Bakıda ISR Plaza otelində "Kibercinayətkarlığa qarşı mübarizə hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amil kimi" mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib ("Turan").
Konfrans iştirakçılarının diqqət mərkəzində kibercinayətkarlığın məhkəmə təqiblərinin hüquqi əsasları; beynəlxalq konvensiyalar, standartlar və prosessual qanunvericilik praktikası; kibercinayətkarlığın təhqiqatı üçün müasir metodlar və texniki vasitələr; bu sahədə dövlət və özəl sektorun tərəfdaşlığı məsələləri; kibercinayətlərin (İnternet-dələduzluq, İnternetdə uşaqlara qarşı seksual zorakılıq) araşdırılmasında beynəlxalq əməkdaşlıq problemləri olacaq.
Forumda müvafiq dövlət orqanlarının və İnternet-provayderlərin təmsilçiləri, ekspertlər, beynəlxalq təşkilatlar və diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Konfransa təşkilati dəstəyi ATƏT Bakı ofisi göstərir. ATƏT Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirib ki, konfransın məqsədi kibertəhlükəsizliyə hərtərəfli yanaşmanın bir hissəsi kimi, kibercinayətkarlıqla mübarizədə problemlər və onların həlli yolları barədə məlumatları artırmaqdır.
Bildirilir ki, dekabrda Bakıda kibercinayətkarlığa qarşı mübarizə üzrə treninq keçiriləcək. Treninqi Avropa Şurası təşkil edir. Bu barədə Avropa Şurası Bakı ofisinin rəhbəri Konstantin Yerokostopolus bildirib. O qeyd edib ki, noyabrın 21-22-də Strasburqda ekspertlərin kibercinayətkarlığa qarşı mübarizə üzrə görüşü olmalıdır. Görüş Avropa Şurası ölkələrində kibercinayətkarlığa qarşı mübarizənin əsas istiqamətlərini müəyyən edən Budapeşt konvensiyasının qəbulunun 10 illiyinə həsr olunur. "Əminəm ki, Avropa Şurası və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq inkişaf edəcək", - Yerokostopolus vurğulayıb.
|