Tbilisi
Azərbaycandan cəmi bir neçə yüz kilometr aralıda, ölkəmizdə çoxlarının arzuladığı demokratik, ərazilərinin bir qismi zəbt olunsa da, xalqının özünü azad saydığı bir ölkə var. Bu ölkə şərabı və çaçası ilə tanınan və məxməri inqilabdan çıxmış Gürcüstandır. Gürcüstan həm də təxminən yarım milyonluq soydaşımızın vətənidir. Bəli, Gürcüstan bizlərə yad ölkə deyil, bu ölkə "məxməri inqilab"a qədər hər cəhətdən Azərbaycanı xatırladırdı. Elə ilk olaraq sərhəddən başlayaq. Şevardnadze hakimiyyəti dövründə Gürcüstan sərhədində ölkəyə daxil olanları gürcülərin məşhur saperavi üzümünün məhsullarından içdiyi üçün Quba alması kimi yanaqları qıpqırmızı olan, qarnı elə gürcü şərabının saxlanılmağı üçün düzəldilən iri təsərrüfat küpünü xatırladan sərhədçilər və gömürükçülər qarşılayırdı. Haqq-nahaq bu məmurlar sərhədi keçən hər kəsdən min bir bəhanə ilə mütləq rüşvət qoparmalı idilər. Amma indi kimin hünəri var Gürcüstan sərhədində hətta rüşvət sözünü dilinə gətirsin, həmin şəxs əmin olmalıdır ki, həbs olunacaq.
Bəli, təxminən bir il olardı Gürcüstana gəlmirdim və deyim ki, bu il ərzində elə sərhəddən başlayaraq, yox, elə Bakıdan başlayaraq xeyli dəyişikliklərin şahidi olmaq mümkündür. Azərbaycan tərəfdən Gürcüstan sərhədinə qədər, demək olar, yaxşı avtomobil yolu çəkilib. Sərhəddə isə hər iki tərəfdən xeyli işlər görülüb. Məsələn, Qırmızı körpü sərhəd keçid məntəqəsində Azərbaycan tərəfindən müasir tələblərə cavab verə biləcək məntəqə tikilib. Əvvəllər olduğu kimi, palçıqlı dərədən deyil, çox gözəl düzəldilmiş bağlı dəhlizdən keçməklə ölkəyə daxil olmaq və ya ölkəni tərk eləmək olur.
Gürcüstan tərəfdən isə nədənsə sərhəd irəli çəkilib. Əvvələr Körpü neytral sahə kimi mövcud idisə, indi Qırmızı körpü tam Gürcüstanın nəzarətindədir. Bu detala baxmayaraq sərhədi keçməkdən danışmaq istərdim. Bu dəfə Gürcüstana həmkarımızın avtomobilində keçəsi olduq.
Bizim sərhəddə bizi avtomobildən düşürərək soyuqdan titrəyə-titrəyə piyada dəhlizindən istifadə etməklə sərhədi keçməyə məcbur etdilər. Amma Gürcüstan tərəfdə belə bir problemlə üzləşmədik, elə avtomobilin içində oturduğumuz halda yaraşıqlı sərhədçi xanım sənədlərimizi yoxlayaraq, gülərüzlə bizim onların ölkəsinə keçməyimizə icazə verdi. Həm də heç maraqlanmadı ki, kimsiniz və Gürcüstana niyə gəlmişsiniz? Amma nədənsə doğma sərhədçimiz yaman bizi sorğu-sual etdi ki, kimsiniz və Gürcüstana niyə gedirsiniz?
Əlqərəz, Gürcüstana keçəndən sonra hər körpüdə və keçiddə polis postları diqqətimizi cəlb etdi. Yaşadığımız "Mariotti" mehmanxanasına yerli vaxtla gecə saat 02:00-da çatsaq da, həm mehmanxananın özü rənglənirdi, həm də onun qarşısında yerləşən "Azadlıq" meydanı və meydandakı Tbilisi meriyasının binası üzərində şıdırğı iş gedirdi. Elə bir təsəvvür yaranırdı ki, şəhər ölkənin hansısa milli bayramını qarşılamağa hazırlaşır. Əslində bu həm də belə imiş. Tbilisi "Tbilisioba", yəni şəhər gününü qeyd etməyə hazırlaşırmış. Amma əslində şəhər əsasən Fransa prezidenti Nikola Sarkozini qarşılmaq üçün canfəşanlıq edirmiş. Yeri gəlmişkən, Sarkozinin Gürcüstana gəlişi neçə gündür Tbilisini əməlli-başlı iflic edib, bütün mərkəzi küçələr avtomobillərin üzünə bağlıdır, qadınlı və kişili, demək olar, bütün şəhər polisi gecə-gündüz küçələrdədir.
