Dağıstanda Nadir şaha qarşı abidə qoyulub
 |
Gülünc təşəxxüsün xumarı
Şənbə, 15.10.2011
Ənvər BÖRÜSOY Bakı - Novolak - Bakı |
mətn ölçüsü |
|
|
|
Azərbaycan türklərinin tarixində sonuncu ən böyük imperator və fateh, tarix səhnəsinə qüdrətli bir imperiya gətirən Nadir şah Avşarın əleyhinə Dağıstanın Novolak rayonu Qazi Qumlax kəndində sentyabrın 14-də bir memorial kompleksin açılışı olub. Guya bu əfsanəvi komandan və hökmdar 1741-ci ildə, yəni 270 il öncə sonuncu dəfə Dağıstanı "istila etmək" istədikdə əslən lak olan Murtazəli Qaziqumlax adlı birisi Turçudağ adlı bölgədə onu və 100 minlik (?!) qoşununu "darmadağın etmişdir". Burada anlaşılmazlıq odur ki, Şirvanşahların, Səfəvilərin, arada bir müddət Osmanlının sıravi inzibati bölgəsi olan, aulları təyinatla məhəlli dərəbəylər və qəbilə başçıları tərəfindən idarə olunan Dağıstanı Nadir şah görəsən, niyə "istila etməli" imiş? Biz isə tarixdən onun dikbaş feodalları cəzalandırmaq üçün əməliyyatlar keçirdiyini və bölgədə marağı olan ruslara və Osmanlıya qarşı buralarda göründüyünü bilirik. Bu qədər.
Belə bir abidə Əmir Teymurun əleyhinə 7 il öncə Qunib rayonunun Sorqatl kəndində də qoyulmuşdu. Sanki Ermənistanda olduğu kimi, Dağıstanın da türklük əleyhinə "abidələr ölkəsinə" çevrilmə prosesi baş verir.
Nadir şahın o vaxtkı qayda-qanununun bərpa aksiyasını bizim günlərdə bu bölgədə Rusiyanın hərb maşını görür. Rusiya əsgərinin ayağı altında əsir-yesir olanlar o "qəhrəmanlığı" görəsən, indi niyə təkrarlamır? Ruslar əleyhinə də "abidə" qoymaq fikirləri yoxdur ki?
"Abidə"ni kim qoyub?
Çar Rusiyası Qafqaz Hərbi Komandanlığı baş kəşfiyyat idarəsinin xüsusi layihəsi olaraq Dağıstanı qarış-qarış gəzən Aleksandr Komarov, Aleksey İppolitov, Nikolay Voronov, Nikolay Qrabovski, Pavel Qavrilov, İlya Çernaqov burada yaşayan bütün toplumlar haqqında etnoqrafik materialları əhatə edən hesabatlar hazırlamışlar. Qafqaz Hərbi Komandanlığı bölgənin yönləndirilməsini, hər topluma məxsus inzibati ərazi vahidi qurulmasını təmin etmək istəyirdi. Kumuk və Azərbaycan türklərilə qonşuluqda, yarımdağlıq bölgədə və qumsal ərazidə yaşayan laklar çar Rusiyası tərəfindən məqsədli şəkildə himayə olunmağa başladılar. Lakların bir hissəsi hətta Azərbaycanın Ağdaş, Ucar, Zərdab və Göyçay ərazilərinə də köçürüldü və indinin özündə belə "Qazi Qumlax camaatı" kimi tanınan laklar burada yaşamaqda davam edirlər. Dağıstanda olduğu kimi laklar Rusiyanın strateji maraqlarına uyğun olaraq Şirvan bölgəsində mühüm vəzifələri etibar etmək üçün ən yararlı toplum hesab olunurdu.
Qazi Qumlax kəndində Nadir şah Avşarın əleyhinə hazırlanmış "abidə"ni Özbəkistanda yaşayan və milliyyətcə lak olan heykəltəraş Məhəmmədəli Əliyev hazırlamışdır. Bu həmin M.Əliyevdir ki, özbək türklərinin sayəsində özünə xoşbəxt həyat qursa da, yediyi çörəyi basaraq bir neçə il öncə Dağıstanın Sorqatl kəndində guya XV yüzildə böyük Əmir Teymura qarşı "xalq üsyanları"na rəhbərlik etmiş Parta Patimə adlı birisinin "şücaət"lərinə həsr etdiyi başqa bir "abidə" ucaldıb.
