İsfahan əyalətində 4 kişi barəsində edam hökmü çıxarılıb. Onlar qrup halında zorlamada təqsirli biliniblər. Bu cinayəti törətmiş 9 nəfərdən 3-ü 50-75 şallaq zərbəsi vurulmaqla yanaşı, 5 ildən 15 ilədək azadlıqdan məhrum edilib.
İsfahanda xalq arasında "qoca tülkü" adlanan bu İslam Respublikası vətəndaşı 37 qadın və qızı zorlamaqda ittiham olunub. Hökm İsfahanda icra olunub. Bu haqda şəhər prokuroru Məhəmmədrza Həbibi ölkə informasiya vasitələrinə məlumat verib. Məlumata əsasən, "qoca tülkü" özünü polis, vəkil, humanitar təşkilatın nümayəndəsi, vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşların mənzilinə girib, evdə qadın və qızların tək olduğunu müəyyənləşdirəndən sonra zorlayırmış. Yaşadığı mənzildə aparılan yoxlama zamanı "qoca tülkü"nün evindən cinayətlər zamanı çəkdiyi 100 saatlıq film müsadirə edilib.
Ötən həftə ərzində İranda ümumilikdə 30-a yaxın edam hökmü icra edildiyi bəlli olub.
Yeri gəlmişkən, kriminal xəbərlərdə dini azlıqlara aid vətəndaşların da adı keçir. Həbsə alınmış bəhai ər-arvad Kamran Rəhimian və Faran Hesaminin vəziyyəti naməlumdur. Virtual Bəhai Universitetinin müəllimləri olan ər-arvad digər müəllimlər Şəkib Nəsrulla və Keyvan Rəhimianla birlikdə sentyabrın 15-də tutulublar. Şəkib Nəsrulla və Keyvan Rəhimian bu il sentyabrın 22-də mülk girovu qarşılığında azadlığa buraxılsalar da, bəhai ər-arvad hələ də həbsdə saxlanır.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, İranda 300 min bəhai yaşayır. Amma İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bəri bu ölkədə 200-dən çox bəhai edam olunub.
İslamı xristianlığa dəyişdiyinə görə ölümə məhkum edilmiş 33 yaşlı gənc keşiş Yusif Nadirxaninin "işi" İranın ali rəhbəri ayətullah Xamneyiyə göndərilib. Yerli informasiya vasitələrinin məlumatına əsasən, Yusif Nadirxaninin vəkili Məhəmmədəli Dadxah "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında deyib ki, Nadirxani tövbədən imtina edib özünü müdafiə etdikdən sonra məhkəmə belə qərara gəldi ki, din alimlərinin islamı tərk edənlərin hökmü ilə bağlı fikirlərini nəzərə alaraq onun işini ali rəhbər Xamneyiyə göndərsin və onun rəyini öyrənsin".
Gilan əyalət başçısının müavini Qulamrza Rizvani bildirib ki, Nadirxani "satqın və sionist casusdur, onun fəaliyyəti İslam Respublikasının dövlət təhlükəsizliyinə təhlükə yaradıb". "Dini dəyişməyə görə edam edilmir, odur ki, bu məsələnin önəmi yoxdur"deyə müavin iddia edib.
Barəsində edam hökmü çıxarılmış keşiş Yusif Nadirxaninin yenidən "müsəlman olmaqdan" imtina etdiyini "Cüristian Solidarity Worldwide" ("Dünya xristian həmrəyli") də təsdiq edir. İran Ali Məhkəməsi bildirmişdi ki, Nadirxani yenidən müsəlman olacağı halda hökm ləğv ediləcək.
Xatırladaq ki, 2009-cu ilin oktyarbrında İran İnqilab Məhkəməsinin Rəşt şöbəsi 33 yaşlı protestant keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, "mürtədlikdə" və "müsəlmanlar arasında xristianlığı təbliğdə" suçlanırdı.
|