Ceyms Appaturay: "Müharibə başlasa, qalib olmayacaq"
 |
Xüsusi nümayəndə \"Ordunun Aynası\"na eksklüziv müsahibəsində NATO baş katibinin Azərbaycan prezidentini Brüsselə dəvət etdiyini bildirdi
Şənbə, 22.10.2011
|
|
Bu gün Azərbaycan - NATO əlaqələri mühüm ictimai maraq kəsb edir. Azərbaycan cəmiyyətində ölkənin NATO ilə əməkdaşlığına 3 əsas baxış var: birincilər ölkənin alyansa gələcək üzvlüyünü arzulayır, ikincilər alyans çərçivəsində götürülmüş islahatların tezliklə yerinə yetirilməsini istəyir və bu zaman NATO-ya üzvlüyün hədəf götürülməsinin tərəfdarı kimi çıxış etmirlər, üçüncülər isə Azərbaycanın NATO ilə əməkdaşlığının balanslı siyasət qaydalarına uyğunlaşdırılmasını istəyirlər. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın "Ordunun Aynası" əlavəsinə eksklüziv müsahibəsində bizi maraqlandıran bəzi suallara cavab almaq istədik.
- İlk növbədə siz öz işiniz barədə bizə bir az bilgi verə bilərsinizmi? Məqsədiniz və tapşırıqlarınız nədən ibarətdir? Xüsusi nümayəndə regionun və bütün dünyanın təhlükəsizliyi üçün hansı işləri görür?
- Bir ildən bir qədər əvvəl NATO baş katibi məni özünün Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi təyin etdi. Bu rolda mənim məqsədim NATO-nun bu iki region ölkələri ilə münasibətlərini genişləndirmək və irəli aparmaqdır. Bütün 8 ölkə neçə illərdir "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsinin ayrılmaz hissələridir. Həm də NATO-nun onlardan bir çoxu ilə əlaqələri kifayət qədər ciddi səviyyəyə qalxmışdı. Bugünkü təhlükəsizlik mühitində hesab edirəm ki, daha qarşılıqlı faydalı əməkdaşlıq üçün, siyasi cəhətdən genişləndirilmiş dialoq üçün kifayət qədər imkanlar var və mən məhz buna nail olmaq istəyirəm.
- NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının səviyyəsini və keyfiyyətini necə qiymətləndirirsiniz? Azərbaycanla NATO arasında İPAP-ın üçüncü mərhələsinə dair razılaşma nə zaman imzalana bilər? Necə fikirləşirsiniz, Azərbaycan İPAP-da əksini tapan öhdəlikləri bütünlüklə yerinə yetirmək imkanındadırmı? NATO baş katibinin Azərbaycana gələn ilin mayında gələcəyinə dair xəbər var...
- Cənubi Qafqazın üç ölkəsindən hər biri çox fərqlidir. Bu, həmçinin onların müvafiq təhlükəsizlik və müdafiə siyasətlərində özünü büruzə verir. Gürcüstan NATO üzvlüyünə can atır. NATO da öz tərəfindən Gürcüstanın alyans üzvü olacağına dair qərar qəbul edib. Gürcüstan bu gün gələcəkdə NATO-ya üzvlüyə hazırlıq da daxil olmaqla geniş diapazonda bütün sahələrdə islahatlara hədəflənib. Eyni zamanda, NATO Gürcüstanla NATO-Gürcüstan Komissiyası vasitəsilə imtiyazlı və intensiv dialoqu dəstəkləyir.
Azərbaycanla münasibətlərə gəldikdə isə, Fərdi Tərəfdaşlıq Planı (İPP) və ya Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində ümumi çərçivələr müəyyən olunur. İPAP hər bir dövlətin NATO ilə əməkdaşlıqda seçdiyi sahələr üzrə inkişaf etdirilir və müdafiə sferasındakı sahələr çoxluğunda praktik addımları ifadə edir, eləcə də demokratik standartlar və qanunun aliliyi kimi daha siyasi sferaları özünə daxil edir. Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) bir qayda olaraq hər iki ildən bir yenilənir. Hazırda biz Azərbaycanla bu məsələni həll etmək prosesindəyik və ümid edirəm ki, biz nəticəyə yaxınlaşırıq.
Mən Azərbaycanın İPAP-a daxil etdiyi məqsədləri qarşılayacağına şübhə etmirəm. Bu məqsədlər ambisiyalı ola bilər, amma onlar realistik olaraq qalırlar.
