Ötən ay İran məhkəməsi ABŞ vətəndaşları - Coşua Fettal və Şon Bauer barəsində "ölkə sərhədlərini qanunsuz keçdikləri" ittihamı ilə 3 il, "casus"luğa görə 5 il azadlıqdan məhrumetmə cəzası çıxardı. Yəni onların hər biri üst-üstə 8 il azadlıqdan məhrum edilmiş oldular. Onlar 2009-cu il iyulun 31-də İran-İraq sərhədində tutulmuşdular. 28 yaşlı Şeyn Bauer və Coşua Fettal, 32 yaşlı Sara Şord ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək İranda həbsxanada saxlanılırdı. Onlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, bölgədə səyahət edərkən İraqın quzeyində dağlarda azıblar.
Təhlükəsizlik qurumları bu versiyaya inanmaq istəmədi və bu 3 amerikalını "ABŞ-ın kəşfiyyat xidmətinə casusluqda" suçladı. Öz növbəsində Vaşinqton isə israrla bəyan edirdi ki, ABŞ vətəndaşlarına qarşı bütün bu ittihamlar əsassızdır. Tehranda buna məhəl qoyulmadı.
Bu ittiham altında suçlu bilinənlərə bir qayda olaraq ölüm hökmü çıxarılır. Bu dəfə nəyə görəsə bu "casus"lar barəsində yumşaq davranıldı... Nağd pul alındı.
Tutulanlardan birinin - Sara Şordun anası ötən il İranın ali rəhbəri Əli Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların "İrana zərər vurmaq niyyətində olmadıqlarını" bildirmişdi.
2010-u ilin sentyabrında İran rəhbərliyi ABŞ vətəndaşı Sara Şordu 500 min dollar girov qarşılığında sərbəst buraxdı. İndi məhkəməyə gəlməkdən imtina edən Sara Şord qiyabi mühakimə olunub. Görünür, çox doğru olaraq həyatını verdiyi girovdan üstün tutub.
Ötən həftə isə Şeyn Bauer və Coşua Fettalın vəkili Məsud Şafei bildirib ki, hər biri 500 min dollar məbləğində girov ödəyəcəyi halda İran hakimiyyəti onları da "azadlığa" buraxmağa hazırdır. Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın İranda maraqlarını müdafiə edən İsveçrə səfirliyi məlumatlandırıb. Mühakimə olunanların vəkili bildirib ki, məhbusların qoyacağı girovu sənədləşdirməli olan şəxs məzuniyyətdədir. Ona görə də girovu hələ qəbul etməyiblər.
ABŞ dini icmasının Tehranda olmuş nümayəndəsinin sözlərinə əsasən, hər iki amerikalı tezliklə azadlığa buraxılacaq.
BMT-nin illik toplantısı çərçivəsində ABŞ-da olan İran prezidenti Mahmud Əhmədinejad isə En-bi-si telekanalına müsahibəsində bəyan edib ki, yaxın bir-iki günə amerikalılar - Şeyn Bauer və Coşua Fettal azadığa buraxılacaq.
Halbuki Sara Şord 500 min dollar ödədikdən sonra Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi məsələ ilə bağlı belə açıqlama vermişdi: "Amerikalı casus 500 min dollarlıq girov qarşılığında sərbəst buraxıla bilər. O biri iki amerikalı isə dəmir barmaqlıq arxasında qalacaq".
Ötən il Tehran hakimiyyəti almaniyalı jurnalistlər Markus Helliviq və Yens Koxu da girov qarşılığında azad etmişdi. Almaniya xarici işlər naziri Gido Vestervelle jurnalist vətəndaşlarını ölkəyə gətirmək üçün Tehranda səfərdə olmuş, iranlı həmkarı Əliəkbər Salehiyə "dövlətlərarası münasibətləri dəstəklədiyinə görə "təşəkkürünü" bildirmişdi. Məlumatlara əsasən, onların hər birinə Almaniya dövləti 50 min dollar məbləğində cərimə ödəmişdi. İran məhkəməsi bu jurnalistləri 24 aylığa azadlından məhrum etmişdi.
Sentyabrın 10-da isə İsrail kəşfiyyat orqanlarına "casus"luqda ittiham olunan iki şəxsin məhkəmə prosesi başlayıb. Baş prokuror Abbas Cəfəri-Dövlətabadi bu "casus"ların 2009-cu ildə tutulduğunu söyləsə də, onların adları açıqlanmayıb. "Onlar sionist rejiminə işləməkdə ittiham olunur. Müttəhimlər gizli hərbi obyektlərə girərək, oranın fotosunu çəkməkdə təqsirləndirilirlər. Onlar həm də İsrail kəşfiyyatından qanunsuz pul almaqda ittiham olunurlar", - deyə baş prokuror iddia edir.
Bu ilin avqustunda isə İslam İnqilabı Hərbi Məhkəməsi iranlı atom fiziki Məsud Əli-Məhəmmədi qətlə yetirməkdə ittiham olunan Məcid Camali-Faşi barəsində edam hökmü çıxarmışdı. Tehran mənbələrinə əsasən, o, İsrail "Mossad"ına "casus"luq etdiyini "boynuna almışdır". Məhkəmə zamanı Faşi demişdir: "Əslində 5 terror aksiyası həyata keçirməli idim. Ancaq mən təbiətcə cinayətkar deyiləm. Mən "Mossad"ın Təl-Əvivlə Qüds arasında yerləşən bazasında təlim keçmişəm. Fizikin qətli üçün 120 min dollar almışam".
Tehran hakimiyyəti amerikalı "casus"ların sərbəst buraxılmasını "insani davranış" adlandırır. Amma girovun məbləğini açıqlamır.
|