Son bir neçə ildə İranda ikili vətəndaşlığı olan (əsasən ABŞ-İran, Kanada-İran, Fransa-İran) çoxlu sayda insan həbs olunub. Tehran hakimiyyəti həmin şəxsləri həbs edəndə onları "İran vətəndaşı kimi tutduğunu" və həm də xaricilərin "İslam Respublikasının qanunlarına uyğun olaraq cəzalanacaqlarını" bildirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, ölkəsində ikili vətəndaşlıqdan söz gedə bilməz:
"Bizim ölkədə ikili vətəndaşlıq rədd edilib. Bu, İranın vətəndaşlıq hüququna ziddir, ikili vətəndaşlığı olan iranlılar başqa haqlarını itirirlər. Başqa ölkənin vətəndaşlağını qəbul edənlər ilk növbədə İran vətəndaşlığından çıxması mərhələsini keçməlidir, sonra başqa bir ölkənin vətəndaşlığını qəbul edə bilər. İkili vətəndaşlıq İran İslam Respublikasında nəinki keçərsiz, eləcə də bizim qanunlarımız baxımından cinayətdir".
Xatırladaq ki, Məhəmməd Xatəminin prezidentliyi dövründə xaricdə mühacir kimi yaşayan çoxlu sayda iranlı yaşadıqları ölkədəki İran səfirliyinə müraciət edərək, İran vətəndaşlığını da qəbul etmişdilər. Demə, bununla cinayət törədiblərmiş...
|