"Başqa dilim, elim vardır mənim"
 |
Doktor Zehtabinin şeirlər kitabı Bakıda çapdan çıxdı
Şənbə, 22.10.2011
|
|
Ötən həftə 88 yaşı tamam olan doktor Məhəmmədtağı Zehtabinin "Başqa dilim, elim vardır mənim" adlı şeirlər kitabı çapdan çıxdı. Bu, onun bu tayda işıq üzü görən ilk kitabı idi. Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün və şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Elmi redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədov, rəyçilər - filologiya elmləri doktoru Sabir Nəbioğlu, filologiya elmləri doktoru Rəhim Əliyev, Yədulla Nəminlidir (Kənani).
Pərvanə Məmmədli daha çox tarixçi və türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabini oxuculara həm də şair kimi tanıtdırır. Kitaba ədibin vətəndən ayrı düşdüyü illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illər arası Aşqabad, Bakı, Berlin, Bağdadda yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb. Şeirlər tarixi xronologiyada sıralanıb. Pərvanə Məmmədli tərəfindən yazılan ön söz və çətin anlaşılan sözlərin izah və şərhi oxucuya bələdçilik edir.
Məhəmmədtağı Zehtabi 13 oktyabr 1923-cü ildə Şəbüstərdə doğulub. Bir az kənd məktəbində oxuyub, iki ildən sonra təhsilini Təbrizdə davam etdirib. Təbrizdə əvvəl "Füyuzat", sonra isə "Firdövsi" adına məktəbin ədəbi şöbəsini bitirib, müəllimlik etsə də, ali təhsil almaq fikrindən daşınmır.
M.Zehtabi Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə və katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı öyrənir. Beləliklə, ana dili ilə yanaşı fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə türk dilində nəşr olunan "Azərbaycan" qəzetində məqalə və şeirlərlə çıxış edir. Sonralar o günləri xatırlayıb yazırdı:
"1945-ci (1324) il gəldi. "Azərbaycan" qəzeti yenə də nəşrə başladı. Bu qəzetlə tanışlıq məni ayrılmaz şəkildə ana dilimə bağladı.
Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf və arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim və dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daxil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çabaladımsa, hamısı üzümə bağlı oldu". 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə "Dünya ədəbiyyatı" mövzusunda oxuduğu mühazirələri dinləyir.
Milli Hökumətin qan içində boğulmasından sonra ilk sırada Təbriz Universiteti də qapadılır. M.Zehtabinin həmin faciəvi günlərdə qələmə aldığı məşhur "Sən osan, mən də buyam" şeiri rejimin ana dilində təhsilə, nəşriyyələrə və danışığa qoyduğu yasağa qarşı etiraz səsi idi:
Su deyibdir mənə əvvəldə anam,
"ab" ki yox.
Yuxu öyrətdi uşaqlıqda mənə,
"xab" ki yox.
İlk dəfə ki çörək verdi mənə,
"nan" demədi.
Əzəlində mənə duzdanə
"nəməkdan" demədi.
Anam "əxtər" deməyibdir mənə,
ulduz deyib o.
Su donanda deməyibdir "yəxdi" bala,
buz deyib o. ..
Bəli, daş yağsa da göydən,
sən osan, mən də buyam.
Var sənin başqa anan,
vardı mənim başqa anam.
Özümə məxsus olan başqa
elim vardı mənim.
Elimə məxsus olan başqa
dilim vardı mənim.
İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi bir çox maddi və digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına - Sovet Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur, o, universitetə yox, həbs düşərgəsinə düşür. Sərhədi pozduğuna görə uzaq Sibirə göndərilir. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşamalı olur... 1969-cu ildə M. Zehtabi İraqa sığınmaq və Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. Bağdad Universitetində həvəslə qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdiyi əsərlər əsasında universitetin elmi şurası tərəfindən ona professor adı verilir. İraqda işlədiyi vaxtlar Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür və həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor "İran türklərinin sərfi" (morfologiyası - P.M.) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. Sonra bu kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarının ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunub... Sonralar doğulub, boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini, eləcə də ərəb dilini tədris edir. Otuz ildən sonra xalqının içində olmaq onun üçün çox böyük bir xoşbəxtlik idi. M.Zehtabi Berlində nəşr etdirdiyi "İran türklərinin sərfi" kitabını tədris etməkdən ruhlanaraq və universitetdə tədris zamanı yüzlərlə gəncin ana dilini öyrənib mənimsəməyə can atdıqlarını, bu sahədə mənbə və ədəbiyyat qıtlığını nəzərə alıb "Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası", "Ana dilimizi öyrənək" adlı kitablarını yazır.
Təbrizə 1979-cu il qayıdışından sonra Zehtabi öz elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir. Təbrizdə dostları ilə birlikdə "Azərbaycan mədəniyyət ocağı"nı qurur. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək xalqımızın ədəbiyyat və keçmiş tarixini tanıtdırmışdır. Bu ocaq indi də doktorun sağlığında olduğu kimi fəaliyyətini davam etdirir.
Şah devrildikdən sonrakı ilk illərdə yerli aydınlar tərəfindən Azərbaycan türkcəsini tədris edən kurslar açılırdı. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında M.Zehtabinin də böyük rolu olmuşdur. Professor Zehtabi İran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olmuş və çoxlu müəllim yetişdirmişdir. Onun "Ana dilimizi necə yazaq" kitabçasında dilin səs qanunları, ahəng qanunu açıqlanmış, bu kitabça əlifbanı düzgün yazıb, oxumaqda gənclərə bir mənbə olmuşdur. Sonralar Güneydə orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalanmışlar.
Alim dilçiliklə yanaşı türk ədəbiyyatı ilə də məşğul olur. Onun "İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı","Əruzun türk folklorundakı izləri" kimi silsilə yazıları ümumtürk ədəbiyyatına dair dəyərli yazılardır. Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. Dərin ədəbi zövqə malik olan şairin qələmindən onlarca gözəl şeirlər çıxıb: "Çerik əfsanəsi","Pərvanənin sərgüzəşti", "Bəxti yatmış", "Bağban Eloğlu", "Bəzz qalasında", "Mişovun əfsanələri", "Qoy olsun on", "Həstiye nəsim" (farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunmuşdur. "Türkcəm mənim, səs bayrağım","Sara və Mahmud " isə onun Təbrizdə çap olunmuş son kitablarıdır. Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərci və Hüseyn Güneyli, Behzad Azərmi kimi fədakar aydınlar tərəfindən nəşr olunub. Onların birincisində vətəndən uzaq düşdüyü illərdə yazdığı şeirləri toplanıb. "Sara və Mahmud"da isə ədibin eyniadlı pyesi və "Məlikməmməd" poeması verilib.
Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən doktor M.Zehtabi 1998-ci ilin dekabrında ürək tutmasından (bir qədər müəmmalı şəkildə) vəfat edib. Doğulub boy atdığı Şəbüstərdə dəfn olunub.
|
|
|
Oxşar xəbərlər:
Dünya ədəbiyyatından 6 kitabın təqdimatı
Bahar təravətli şeirlər dünyası
Ramiz Rövşən: "Nə qədər şeirimi yandırmışam"
"XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər"
"Böyük Dördlük" azərbaycanca təqdim olundu
|
|
|