Hal-hazırda Ayna qəzetinin 01.10.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.10.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
ABŞ riyakarlıqda ittiham edilir
ABŞ riyakarlıqda ittiham edilir
WikiLeaksın Ermənistanla bağlı açıqladığı sənəd bundan söz açır
Şənbə, 01.10.2011


C.ABBAS
mətn ölçüsü  

ABŞ-ın diplomatik nümayəndəliklərinin məxfi yazışmalarını yaymaqla məşhurlaşmış WikiLeaks saytı, nəhayət ki, Ermənistanla bağlı materialları açıqladıqdan sonra, işğalçı ölkədə və regionda baş verən proseslər, rəsmi Vaşinqtonun Cənubi Qafqaz bölgəsində yeritdiyi siyasət barədə səsləndirilən bir çox ehtimallar öz təsdiqini tapdı. Bir neçə gün öncə ölkə mətbuatında geniş müzakirə olunan sənədlərdə ABŞ-ın Ermənistanda keçirilən seçkilərin total saxtalaşdırılmasına göz yumması, bu ölkənin mafioz, cinayətkar klanlar tərəfindən idarə olunması, Amerikanın Türkiyə-Ermənistan sərhədlərinin açılması yönündə həyata keçirdiyi siyasət və digər maraq kəsb edən məsələlərə dair çoxsaylı faktlar ortaya çıxdı. Ehtimal etmək olardı ki, 2008-ci ildə Ermənistanda baş vermiş hadisələrlə bağlı ABŞ diplomatlarının göndərdiyi sənədlərin heç də hamısı açıqlanmayıb. WikiLeaks-in yaydığı növbəti sənəd - ABŞ-ın Ermənistan səfirinin siyasi məsələlər üzrə müavini Jozef Penninqtonun 2008-ci il martın 10-da Vaşinqtona göndərdiyi teleqram sözün əsl mənasında şok effekti yaradır. Təsdiq olunur ki, ABŞ səfirliyi nəinki Ermənistanda baş verən bütün hadisələr (total seçki saxtakarlığı, müxtəlif klanlar arasında qarşıdurma, ölkədə çirkin siyasi mübarizə metodlarından istifadə, mafioz idarəetmə, cinayətlərin sistemli xarakter alması) barədə məlumatlıdır, həm də onları dərindən analiz edir, müxtəlif ssenarilər və proqnozlar irəli sürür, ABŞ-ın Ermənistana dair siyasəti ilə bağlı təkliflər verir.

Sənəddən görünür ki, ABŞ Ermənistan reallıqları barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasını istəmir, hakimiyyətə namizədləri araşdırır və özü üçün ən optimal variantı müəyyənləşdirməyə çalışır. Hətta saxta seçkilər, insanların qətli, sarsıdıcı cinayətlər, mafioz reputasiya ABŞ-ı S.Sarkisyanın xeyrinə seçim etməkdən çəkindirmir.

İstənilən halda, bu sənəd ABŞ-ın riyakarlığını, heç də ədalət tərəfdarı olmadığını, bəyan etdiyi yüksək idealların isə təcavüzkar siyasət həyata keçirmək üçün şirma xarakteri daşıdığını açıq göstərir. APA xüsusi qeydlərlə sənədi oxucuların diqqətinə təqdim edir. 10.03.2008. Jozef Penninqton, ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Ermənistanın siyasi gələcəyi - biz hara gedirik? Baş nazir Sarkisyanın fevralın 19-da seçkilərin 1-ci turunda səs çoxluğu qazandığına dair hökumətin iddiası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun son aralıq hesabatı da daxil olmaqla digər sənədlərlə də şübhə altına alınır. Bundan başqa, baş nazirin genişmiqyaslı güc tətbiq etməsi və fövqəladə hal elan etməsi onun legitimliyinin böhranına işarədir. Qeyd: Bundan əvvəl yayılmış sənədlərdə ATƏT DTHB-nin rəyinin dəyişdirilməsi ilə bağlı bu quruma ABŞ tərəfindən təzyiq göstərildiyi bildirilmişdi. Səfirlik etiraf edir ki, saxta seçkilərə etiraz edən dinc mitinqçilərin gülləbaran edilməsi S.Sarkisyanın legitimliyini böyük şübhə altına alıb. Rəsmi nəticələri təsdiqləyən Konstitusiya Məhkəməsinin martın 8-də verdiyi qərardan sonra hökumətin geri çəkilməsi və 2-ci tura getməsi mümkünsüz oldu, halbuki əksər ermənilər bu addımı ədalətli hal kimi qəbul edərdilər. Bu halda hadisələrin inkişafının bir neçə ssenarisini, o cümlədən yeni prezidentin ciddi demokratik dəyişikliklər vasitəsilə siyasi böhranı yüngülləşdirmək və ictimaiyyətin rəğbətini qazanmaq variantını proqnozlaşdırmaq olar. Bizim ehtimal etdiyimiz digər variant isə Sarkisyanın polis və təhlükəsizlik qüvvələrinə arxalanaraq, əks mövqeli qüvvələrə təzyiq etməklə, ictimai narazılığın daha da artmasına və nəticədə siyasi böhranın dərinləşərək Sarkisyanın təhlükəsizlik orqanlarından asılılığına səbəb ola bilməsidir.

