Birləşmiş Ştatlar İran Müdafiə Nazirliyi ilə birbaşa əlaqə qurulması imkanlarını araşdırır. Adının açıqlanmasını istəməyən Pentaqon təmsilçisinin sözlərinə görə, bununla onlar körfəzdə Amerika və İran hərbi-dəniz donanmaları arasında yaranacaq münaqişənin qarşısını almaq niyyətindədirlər. Fəqət bu təklifin müdafiə nazirləri səviyyəsinə çıxarılmadığı bildirilir.
"Uoll-strit jornal" iki dövlətin hərbçiləri arasında ilk belə "qaynar xətt"in qurulacağı niyyətinə dair məqalədə yazıb ki, ilk növbədə İranın körfəzdəki donanması ilə Bəhreyn paytaxtı Manamada yerləşən ABŞ-ın 5-ci Hərbi-Dəniz Donanması arasında əlaqələrin qurulacağı ehtimal edilir.
Pentaqondakı mənbə qeyd edib ki, Vaşinqton İranın raketlə silahlandığı ehtimal olunan iti sürətli katerləri, eləcə də körfəzdə ardıcıl kəşfiyyat uçuşları keçirən hərbi təyyarələrindən rahatsızdır. Burada ciddi münaqişə yarada bilən bir neçə olay baş verib.
ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Komitəsinin başçısı Maykl Mallen bir müddət öncə məsələ ilə bağlı Tehranla Vaşinqton arasında birbaşa xəttin olmamasından narahatlığını ifadə etmişdi: "Hətta gərgin "soyuq savaş" illərində SSRİ ilə ABŞ arasında belə "qaynar xətt" mövcud idi".
Türkiyədə radar sisteminin qurulma məsələsi də İranla ABŞ arasında birbaşa əlaqəni zəruri edir. "Hürriyət" qəzetinin yazdığına görə, rəsmi Ankara BMT Baş Assambleyasının sessiyası başa çatanadək öz ərazisində bu sistemin qurulmasına icazə verməyəcək. Bu məsələyə baş nazir Ərdoğanın ABŞ prezidenti Obama və İran prezidenti Əhmədinejadla görüşlərdən sonra yekun vurulacağı deyilir.
Toplantıdan döndükdən sonra Türkiyə baş naziri ölkəsindən İranın vurulmasına icazə verməyəcəklərini söylədi. Əhmədinejad Nyu-Yorkdakı çıxışında dedi ki, onlar uranın zənginləşdirilməsini 20 faiz səviyyəsində saxlaya bilərlər: "Ancaq bundan ötrü bizə atom stansiyasının işləməsi üçün yanacaq satılmasına təminat verilməlidir".
O, beynəlxalq sanksiyaların İran iqtisadiyyatına mənfi təsirini də etiraf edib.
Əhmədinejad Amerikadakı telemüsahibəsində İran-Amerika qarşılıqlı münasibətlərinə cavabında bildirir: "Bu əlaqələri ABŞ hakimiyyəti birtərəfli qaydada kəsib. Halbuki buna elə bir ciddi ehtiyac yox idi. İran ABŞ-la sayğı və ədalətli yanaşma əsasında danışıqlar aparılmasına və əməkdaşlıq etməyə hazırdır".
Radarın Türkiyədə qurulması, Əhmədinejadın ABŞ-a səfəri zamanı "qaynar xətt"lə bağlı xəbərin yayılması Vaşinqton-Tehran danışıqlarının hərbi aspektdə başlama ehtimalını artırır. Ehtimal ki, Ərdoğan Obama ilə yalnız Afrikanın şimalını, Suriyanı deyil, eyni zamanda İran məsələsini də müzakirə edib. Çünki bölgədə əsas güc olmaq istəyənlərdən biri İrandır. Bu baxımdan Türkiyə baş nazirinin İrana planlaşdırılan səfərində bəzi xəbərlərin sızacağı ehtimalı az deyil. Doğrudur, bu səfərin əsasən terrorizmə, özəlliklə PKK və Pjak-a qarşı mübarizəyə həsr olunacağı haqda xəbərlər yayılıb.
İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən, Quru Qoşunları "Həmzə Seyid-üş Şühəda" qərargahının komandanı general Asanlu bildirib ki, ölkənin Sərdəşt bölgəsindəki əməliyyatlar nəticəsində terrorçu PKK və Pjak-a məxsus qüvvələr "ağır itki verərək, bölgəni tərk etməyə məcbur olublar".
İran tərəfi son zamanlar terrorçu Pjak və PKK-nın mövqelərinə zərbələri sürəkləndirdiklərini, bu gün "ölkədə terrorçu PKK və Pjak-ın qalmadığı" haqda məlumatlar yayır.
İstisna deyil ki, Tehran bununla həm gücünü nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin gözündə özünü terrorizmlə əzmkar mübariz kimi göstərməyə çalışır (məsələn, "Türkiyənin 20 ilə susdura bilmədiyi terrorçuları biz bir neçə aya ölkədən qovub çıxardıq" kimi). Ancaq heç kimə sirr deyil ki, bölgədə kürd terrorçularını uzun illər Tehran hakimiyyəti bəsləyib.
İran hakimiyyətinin perspektivdə PKK ilə Türkiyəyə qarşı dil tapa biləcəyi də istisna edilmir. "Frans press"in məlumatına görə, bu ayın əvvəlində Pjak təmsilçisi Şirzad Kamangər deyib: "Biz İran tərəfi ilə yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə danışıqlar aparmaq istəyirik. Savaş fikir ayrılığını nəinki aradan qaldırmaz, əksinə, problemi dərinləşdirər". İraqın şimalındakı kürd lideri də bu günlərdə "terrorun kürdlərin mübarizəsində çıxış olmadığını" söyləyib.
General Asanlunun bəyanatı və terrorçu qrupların təmsilçilərinin söylədiklərinə əsasən ehtimal etmək olar ki, Tehran hakimiyyəti artıq terrorçu kürdlərlə "dil tapıb". Tehran "Pjak-ın öhdəsindən gəldiyini bəyan etməklə" bu mövzunu masadan kənarlaşdırmış olur. Vaşinqtonla münasibətlərdə daha ciddi predmetlərin müzakirə mövzusu olmasını istəyir.
|