Dünyada aparılan pedaqoji araşdırmalar özəlliklə ilk beş yaşda olan uşaqların inkişafına ata-anaların vaxt ayırmasının çox əhəmiyyətli olduğunu göstərməkdədir. Bu illərdə uşaqların mərkəzi sinir sisteminin inkişafına çox müsbət təsirlərin olduğu ifadə olunmaqdadır. Ana və ata gündəlik işlərin sıxlığında imkan tapıb yalnız uşaqlarına vaxt ayırmağı bacarmalıdırlar.
Atanın müxtəlif səbəblərdən uşağa vaxt ayırmada çətinlik çəkdiyi, uşaqlarına xeyli az zaman xərclədiyi tez-tez rast gəlinən gerçəklikdir. Lakin bilmək gərəkdir ki, ayrılan bu vaxt uşaqla əlaqədar qısa və uzun vədəli bir çox faydalar verir, bu faydalar o qədər çoxdur ki...
Azerbaycaninsesi.com saytının yazdığına görə, uşaqla keçirilən vaxt onun özünə inamının inkişafı baxımından çox önəmlidir. Çünki ona vaxt ayırmanız ona verdiyiniz dəyəri göstərməkdədir. Şüur xaricinə "Mən sənə dəyər verirəm, çünki vaxt ayırıram" mesajı verməkdəsiniz. Varlığı ilə yoxluğu bilinməyən, sanki evdə yoxmuş kimi davranmaq - uşağın sənə olan etibarına bilvasitə mənfi təsir edir. Xüsusilə çoxuşaqlı ailələrdə hər bir uşağa bərabər vaxt ayrılması əhəmiyyətlidir.
Uşaqla keçirilən vaxt onu stresdən uzaqlaşdırır və qarşısına çıxan çətinlikləri daha asan məğlub etməsinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, uşaqlığında ana, ata və ailə ilə yaxın bağları olan, onlarla daha çox vaxt keçirən uşaqlar böyüyəndə qarşılaşdıqları stres vəziyyəti ilə daha asan mübarizə edə bilir, depressiya kimi vəziyyətlərdən daha asanlıqla çıxırlar. Uşaqla keçirilən vaxt onunla valideyn arasında yaxınlığı təmin edir.
Uşaqla keçirilən zamanın uzunluğu deyil, keyfiyyəti önəmlidir. Bu özəlliklə də işləyən analar üçün vacib məsələdir. Uşaqla keçirilən vaxtın keyfiyyətini artıraraq onun bu mövzudakı ehtiyacını rahatlıqla qarşılamaq olar.
Araşdırmalar uşaqların ata-analarından götürdükləri sevgi və xoşbəxtlik ilə həyata daha müsbət və xoşbəxtcəsinə baxa bildikləri, zərərli davranışlara çox az yol verdikləri, insanlara qarşı sevgi dolu olduqları, yoldaşları ilə daha normal münasibətlərdə olduqlarını üzə çıxarmışdır.
Bunun tam tərsi olaraq, əgər uşaqlara ata-analar lazımi qədər vaxt ayırmırsa, o halda uşaqlar böhrana düşür, ata-analarına qarşı çıxır, fərdiliklərinin inkişafında problemlər yaşanır. Uşaqların təkbaşına keçirdikləri zamanın da onların inkişafında önəmli təsirləri var. Ata-ana ilə keçirilən vaxt və təkbaşına keçirilən vaxt arasında mütənasiblik olmalıdır.
Psixoloqlar bildirirlər ki, uşaq valideynlərə nə qədər yaxın olsa, neqativlərdən o qədər uzaq olar. Sizinlə birlikdə nə qədər xoşbəxt olsa, həyatın digər sahələrində də o qədər uğurlar qazanacaq, sizinlə və ailəsi ilə bağları nə qədər möhkəm olsa, onun bütün həyatı boyunca problemləri daha az olacaq. Bu gün atılan toxumlar sabah çox gözəl nəticələr verəcək.
|