REKLAM

Biz islahatlara sadiq olduğu təqdirdə Sarkisyanı dəstəkləməli və mükafatlandırmalıyıq. Bizim siyasi kursumuz Sarkisyanın müsbət istiqamətdə nümayiş etdirəcəyi liderlikdən asılı olacaq". Qeyd: Baş vermiş cinayətlərin miqyasına baxmayaraq, müəyyən şərtlər altında Sarkisyanın dəstəkləməsinin mümkünlüyü barədə qeydlər ABŞ-ın nə dərəcədə "ədalətli" və "qanun tərəfdarı" olduğunu göstərir. Sənədin "Tutarlı həqiqətlər" hissəsində səfirlik seçkilərin nəticələrinin böyük şübhə doğurduğunu bildirir. Bununla yanaşı, müxtəlif mülahizələrlə pərdələsə də, Köçəryan və Ter-Petrosyandan daha zəif və idarəolunan Sarkisyanın ABŞ üçün məqbul variant olduğu qənaətinə gəlir. Bunun üçün hətta seçki saxtakarlığı, qətllər törətmiş, qara ləkə içində olan bir şəxsə bəraət qazandırmağa cəhd göstərir. Ter-Petrosyan korrupsioner, saxtakar olduğu və hakimiyyəti devirmək üçün fürsət axtardığı da qeyd edilir. Bununla yanaşı, etiraf olunur ki, əgər seçkilərin 2-ci turu keçirilsəydi, Ter-Petrosyan qələbə qazanardı. Bizim siyasi analizlərimizi ağır reallıqlara əsaslanan bir neçə seçim variantı ortaya qoyur:

Əksər müşahidəçilər baş nazir Sarkisyanın seçkilərin birinci turunda legitim formada qalib gəldiyinə inanmır. Bu barədə mübahisə etmək bizim üçün çox çətindir. Qeyd: Bundan əvvəl yayılmış sənədlərdə bildirilir ki, Sarkisyan bəyan olunduğu kimi, 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Ter-Petrosyan isə 21.5 faiz yox, 30-35 faiz arası səs yığıb.

Bu, onun özünün işi olmaya bilər. Prezident Köçəryan və digər nüfuzlu antidemokratik qüvvələrin belə bir nəticənin əldə olunmasında öz maraqları ola bilər.

Sarkisyan müdafiə naziri vəzifəsində Ermənistanın Avroatlantik əməkdaşlığını gücləndirərək əla və qərbyönlü tərəfdaş kimi özünü göstərmişdir. Qeyd: Rusiyanın nəzarətində olan bir ölkədə qərbmeyilli və ən əsası, hərbi sahədə Qərblə əməkdaşlığa hazır olan siyasətçinin hakimiyyətin yüksək eşelonlarına yüksəlməsinə yalnız sadəlövhlər inana bilər. Belə bir şəxsin prezident olmasına icazə verilməsi isə mümkünsüzdür.

Sarkisyanın əsas rəqibi Levon Ter-Petrosyan (LTP) da heç də mələk deyil. Onun prezidentliyi dövründə hakimiyyət avtoritar və korrupsioner xarakter almışdır, 1998-ci ilin seçkiləri isə saxtalaşdırılmışdır. Levon Ter-Petrosyan və onun məsləhətçiləri özəl olaraq bildirirdilər ki, hazırkı hakimiyyət seçkiləri saxtalaşdıracaq və bu səbəbdən Levon Ter-Petrosyanın strategiyası seçkilərdə tam iştiraka deyil, post-seçkilər dövründə ictimai narazılığı səfərbər etməklə hakimiyyəti devirməyə yönəlməlidir.

Hadisələrin sonrakı gedişatı Levon Ter-Petrosyanın proqnozlarının doğru olduğunu göstərdi. Hakimiyyət bir çox meydanları bağladı və müxalifətin beləliklə seçkidə qalib gəlmək imkanlarını heçə endirdi. Post-seçkilər dövründəki hadisələr Levon Ter-Petrosyanı legitim müxalifət qüvvəsinə çevirdi.

Rejimin mitinqçilərə qarşı zor tətbiq etməsi, KİV-lərin məhdudlaşdırılması və digər təzyiq tədbirləri ictimai narazılığı daha da gücləndirərək Levon Ter-Petrosyanı sevməyənləri də onu dəstəkləyənlərə çevirdi. Əgər seçkilərin 2-ci turu olsaydı, Ter-Petrosyan Sarkisyana qalib gələrdi. Hazırda Ermənistan əhalisi Levon Ter-Petrosyanı güclənməkdə olan və bütün siyasi və iqtisadi hakimiyyəti monopoliyasına almağa çalışan Qarabağ klanını dağıdacaq yeganə qüvvə kimi görür. Qeyd: Səfirlik etiraf edir ki, mövcud rejimin antidemokratik və qəddar addımları Ter-Petrosyanın reputasiyasının güclənməsinə xidmət edir. Erməni xalqı artıq mafioz Qarabağ klanının hakimiyyətindən bezib. Seçkilərin 2-ci turu barədə proqnozlar isə əyani şəkildə göstərir ki, Sarkisyan repressiv metodlarla hakimiyyətə yiyələnmiş qeyri-legitim prezidentdir.

Levon Ter-Petrosyanın motiv və metodlarını nə qədər şübhə altına alsaq da, hazırkı seçkilərdə o və onun tərəfdarları zərərçəkən, Sarkisyan tərəfdarları isə qanunpozanlar olaraq qalır.

Artıq Sarkisyanın legitimliyi çox zəifləmişdir. Vəziyyətdən çıxış yolu kimi ictimaiyyət qarşısında onun Köçəryandan aralanması, keçmiş səhvlərin etiraf edilməsi və islahatlara başlayacağını elan etməsi ola bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Sarkisyan Britaniyada biabır olub

Ermənistandan oyuncaq-bomba "sovqatı"

Ermənistan dünyanı aldadır

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Bölmənin digər xəbərləri
 
Modernləşmək istəyən Rusiyaya arxadan zərbə
Neoimperiyaçıların yenidən hakimiyyətə gəlişi nə vəd edir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər