Bu yaxınlarda İsrail rəsmisi Türkiyə hökumətinin acığına beynəlxalq platformada Ermənistana və ermənilərə dəstək verəcəklərini bəyan etmişdi. Bizə qarşı ermənilərə dəstək... Qəribə bu idi ki, İsrail İranı özünə düşmən bilir və İsrailin dəstək verəcəyi Ermənistan və İran sadiq dostlardır. Özü də İsrail İranla əlaqə saxlayan bütün dövlətləri və şirkətləri diqqətlə izləyir. Bəlli səbəbdən bizim üçün də Ermənistanla əlaqə saxlayan bütün dövlətlər, şəxslər və şirkətlər, o cümlədən ilk növbədə İranın bu istiqamətdəki bağlantıları maraq kəsb edir və onlara diqqət yetirmək lazım gəlir. Bunlar İsrail üçün də maraqlı ola bilərdi.
Məsələn, İRNA agentliyinin məlumatına görə, Yerevanın Tehran səfiri Qrikor Arakelyan İranın mərkəzi əyalətində sahibkarla görüşündə deyib ki, ötən ilin uyğun dövrü ilə müqayisədə İranla Ermənistan arasında ticari dövriyyə 40 faiz artıb. Əyalət rəsmisi Əli Məhəmməd Gülüstanifərd erməni səfirin gəlişini iki ölkə arasında ticarət əlaqələrinin möhkəm olduğunun rəmzi kimi dəyərləndirib. İslam Respublikasının məmuru onu da bildirib ki, bu ilin oktyabrında Ermənistanda yerli sənaye şirkətləri məhsullarının sərgisi açılacaq.
Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeydliyinə etiraz aksiyası keçirilən günlərdə isə Şərqi Azərbaycan əyalətinin icra başçısı Əhmədi Əlirza Beygi də Ermənistan səfiri Qrikor Arakelyanı qəbul edərək, iki ölkə arasındakı "dostluq, qardaşlıq, tarixi bağlılıq"dan danışıb. O, elə həmin gün səfirlə birlikdə Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyanla da görüşüb. Ə.Beygi qonaqlarına deyib ki, Şərqi Azərbaycan əyaləti "Ermənistanın kənd təsərrüfatı ilə bağlı problemlərini həll etmək gücündədir".
"Ayrıca olaraq onu da qeyd edim ki, Ermənistandan İrana diri heyvan idxalı da çox önəmlidir. Ermənistan İranın sərbəst ticarət dünyası ilə əlaqələrinin bir hissəsidir", - deyə icra başçısı söyləyib.
Hələ ötən ilin sonunda iki ölkə arasında Dostluq Cəmiyyətinin katibi Mirqasım Mömini İranın İSNA agentliyinə müsahibəsində demişdi ki, iş adamları səviyyəsində əməkdaşlıq genişlənməkdədir. İş adamları kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahəsində sərmayə qoyacaq, birgə layihələr həyata keçirəcəklər.
Mömini Ermənistanda iranlı iş adamlarına min hektar yararlı torpaq sahəsi verildiyini, orada mədəni bitkilər yetişdirməklə yanaşı, heyvandarlığı inkişaf etdirəcəklərini, bu sahənin 4 min ha-ya qədər artırılacağını vurğulamışdı. Qeyd etmişdi ki, ötən ilin 11 ayı ərzində İran Ermənistandan 147 min baş mal-qara idxal edib və bu rəqəmin 500 minə çatdrılacağı nəzərdə tutulub. O vaxt Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan demişdi ki, 2010-cu ildə onlar İrana 5557 min baş xırda buynuzlu heyvan ixrac ediblər.
İranla Ermənistan arasında energetika sahəsində də əməkdaşlıq davam etməkdədir. Atom-nüvə proqramına görə, İrana sanksiya tətbiq etmiş dövlətlərdən biri də İsraildir...
Yeri gəlmişkən, İsrail İrana qarşı əlavə sanksiyaların tətbiqi barəsində qərar qəbul edib və yəhudi dövlətinin yasağına əsasən, onlar İranla ticarət əlaqəsində olan şirkətlər üzərində nəzarəti artıracaq, çirkli pulların yuyulmasında onların iştirakını yoxlayacaq.
"Hakimiyyət İranla ticarət əlaqəsi saxlayan şirkətlərlə əməkdaşlığı kəsəcək. Sanksiyaların təsdiqi üçün İran İsrailə, formal da olsa, düşmən dövlət elan olunacaq" deyən İsrail baş nazirinin müşaviri Aleks Selskinin sözlərinə görə, hökumət sanksiyaların icrasına nəzarət məqsədi ilə özəl qərargah yaradacaq. Müşavir əlavə edərək deyib:
"Bu, İranın atom-nüvə proqramına qarşı mübarizədə qəbul edilmiş vacib addımdır. Biz bununla Tehran hakimiyyətinə qarşı iqtisadi sanksiyaları qəbul edən dövlətlər sırasında öncüllərdən olmaq niyyətindəyik". Necə deyərlər, şərhə ehtiyac yoxdur.
|