Bu toplum tarixdə istənilən dövlətin dəstəyilə Qafqaz türklərinə qarşı məkrli siyasətlərin içində olmuşdur. 1991-1993-cü illərdə Dağıstan üzərindən Azərbaycandakı etnik bölücülüyü müdafiə edən "Qazi Qumux - Lak Milli Hərəkatı" və onun liderləri Nadirşah və Məhəmməd Xaçalayev qardaşlarının əməlləri indi də acı xatirə olaraq anılır. Onlar etnik separatizmə hətta maliyyə dəstəyi də verirdilər. Dağlı xalqlar üzərindən türk xalqlarına qarşı yönləndirilən siyasətin geneoloji qatları çox təəssüflər olsun ki, Azərbaycanda ciddi şəkildə araşdırılmayıb. Bu siyasətin qarşısını alma metodologiyası hazırlanmayıb.
Nadir Şah Avşara qarşı kin hardan qaynaqlanır?
Son min illik tarixdə Qafqazın güneyi və quzeyi Xəzər, Alan, Avar, Səlcuqlu, Altun Orda, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacarlar kimi möhtəşəm türk dövlətlərinin tərkibində olub.
Onları zəiflətmək istəyən, bölgədə strateji maraqları olan başqa dövlətlər dağlıları onlara qarşı üsyanlara təhruk etmişlər. Bu toplumları qonşu vilayətlərə qarşı qətl və qarətlərə yönəltmişlər.
Keçmiş Sovetlər Birliyi dağılan kimi bu toplumlar Qafqazda yenidən və çox asanlıqla antitürk siyasətə cəlb edildilər. Bəzən açıq, bəzən də qılaflanmış şəkildə... Bu strategiyaya elə indinin özündə belə xidmət edənlər, başqalarına könüllü alət olanlar tapılır. Hərbi-siyasi zəkası ilə adını dünya tarixinə yazan Nadir şah Avşara qarşı hansısa bir kənddə hansısa bir azsaylı toplumun belə bir addımı atması bir az gülünc görünsə, bir az istehza doğursa da, hər halda, qonşuluqda xoşagələn əməl deyildir.
Hər kəsə bəllidir ki, Nadir şah Avşar XVIII yüzilin ilk yarısında indiki İran, Türkmənistan, Əfqanıstan, Hindistanın yarısı, İraqın yarısı, Qafqaz daxil olmaqla zamanına görə dünyanın az qala ən nəhəng imperiyasını qurmuşdu. Bu imperiyanın sərhədləri daxilində bütün xalqlar, dinlər bərabər hüquqa malik olmuşlar. Dehlidən Xasavyurda, İraqdan Tiflisə, Urmudan Xivəyə kimi sərhədləri olan bu qüdrətli dövlətin daxilində arabir baş verən çaxnaşmaların xarici təhriklərdən qaynaqlandığı isə məlum həqiqətdir.
O zaman İngiltərə Hindistan və Əfqanıstanı, Rusiya və Osmanlı isə Qafqazı özünə bağlamaq üçün bu siyasətlərin arxasında olmuşlar. Nadir şah 1735-ci ildə Rusiya ilə müqavilə bağlasa da, ruslar daim dağlı xalqlarını Nadir şaha qarşı təhrik edirdi. 1735-ci ildə ruslar Xəzəryanı vilayətlərdən çəkilib getsələr də, Car-Balakən və Dağıstan üzərindən Nadir şaha qarşı təhriklərini davam etdirirdilər. 1737-38-ci illərdə Nadir şahın qardaşı, Azərbaycan hakimi İbrahim xan Avşar, ardınca 1741-ci ildə Nadir şah özü 100 minlik qoşunla Dağıstandakı hərc-mərcliyi yatırmaq üçün yürüş etmiş, onları sərt şəkildə cəzalandırmışdı. Necə deyərlər, Nadir şah Dağıstanın bu başından vurub, o başından çıxmışdı. Ətraf vilayətlərə quldur basqınları edərək talanlar törədən dağlılar məcbur olaraq Şirvanda, Borçalıda, ya da Osmanlı dövlətində sığınacaq tapmağa məcbur olmuşdular. O zaman Qazi Qumlax camaatının soyğunçu dəstələrinin başçısı və özünü "Surxay xan" adı ilə elan etmiş Çolaq Surxay qaçaraq qayalıq yerlərdə gizlənməklə canını qurtara bilmişdi...