Şəhər yüksək qonağı ən ali səviyyədə qarşılamağa hazırlaşırdı, əlbəttə, Sarkoziyə "yaxşı oğlan" kimi görünməyə çalışan Saakaşvili Tbilisi sakinləri və şəhərin qonaqları barədə düşünmürdü. Şəhərdə üç gündür ciddi tıxaclar var. Bu kimi tıxaclara Bakıda nadir hallada, məsələn, Dərnəgül yolunda rast gəlmək olur.
Bəli, Saakaşvili Gürcüstanda yaxşı prezidentdən çox, istedadlı şoumenə bənzədilir. Nədənsə xalq hesab edir ki, adam işləməkdənsə, daha çox şou yaratmaqla məşğuldur. Həmsöhbət olduğum çox adam təzad nümayiş etdirir. Onlar rüşvət vermir, almır, qamqebelilərini, yəni bələdiyyələrini özləri seçir, parlamentin də təxminən 30-40 faizini seçdiklərini iddia edirlər, amma yenə narazıdırlar. Əsas narazılıq isə işsizliklə bağlıdır. Həm də maraqlıdır ki, gürcü xalqı da tam bizdə olduğu kimi prezidentlərini irihəcmli yol və körpü komplekslərinə xərc qoymaqda ittiham edirlər. Doğrudur, mən müqayisə aparıb Gürcüstanda və bizdə eyni yola və körpünün tikintisinə, habelə yeraltı keçidə qoyulan xərci müqayisə edə bilmədim. Bu barədə yaxın gələcəkdə yazmaq fikrim var. Amma gözlə görünən odur ki, heç bir körpü və ya yol keçidi ən bahalı mərmərlərlə bəzədilməyib, yeraltı keçidlərə eskalator və ya kondisioner quraşdırılmayıb.
Paytaxt Tbilisini gəzəndə isə çoxsaylı kosmetik işlərin şahidi olmaq olur. Məsələn, bizdə olduğu kimi işıqforlar dəyişilməyib, elə köhnə sovetdənqalma işıqforlardır, sadəcə onları alüminium tozu rəngində gözəl rəngləyiblər və yanlarına işıqforun müvafiq işığının yanacağı müddəti göstərən tablo bərkidilib. Belə ki, bir neçə il əvvəl zibil əlindən təprənə bilməyən Tbilisidə əməlli-başlı səliqə-sahman var, küçələrdə nadir hallarda zibillə, hətta siqaret kötükləri ilə rastlaşmaq olar. Çünkü hər 50 metrdən bir yenə də sovetdənqalan, amma alüminium tozu ilə rənglənmiş dəmir zibil qutuları yerləşdirilib.
Digər ciddi kosmetik iş isə binaların bizdə olduğu kimi yonulması deyil, rənglənməsi ilə bağlıdır. Eyni zamanda Tbilisidə içəri şəhər və ya köhnə Tbilisi qorunub saxlanılıb. Hətta yeni tikilən binalar da elə tikinti materialları və qədim arxitektura ilə tikilib ki, insan bu binanın bu il və ya min il əvvəl tikildiyinin fərqinə vara bilmir.
Lakin mərkəzdəki Azadlıq meydanı, Rustaveli prospekti və mərkəzi Barataşvilı küçələri istisna olmaqla şəhərin yolları və gecə işıqlandırılması bərbad vəziyyətdədir. Eyni zamanda Tbilisidə gecə küçələrdə və xüsusilə parlament binasının qarşısı istisna olmaqla avara-avara gəzənlərə, demək olar, rast gəlməzsən.