Orduda itkilər niyə artır?
 |
Ekspertlər təxirəsalınmaz tədbirləri vacib hesab edirlər
Şənbə, 22.10.2011
|
|
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Mətbuatda əksini tapan məlumatlara istinadən, adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 82 nəfər təşkil edib. Ötən müddətdə 84 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 12 nəfər (11 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 70 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 11 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması və s.), 12 nəfər avtoqəzadan, 9 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən həyatını itirib. 12 nəfərsə intihar edib. Həyatını itirənlərin 75-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.
Eyni zamanda müxtəlif informasiyalara uyğun olaraq ordudakı bir sıra əlavə itkilərin (sayı 10-a qədər) baş verdiyi bildirilir. Hazırda "Doktrina" JHAM ekspertləri tərəfindən bu məsələ araşdırılır.
Məlumatlar təsdiq olunacağı təqdirdə onlar ictimaiyyətə təqdim olunacaq. Yaralılara gəldikdə, 11 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 7 nəfər bədbəxt hadisələrdən, 20 nəfər erməni gülləsindən, 3 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 2-si Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 71-i isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
"Doktrina" JHAM "Ordunun Aynası"na bildirir ki, 2011-ci ilin sonunda 2003-2011-ci illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin və yaralıların ümumi sayına dair konfrans keçiriləcək və onların adlı siyahısı ictimaiyyətə təqdim olunacaq. Burada söhbət min nəfərə yaxın hərbi qulluqçunun adının açıqlanmasından gedir. Hazırda tədbirlə bağlı Facebook sosial şəbəkəsində aksiya keçirilir. Bu illərdə orduda itkilərə və yaralılara dair mətbuatda dərc olunmamış informasiyaya malik olanlardan həmin məlumatı doktrina.jham@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Ümumilikdə isə 2003-2010-cu illərdə Azərbaycan SQ ən azı 465 hərbi qulluqçusunu itirib. Onun 157 nəfəri döyüş (131 nəfəri erməni gülləsi, 22 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 308 nəfəri isə qeyri-döyüş (58 nəfər intihar, 60 nəfər qəza, 101 nəfər qeyri-nizamnamə hərəkətləri, 41 nəfər bədbəxt hadisələr, 21 nəfər müəmmalı və naməlum hadisələr, 26 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. 2003-cü ildən bəri bu və digər səbəbdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 376 nəfərdən çoxdur.
MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirdi ki, hər bir əsgərin həyatının xidmət zamanı itirilməsi cəmiyyəti, bütün milləti ağrıdır:
"Parlament üzvü kimi dərin təəssüf, narahatlıq hissi keçirməklə yanaşı, eyni zamanda düşünürəm: hansı addımlar atılmalıdır ki, orduda yaşanan hər hansı problemin cəmiyyətdə inikası böyük bir milli hüznə çevrilməsin, bizi ruhdan salmasın".
Z.Orucun sözlərinə görə, bu yöndə bir sıra tədbirlərin həyata keçirilməsinə zərurət var:
"Xüsusilə də ön cəbhədə xidmət edənlərin 3 aydan bir əvəzlənməsindən tutmuş, onların rotasiyasının aparılmasından başlayaraq daha böyük xarakterli məsələləri biz irəli sürə bilərik.
Həmçinin baş vermiş neqativlərə qarşı müvafiq hüquq-mühafizə orqanlarının tədbirləri cəmiyyətə təqdim olunmalıdır. Kimsə düşünməməlidir ki, bunlar üzərində məxfi qrif qoymaqla, yaxud dövlət sirri xarakteri verməklə cəmiyyət bundan fayda götürəcək. Yaxud guya düşmən bunu bizim əleyhimizə çevirəcək, bununla da biz mənəvi-psixoloji müharibədə mövqelərimizi əldən verəcəyik. Əksinə, cəmiyyətin hər hansı problemini dözümlə qarşılamaq olar, amma ordudakı məsələyə işıq salmaqla, problemin üzərinə getməklə, onu ictimailəşdirməklə və bu məcrada problemi ortadan qaldırmaqla Azərbaycanın milli gücü daha da artardı".
