illərdə Qərb indi postsovet məkanı adlandırılan regionda yaranmış müstəqil ölkələrlə qarşılıqlı siyasi münasibətlərin dərinləşməsinə geopolitik mənada önəm versəydi, elə o vaxtdan Rusiya və Çin kimi feodalizm prinsiplərinə söykənən hegemonların qarşısını almaq daha asan olardı. 1920-1991-ci illər yaşanan ideoloji savaşlar əslində dünyanın inkişaf sürətinə, fərqli məcrada gəlişməsinə bunca sarsıdıcı zərbələrlə müşahidə olunmazdı.

Budur, yenidən neoimperiya maraqları nəinki gündəmə gəlib, hətta daha iddialı siyasət sərgiləyir. Ötən 50 ildə Qərb dövlətləri vahid inkişaf doktrinasına üz tutsa da, postsovet məkanı dağıldıqdan sonra yenidən özünün dövlət müstəqilliyini əldə edən xalqlarla əskilərdə olduğu kimi, özünün iqtisadi maraqları müstəvisində münasibət qurdu. Ötən müddət ərzində slavyan və türk xalqlarının ayrıca strateji mərkəz rolunu oynaya biləcək infrastrukturlarının dərinləşməsinə belə maneələr olundu. Avrasiya məkanında bu iki nəhəng etnosu hətta üz-üzə qoydular. Qərb indi keçmişdə qalan siyasətinin heç də uğurlu olmadığının heç fərqində belə deyil.

Bu yanlışlıqlardan indi Kreml öz məkrli və hiyləgər strategiyasının maraqları çərçivəsində yararlanmağa cəhd edir.



Rusiya özünü xilas etmək istəyir

Heç də sirr deyil ki, Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya dünya iqtisadi məkanında xammal ölkəsi olaraq qəbul edildi. Çünki onun sənayesi və iqtisadi infrastrukturları çağdaş standartlara cavab vermir. Digər tərəfdən isə iqtisadiyyatın modernləşməsinə maraq göstərilmədi. İri layihələrə yatırımlar qoyulmasına dövlət səviyyəsində cəhdlər edilmədi. Özünün təbii sərvətləri sayəsində büdcənin qorunması əsas strategiyaya çevrildi. Digər tərəfdən Rusiya sosial həyat tərzinə görə postsovet ölkələri arasında ən ağır dövrünü yaşamağa məcbur oldu.

İndi bütün bunlardan yaxa qurtarmaq üçün postsovet məkanını ələ keçirməklə, özünün iqtisadi qüdrətini gücləndirməyə çalışır. Xüsusilə MDB ölkələrində demokratik proseslərin dərin böhrana salınması taktikasından yararlanmaqla hədəflərinə nail olmaq iddiasındadır. Avrasiya məkanında azad iqtisadi siyasət doktrinasının başlıca mahiyyəti Rusiyanın mərkəziyyətçi rolunun artırılması, bu yöndə əsas gəlir vasitələrinin Moskvanın büdcəsinə axması hədəf kimi ortaya qoyulmuşdur.

Rusiya bütün bunlara paralel olaraq həm də öz ağır demoqrafik problemini həll etməyə çalışır. Çünki iqtisadi baxımdan Rusiyanın ən böyük bazara çevrilməsi, yandaş dövlətlərin isə iqtisadi baxımdan asılı olması, maliyyə və bank sektorunun Moskvada təmərküzləşməsi bu niyyətin təməl prinsipi hesab olunur.

Keçmiş SSRİ-də milli respublikaların iri maliyyə vəsaitləri məhz Moskvada mərkəzləşdirilmişdi. İri kapitala malik olan Rusiya bundan daha çox fayda götürürdü. Rus dilinin geniş coğrafi məkanda hegemonluğuna nail olmaqla, bunu həm də şüuraltı təfəkkür tərzinə çevirməklə, Avrasiya məkanında hegemonluğunu gücləndirmişdi. İndi də bu bir hədəf olaraq görülməkdədir.

İqtisadi, maliyyə, sosial və coğrafi məkanın rus düşüncə tərzinə bağlanılması cəhdi neoimperiya siyasətinin ilkin əlamətləridir. Rus iqtisadi məkanını yaratmaqla Rusiyanın xilası doktrinasının mahiyyəti buradan qaynaqlanır.

Sabiq imperiya metropoliyasının bugünkü dünya siyasətində yenidən öz hegemonluğuna dönmək iddiası Rusiyanın rəsmi dövlət siyasətinə çevrilməkdədir. Qərb demokratik proseslərə və dünyəviliyə "dördüncü" baxış bucağında yanaşmaqla daha böyük itkilərlə üzləşə bilər. Sömürgə siyasətinə hesablanmış yeni rejimlər yaratmaqla iqtisadi maraqlarını üstün saymaq - qloballaşan dünyada heç də effektiv sayıla bilməz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Separatizmi alovlandırmağa yeni cəhdlər

Bakının Putinə qarşı ilk demarşı...

2012-ci ildə Putin prezident olmayacaq

Ya əbədi demokratiya, ya əbədi totalitarizm

Quzey Qafqaz: tuneldə işıq görünmür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər