"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda çalışan vətəndaşların sosial rifahını gücləndirmək yönündə qanunvericilik təklifləri hazırlayıb. Bu təkliflərin maraqlı olacağını əsas gətirərək onların davamını qısa ixtisarlarla oxucularımıza təqdim edirik.
(əvvəli ötən sayımızda)
7. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci və 13-cü maddələrinin b) və v) bəndlərində "12 il 6 ayını hərbi xidmətdə" söz birləşməsi "10 il hərbi xidmətdə" ifadə ilə əvəz edilsin";
14-cü maddədə "minimum əməkhaqqının 50 faizi" söz birləşməsi "orta əməkhaqqının 150 faizi" ilə əvəz edilsin;
- 15-ci maddənin b) bəndində "minimum pensiyanın 50 faizi" söz birləşməsində "50" rəqəmi "75"-lə əvəz edilsin;
- 19-cu maddənin a) bəndində "yara, kontuziya və ya zədə nəticəsində" söz birləşməsinə "xəstəlik" sözü əlavə edilərək, belə yazılsın: "yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində";
- 21-ci maddənin a) bəndində "minimum pensiyanın" söz birləşməsi "orta pensiyanın" söz birləşməsi ilə əvəz edilsin; b) bəndində isə pensiyanın "50" faizi sözü "75" sözü ilə əvəz edilsin;
- 23-cü maddənin a) və v) bəndlərində "50" faizi sözü, "75" faizi sözü ilə əvəz edilsin;
- 354-cü maddəənin 2-ci və 3-cü abzaslarında "minimum" sözləri "orta" ilə əvəz edilsin;
Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə Dövlət Proqramı hazırlanıb ictimai müzakirəyə təqdim olunmalıdır. Şəhid olmuş, itkin, əsir və girov düşmüş qulluqçuların ailələrinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə qısa müddətdə Dövlət Proqramı hazırlanıb qəbul edilməlidir. Silahlı münaqişələrin və hərbi işğalın nəticələrinə qarşı mülki vətəndaşların və onların əmlaklarının dövlət tərəfindən məcburi sığortasına dair qanun qəbul olunmalıdır.
Mənzil təminatı.
1. Hərbi qulluqçuların daimi yaşayış sahəsi ilə təmin olunması probleminin aradan qaldırılması üçün təklif edirik:
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına aşağıdakı redaksiyada müddəa əlavə edilsin:
"İcra hakimiyyəti orqanları tərəfindən bu hüquqların təmin edilməsi mümkün olmadıqda yaşadıqları xidməti mənzillər (qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) həmin hərbi qulluqçuların şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir".
2. Ehtiyatda olan hərbçilərin mənzillə təmin olunma probleminin həlli üçün təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə həmin bəndin 3-cü abzasının "ən geci 6 ay keçənədək təmin edirlər" sözlərindən sonra aşağıdakı redaksiyada müddəa əlavə edilsin:
"Bu öhdəliklər yerinə yetirilmədikdə yaşadıqları xidməti mənzillər (qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) həmin hərbi qulluqçuların şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir".
3. Həlak olan (ölən) hərbi qulluqçuların ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:
"Həlak olmuş (ölmüş) hərbi qulluqçuların dəfn mərasimi üçün xərclər tam şəkildə dövlət hesabına ödənilir. Bundan başqa, şəhid olmuş hərbi qulluqçuların dəfn mərasimi Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş xüsusi qaydalara uyğun olaraq həyata keçirilir".
4. Ərzaq və əşya əmlakı üçün pul kompensasiyası normalarının dolanacaq xərclərinin indeksinə uyğun olaraq dəyişdirilməsi probleminin qəti şəkildə həlli üçün təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə "Nazirlər Kabineti" sözlərindən sonra "bir aydan gec olmayaraq" sözləri əlavə edilsin.
5. Müddətli xidmət hərbi qulluqçularının ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü bəndinə aşağıdakı redaksiyada yeni müddəa əlavə edilsin: "Bundan başqa müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının himayəsində olanların hər birinə (ailəsində adambaşına düşən gəlirdən asılı olmayaraq) minimum əməkhaqqı məbləğində aylıq pul müavinəti verilir".
6. Hərbi qulluqçulara mənzil kirayəsi üçün verilən pul kompensasiyasının həcminin real qiymətlərə uyğunlaşdırılması üçün təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə aşağıdakı redaksiyada yeni müddəa əlavə edilsin:
"Azərbaycan Respublikası Nazirlər Kabineti kirayə üçün verilən pul kompensasiyalarının məbləğini ildə bir dəfədən gec olmayaraq yenidən nəzərdən keçirib müvafiq qərar qəbul edir".
7. Zabit və gizirlərin həbs edilməsinin BMT İnsan Hüququları Bəyannaməsinin 6-cı maddəsində nəzərdə tutulan mühakimə hüququ prinsipinə və Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə təklif edirik:
- Azərbaycan Respublikası SQ-nin İntizam Nizamnaməsinin 63-cü maddəsinin b bəndinin 1-ci və 2-ci abzaslarında, 64-cü, 65-ci, 71-ci və 72-ci maddələrinin b bəndlərində, 73 və 74-cü maddələrinin 1-ci hissələrinin b bəndlərində "həbs etmək" sözlərindən sonra "barəsində məhkəmə qarşısında vəsatət qaldırmaq" sözləri əlavə edilsin.
Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin daimi sosial rifahı, itkin, əsir və girov düşmüş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif edirik:
1.