İndi bu tarixi dönəm Dağıstanda fərqli yozumda təbliğ olunur. Guya "Surxay xan" Aymak vadisində, Kanar, Uri, Mukar, Palitsma, Kamakal, Xunzax, Buxtı, Meqeb, Soqratl, Obox kəndlərinin əhalisi ilə birlikdə Nadir şahın qoşunlarını 21 sentyabr 1741-ci ildə "məhv etmişlər". Bu çox iddialı, yumşaq desək, bir az şişirdilmiş, bir az gülünc tarixçə indi "Dağıstan xalqlarının birlik günü" elan olunub.
Aleksandr Çerkesskinin yazdıqları
Çar Rusiyasının Quzey Qafqazdakı casus şəbəkəsinin rezidenti olmuş Aleksandr Çerkesski həmin dönəmi belə qeyd etmişdir: "Almaniya, Fransa, İngiltərə, Avstriya və İtaliyanın maliyyə dəstəyilə dağlı xalqlarını Avşar imperiyasının çökdürülməsi üçün üsyanlar, talanlar və qətllərə yönəldirdilər. Şamaxı, Şəki, Ağsu, Zaqatala, Qax, Balakən, Quba, Laqodex, Əhməd, Kvareli, Dərbənd, Xasavyurt, Qorxmazqala, Tarki, Topraqala bölgələrində baş verən talanlar bizim himayəmizdə baş vermişdir".
Hələ 1707-ci ildə Səfəvilər dövlətinin süquta uğramasını görən gürcülər Rusiyanın dəstəyilə Car-Balakən bölgəsində üsyanlar təşkil etmişdilər. Bu prosesə Dağıstan üzərindən dağlı xalqları da cəlb olunmuşdular. Həmin üsyanlara Hacı Davud və Çolaq Surxay rəhbərlik edirdilər. Onlar 1719-cu ildə gözlənilmədən çar Rusiyasının silah və maliyyə dəstəyilə Şamaxı şəhərinə yürüşlər edərək buranı talan etmişdilər. Bu barədə alman kəşfiyyatının Tiflisdəki nümayəndəsi Ş.H.Herber belə qeyd edirdi:
"Qaralı, küri, ləzgi, lak, avar, antsux, rutul, kaytak, andi, axvax və digər türk olmayan toplumlara məxsus qarətçi dəstələr bizim siyasətimizi uğurla davam etdirirlər".
Bu gün Dağıstan tarixçiləri süni şəkildə XVIII yüzildə xristian dünyasının təhriki ilə qonşulara qarşı törədilmiş bu qarətçilik əməllərini "milli-azadlıq hərəkatı" qismində yozurlar. Guya 1737-1738-ci illərdə onlar üsyanlar edərək Nadir şah dövlətindən qopub ayrılmaq, Avarıstan, Ləzgistan, Lakiya dövlətləri yaratmaq üçün "milli-azadlıq mübarizəsi aparmışlar". Bunu hətta bir az ifrata vararaq "ümumdağıstan xarakteri" kimi də qeyd edirlər.
Əslində isə nə baş verirdi? Dinc əhalini qırmağa, əmlakını talan etməyə sövq edən, onları bu siyasətə qoşan, silahlandıran, maliyyə dəstəyi verən Rusiya və Avropa idi. Pərdə arxasında onlar durmuşdular. Krımı, Azov dənizini, Quzey Qafqazı və Volqaboyunu işğal etməklə bütün ticarət yollarını, təbii sərvətlərə malik əraziləri nəzarətə almaq lazım idi. Bunun üçün də dağlı xalqlardan istifadə olunurdu..
|
|
|
Oxşar xəbərlər:
İşğal bölgəsində arxeoloji abidələr talan edilir
"Nadir şah" Tehranda nəşr edildi
Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır
Yaqub Mahmudov: "Qafqazın tarixi yenidən yazılsın"
Abidə və mağaralar təmizlənir
|
|
|
|
|