Qarşıda yüksək səviyyəli səfərlərə gəldikdə, NATO baş katibinin hələlik Azərbaycana səfər etməklə bağlı konkret planları yoxdur. Bununla belə, o, Azərbaycan prezidenti Əliyevi Brüsselə, Şimali Atlantika Şurası ilə görüşməyə dəvət edib. Mənim məlumatıma görə, bu görüş yaxın gələcəkdə baş tutacaq.
- Azərbaycanda bəzi ekspertlər, millət vəkilləri əmindirlər ki, bizim ölkəmiz təkcə bir ordu standartı deyil, müxtəlif ölkələrdə ordu quruculuğu təcrübəsinin müsbət məqamlarından istifadə etməlidir. Siz bu kimi yanaşmanı necə qiymətləndirirsiniz?
- Azərbaycanın müdafiə islahatı üzrə səylərinə gəldikdə, NATO Azərbaycana NATO müttəfiqləri və NATO tərəfdaşlarının yeni zəngin təcrübələrinə əsaslanan, NATO qərargahları tərəfindən toplanılmış və təhlil edilmiş öncül təcrübədən yararlanmağı təklif edir. Biz bunu Proseslərin Planlaşdırılması və Analizi (Planning and Review Process (PARP) adlandırırıq. Bu tam olaraq üzv dövlətlərlə NATO-nun müdafiə planlaşdırması prosesinə əsaslanır, amma onda iştirak tamamilə könüllülük əsasındadır. Azərbaycan 10 ildən artıqdır bu prosesdə iştirak edir və əhəmiyyətli irəliləyişə nail olunub. Amma bu proses inqilabi deyil, təkamül yoludur.
Əsas diqqət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taburunun və çevik taburunun inkişafına, müdafiə və təhlükəsizlik məsələlərində milli konsensusun inkişafı üzrə Azərbaycanın strateji sənədlərinin icmalına, eləcə də Müdafiə Nazirliyində daha çox mülki şəxslərin cəlb olunması səylərinə ayrılıb.
Təlimin həmçinin vacib rol oynaması NATO və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən tanınıb. Xüsusilə NATO ekspertləri və sizin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Kollecinin tələbələri və unter-zabitlər üçün təklif edilən bir sıra təlim kurslarını modernləşdirmək üçün birgə çalışırlar. NATO ekspertləri dil və müasir öyrənmə metodologiyaları baxımından Azərbaycan Silahlı Qüvvələrinə kömək edir. Bununla yanaşı, Azərbaycan keçmişdə Kosovoda və bu gün Əfqanıstanda NATO əməliyyatlarında iştirak etməklə əhəmiyyətli təcrübə əldə edib.
- NATO və Azərbaycan arasında minatəmizləmə fəaliyyəti üzrə əməkdaşlıq inkişaf edir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu yolda NATO-nun böyük tərəfdaşıdır. NATO-nun bu əməkdaşlıq üzrə hansı planları mövcuddur?
- Həqiqətən də NATO/PfP Trust Fund-un Saloğlu ərazisində Partlamamış Hərbi Sursatların (PHS) təmizlənməsi üzrə layihəsini NATO və Azərbaycan arasındakı uğurlu praktiki əməkdaşlığa yaxşı nümunə kimi göstərmək olar. Keçmiş Sovet İttifaqının suqutundan, Rusiya Silahlı Qüvvələri gedəndən sonra Cənubi Qafqazda nəhəng sovet döyüş sursatları anbarı partladı. PHS-lər geniş əraziyə yayıldı. Ötən illərdə tez-tez ölümlə nəticələnən bir sıra insidentlər baş verdi.
Əraziləri təmizləmə üzrə layihə 2005-ci ildə işə salındı və bu yaxınlarda başa çatdı. 570 hektar ərazi təmizləndi, 600.000-dən artıq PHS parçası zərərsizləşdirildi ki, bu öz növündə ən nəhəng layihələrdən hesab olunur. NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA - The NATO Maintenance and Supply Agency) ekspertizanı təmin etdi, NATO müttəfiqləri və tərəfdaşlar, o cümlədən Azərbaycan hökuməti maliyyələşməni (cəmi 3,1 milyon) təmin etdi və layihə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən həyata keçirildi. Layihə ANAMA-ya imkan verdi ki, nadir təcrübə yaratsın. ANAMA hazırda həmçinin Gürcüstanda müharibədən sonra qalmış partlayıcı qalıqların təmizlənməsi məqsədini güdən, iki ildir gerçəkləşdirilən Trust Fund layihəsi çərçivəsində gürcülərin təlim görməsi və imkanlarının qurulması üçün yardım göstərir.