"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq "həlak olduqda (vəfat etdikdə)" sözlərindən sonra "itkin, əsir və girov düşdükdə" sözləri, 6-cı bəndinə isə "Həlak olmuş (vəfat etmiş)" sözlərindən sonra "itkin, əsir və girov düşmüş" sözləri əlavə edilsin.
2. Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə qısa müddətdə Dövlət Proqramı hazırlanıb təsdiq olunsun;
3. Müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məqsədi ilə Dövlət Proqramı hazırlanıb ictimai müzakirəyə təqdim edilsin;
4. Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvləri ilə iş üzrə müvafiq dövlət komitəsi, parlament komissiyası, insan haqları üzrə müvəkkilin aparatında isə xüsusi vəzifə yaradılsın;
5. Güzəşt və imtiyazların hamıya bərabər şəkildə şamil edilməsi prinsipindən imtina edilsin. Güzəşt və imtiyazların şamil edilməsinə görə 1-ci şəhid ailələri, 2-ci itkin, əsir və girov düşmüş vətəndaşların ailələri, 3-cü müharibə əlilləri, 4-cü Qarabağ veteranları, 5-ci Böyük Vətən müharibəsi veteranları, 6-cı Əfqanıstan və digər xarici dövlətlərin ərazisində aparılmış müharibələrin veteranları və s. bu kimi kateqoriyaya bölünmə prinsipinin tətbiqi daha məqsədəuyğun olardı.
6. Qarabağ veteranlarının uçotu dəqiqləşdirilsin, saxtakarlıq yolu ilə verilmiş vəsiqələr ləğv edilsin, döyüşən hərbi hissələrin tərkibində xidmətə görə veteran adları almış şəxslərlə döyüş bölgəsinə ezamiyyətə getdiyinə görə veteran adı almış şəxslər dəqiq müəyyənləşdirilsin və onların uçotu ayrı-ayrılıqda aparılsın. Onlara verilən güzəşt və imtiyazlar da bir-birindən fərqlənməlidir.
7. Şəhid adları verilmiş şəxslərin uçotunun dəqiqləşdirilməsinə və onların xatirələrinin əbədiləşdirilməsi mexanizmini təftiş etməyə də ehtiyac var.
8. Qarabağ veteranları məsələsində xüsusi yanaşma olmalıdır. 1-ci variant: Müharibə bitmədiyi üçün "Müharibə veteranı" anlayışı əvəzinə "Müharibə iştirakçısı" anlayışından istifadə olunsun. Güzəşt və imtiyazlar yalnız müharibə əlillərinə və müxtəlif kontuziya, xəsarət almış və ciddi xəstəliklər keçirmiş şəxslərə şamil edilsin. Belə şəxslərin sayı az olduğu üçün güzəşt və imtiyazların çəkisi də sanballı olar. 2-ci variant: Müharibə bitmədiyi üçün "Müharibə veteranı" anlayışı əvəzinə "Müharibə iştirakçısı" anlayışından istifadə olunsun. Bu halda müharibədə iştirak səviyyəsindən və müddətindən asılı olaraq vətəndaşları bir neçə kateqoriyaya bölmək və hər kateqoriyaya bir-birindən fərqlənən müxtəlif güzəşt və imtiyazları şamil etmək olar. 3-cü variant: "Müharibə veteranı" anlayışından (hazırda olduğu kimi) istifadə olunsun. Bu halda da müharibədə iştirak səviyyəsindən və müddətindən asılı olaraq vətəndaşları bir neçə kateqoriyaya bölmək və hər bir kateqoriyaya bir-birindən fərqlənən müxtəlif güzəşt və imtiyazlar şamil etmək olar.
9. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər fərariliyə görə "Veteran" statusundan məhrum edildiyi üçün müharibə gedən dövrdə qeyri-qanuni yollarla hərbi xidmətdən boyun qaçırmış şəxslər də həm hüquqi məsuliyyətə cəlb olunmalı, həm də ictimai qınağa məruz qalmalıdır.
10. Aydınlaşdırılmalıdır: indi döyüş bölgəsində həlak olanlara şəhid statusu verilir, amma döyüş bölgəsində xidmət edənlərə, hətta yaralanan, kontuziya və xəsarət alanlara belə müharibə veteranı adı niyə verilmir?
Şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin daimi yaşayış sahəsi ilə təminolunma probleminin nisbətən həll olunması məqsədilə təklif edirik:
Azərbaycan Respublikasının müvafiq qanunlarına aşağıdakı redaksiyada müddəalar əlavə edilsin:
- Yaşadıqları xidməti mənzillər (qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdən başqa) şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinin, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinin şəxsi mülkiyyətinə verilir və ya onların arzusu ilə növbəti 3 ay ərzində həmin şəxslərə yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən müvafiq həcmdə pul kompensasiyası ödənilir. Qapalı hərbi şəhərciklərdə yerləşən xidməti mənzillərdə yaşayanlara isə növbəti 3 ay ərzində yaşayış sahəsi əvəzinə dövlət büdcəsindən pul kompensasiyası ödənilir".
- Yaşayış sahəsi olmayan, şəhid olmuş, itkin, əsir və girov düşmüş vətəndaşların ailələrinə, müharibə əlilləri, veteranları və onların ailə üzvlərinə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. İtkin, əsir və girov düşmüş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif edirik:
- "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 21-ci maddəsinin 5-ci bəndinə "həlak olduqda (vəfat etdikdə)" sözlərindən sonra "itkin, əsir və girov düşdükdə" sözləri, 6-cı bəndinə isə "Həlak olmuş (vəfat etmiş)" sözlərindən sonra "itkin, əsir və girov düşmüş" sözləri əlavə edilsin.