Baş prokuror Zakir Qaralov İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluq mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbulu, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyaları qaçaqmalçılığı region ölkələri üçün təhlükəlidir. Eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silah alınmasına və təlimlərə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin zəruriliyi qonaqların diqqətinə çatdırılıb. Ronald Nobl Azərbaycanın İnterpolun baş katibliyi və təşkilata üzv dövlətlərlə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Görüşdə cinayətkarlığa qarşı mübarizə və cinayət törətmiş şəxslərin tutularaq məsuliyyətə cəlb olunması, birgə konkret əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat mübadiləsinə dair müvafiq əməli tədbirlərin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə edilib.
|