Bundan əlavə, Saloğlu yaxınlığında Ceyrançöl ərazisindəki keçmiş sovet ordusunun yoxlama və təlim sahəsində minaların və PHS-lərin təmizlənməsi üçün yeni layihə inkişaf etdirilir. Bu layihə çərçivəsində daha 19 kvadratkilometr ərazini təmizləmək nəzərdə tutulur.
- NATO ötən il yeni Strateji Konsepsiyasını təsdiq etdi. İnformasiya vardı ki, tərəfdaş ölkələr qərar qəbulu prosesində iştirak edəcəklər. Bu barədə nə düşünürsünüz? Azərbaycan yaxın zamanlarda bu prosesdə iştirak edəcəkmi?
- Son 10 il ərzində Azərbaycan NATO əməliyyatlarına ciddi töhfə verib və bu, alyans tərəfindən yüksək qiymətləndirilir. Əməliyyat tərəfdaşları (Azərbaycan kimi NATO rəhbərliyi altında aparılan əməliyyatlara töhfə verən ölkələr) 90-cı illərin sonlarından bəri bu əməliyyatlar üçün qərarları formalaşdırmaqda işə cəlb edilmişlər. Bu o prinsipə əsaslanıb ki, əgər siz əməliyyat riskini bölüşürsünüzsə, siz qərarların qəbul olunmasında da öz sözünüzü demək hüququna malik olmalısınız. NATO əməliyyatları üçün yeni siyasi hərbi çərçivəni qəbul etmək vasitəsilə son aylarda biz bu təcrübəni nəzərdən keçirmiş və formalaşdırmışıq. Bu çərçivə təkcə qərar qəbuletmə prosesində deyil, həmçinin planlaşdırma və əmrlərin razılaşdırılmasında əməliyyat tərəfdaşlarının struktur rolunu aydınlaşdırır.
- Nəyə görə NATO-nun postsovet məkanındakı münaqişələrin nizamlanmasındakı rolu hazırda bu qədər məhduddur? NATO təmsilçisi olaraq Cənubi Qafqazdakı münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllini necə görürsünüz? Rəsmi Bakı münaqişənin nizamlanmasının hərbi yolunu istisna etmir. Necə düşünürsünüz, müharibə regionda hansı nəticələrə gətirib çıxarar?
- Cənubi Qafqazda və Moldovada uzunmüddətli münaqişələrin saxlanılması böyük narahatlıq predmeti olaraq qalmaqda davam edir. Humanitar əzablara əlavə olaraq bu vəziyyət mütəşəkkil cinayətkarlığa və qaçaqmalçılığa səbəb olur, bunlar fövqəladə millətçilik ifadələrini qidalandırır və iqtisadi inkişafa maneçilik törədərək bütövlükdə qeyri-müəyyənlik yaradır.
NATO əmindir ki, hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə burada hərbi, iqtisadi və ya siyasi baxımdan qalib olmayacaq. Həqiqətdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması təkcə Azərbaycan və Ermənistana deyil, bütöv regiona fayda gətirərdi. Bununla belə biz NATO-nun ayrıca rolunu görmürük. NATO Minsk Qrupunun səylərini dəstəkləyir. Bununla yanaşı, bizim səylərimiz müttəfiqlər və tərəfdaşlar arasında aktiv dialoqun davam etdirilməsinə və əməkdaşlıq nəticəsində beynəlxalq təhlükəsizliyə təsir etməyə yönəlib.
- NATO və Rusiya arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- NATO-Rusiya münasibətlərinin iqlimi 2010-cu ilin noyabrındakı Rusiya-NATO sammiti nəticəsində xeyli dərəcədə yaxşılaşdı. Bu, uzun dövr ərzində ilk sammit idi. Sonra biz həqiqi strateji tərəfdaşlıq istiqamətində işləməyi razılaşdırdıq. Bu o anlamı verməməlidir ki, biz bütün fikir müxtəlifliyini yoluna qoyduq, lakin bizi ayıran mövzular da daxil olmaqla bütün məsələləri müzakirə etmək üçün biz mövcud strukturlardan istifadə etmək istəyirik. Misal üçün, NATO müttəfiqləri Gürcüstanın ərazi bütövlüyünə öz dəstəklərini göstərməkdə davam edirlər.
Mahiyyətcə, mən güman edirəm ki, NATO və Rusiya xeyli oxşar təhlükəsizlik çağırışları ilə üzləşir və bu baxımdan əməkdaşlıq üçün kifayət qədər imkanlar mövcuddur: məsələn, Əfqanıstanda təhlükəsizlik kimi məsələləri, terrorizm də daxil olmaqla yeni təhlükəsizlik çağırışları və ya raket hücumundan müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri düşünmək olar...
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
"Azərbaycan bayrağı İst-river sahilində"
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
|
|
|