Əlbəttə, itkilərin ən böyük baiskarı ilk növbədə Ermənistandır və itkilərin müəyyən hissəsini döyüş itkiləri təşkil edir və bu atəşkəsin nə qədər kövrək xarakter daşıdığını sübut edir. Bizi təəssüfləndirən, ən çox narahat edən qeyri-döyüş itkiləridir. Bu statistikanı gizlətməklə, onun üzərinə başqa yanaşmalar etməklə, ayrı-ayrı xəbər mənbələrini hansısa qərəzdə ittiham etməklə məsələ həll olunmayacaq. Çünki bilirik ki, özəl münasibətlərə, əsgərə maddi maraq bucağından yanaşmalara dair faktlar var. O ağır mənəvi-psixoloji durumda bu proseslərin hədəfi olan əsgər və ya zabit başqa kriminal xarakterli addımlar atmağa məcbur olur. Ona görə də ordunun mənəvi-psixoloji durumu ən birinci yerdə dayanan məsələdir. Əlbəttə, Avropa ordusunda da, Amerika ordusunda da ən müxtəlif xarakterli problemlər mövcuddur. Olsun ki, bizimkindən müəyyən mənada fərqlənir. Amma onlar bunu ictimai gündəmə çıxarırlar və milli fokusda, baxış hədəfində onu aradan qaldırırlar.
Z.Orucun fikrincə, qarşıdakı dövr üçün bu itkilərin minimuma endirilməsi yönündə ordu rəhbərliyi çalışmalar ortaya qoymalıdır. O deyir:
"Müdafiə Nazirliyi daxil olmaqla bütün güc strukturları rəhbərliyinin mütəmadi olaraq hərbi hissələri ziyarət etməsi, problemlərlə yerində tanış olması, ciddi intizam tədbirlərinin həyata keçirilməsi, nizamnamə münasibətlərinə hamının cəlb olunması kimi addımları vacibdir".
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərlinin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində itkilərin sayının bu qədər artmasının bir sıra səbəbləri mövcuddur. Ekspert bunları ordudaxili və ordudankənar səbəblərə bölür. Ordudankənar səbəblər içərisində Ermənistan - Azərbaycan arasında mövcud müharibənin davam etməsi və bu istiqamətdə qeyri-müəyyən perspektivlərin mövcud olması, "səngər xəstəliyi", cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması, cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən müdafiə və təhlükəsizlik sektorunun qayğılarına laqeydlik göstərilməsi, ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması və s. göstərilə bilər.
Ordudaxili problemlərə isə Silahlı Qüvvələrin modernləşdirilməsi və NATO standartlarına keçidində qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması, hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq, bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi (hərbi qulluqçuların məvacibləri aşağı olaraq qalır), müdafiə xərcləri sosial yönümlü deyil, yəni məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunmaması, orduda xidmət yükünün bərabər paylaşdırılmaması, hərbi qulluqçular arasında tabeçilik münasibətlərində problemlərin ortaya çıxması, baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmaması və s. daxildir.
İtkiləri aradan qaldırmaq üçün hansı vacib addımlar atılmalıdır?
Y.Cəfərli bildirdi ki, bir sıra təxirəsalınmaz addımlara ehtiyac var. Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpası, mənzil təminatı, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun orduda cinayət hallarının aradan qaldırılmasında şəffaf fəaliyyəti, baş verən neqativ və cinayət hadisələri ilə əlaqədar təxirəsalınmaz araşdırmaların aparılması və nəticələrin ictimaiyyətə açıqlanması, hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiqi, cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsimində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizm hazırlanması və tətbiqi və s. vacibdir.
"Doktrina" JHAM ekspertlərinin fikrincə, müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası güc strukturları rəhbərlərinin bir sıra addımlar atmasını zəruri edir. İlk növbədə güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır:
"Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri artırılmalı, güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik edilməli, KİV əməkdaşlarının və cəmiyyətin informasiya təminatında irəliləyişə nail olunması üçün islahatlar keçirilməli, güc strukturlarında baş vermiş insan itkiləri, onların əsl səbəbləri nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də "dedovşina"lığın kökünün kəsilməsində təxirəsalınmaz addımlar atılmalıdır", - deyə "Doktrina" ekspertləri hesab edirlər.
Onların fikrincə, Müdafiə Nazirliyi rəhbərliyinin və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmalıdır, orduda idarəetmə təkmilləşdirilməli, SQ Baş Qərargahı ilə MN aparatı arasında səlahiyyət bölgüləri dəqiqləşdirilməlidir.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Orduda itkilər artır
Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Orduda ruhani təsisatı ideyası?
Orduda 2 nəfər həlak oldu
|
|
|