36 yaşlı Mələk İbrahimovanın avtomobilinin salonu ilk baxışdan sürücünün cinsi haqda məlumat verir: daş-qaşlarla bəzədilmiş sükan, parlaq dəri ilə örtülmüş oturacaqlar, ön şüşədə güzgüdən sallanan öpüşən dodaqlar formasında brelok. Əlbəttə, bu avtomobilin sürücüsündə də ənənəvi taksi sürücüsünü xatırladan heç bir nişanə yoxdur - baxımlı, zövqlə geyinmiş qadın.
"Taksi sürücüsü olmaq o qədər də qadın işi deyil, - Mələk xanım izah edir, - bu peşə insanı tezliklə kobudlaşdırır. Məhz buna görə daim özümə diqqət yetirməyə, zahiri görünüşümdə daim qadın olduğumu üzə çıxarmağa çalışıram".
Mələk xanımın sürücülük təcrübəsi yeddi ilə yaxın olsa da, cəmi yarım ildir ki, o taksi sürür. Buna qədər isə dirijorluq fakültəsi məzunu olan qəhrəmanımız fortepiano dərsləri tədris edib.
"Bu gün bu iş gəlirli deyil, maaşı həddindən artıq azdır, şagirdlərə bütün vaxtını həsr etməli olursan, ailənə və ya istirahətə isə ümumiyyətlə zaman qalmır", - o deyir. Mələyin 5 və 15 yaşlı iki oğlu var, odur ki, növbə ilə taksi sürmək onu tam qane edir. Bundan başqa, yeni peşəsinin gətirdiyi qazanc da Mələyin ürəyincədir.
Son zamanlar Bakıda qadın sürücülərin sayı artıb. Bu faktı sürücülük kurslarının rəhbərləri də təsdiq edir. Səbail rayonunda fəaliyyət göstərən sürücülük məktəbinin müdiri İbad Allahverdiyevin bildirdiyinə görə, 2009-cu illə müqayisədə, sürücülüyü öyrənənlərin təxminən 90 faizini zərif cins təşkil edir. Buna baxmayaraq, peşəkar sferada ağırlıq hələ də kişi sürücülərin payına düşür. Bakıda taksi və ya avtobus idarə edən qadına rast gəlmək hələ də müşkül məsələdir.
Yollarda yaşana biləcək təhlükədən özünü sığortalamaq üçün Mələk təsadüfi müştəriləri avtomobilinə mindirmir. Onun daimi müştərilərinin əksəriyyətini "189" taksi sifariş xidmətinin istifadəçiləri təşkil edir. "Hələlik, mən ştatda yeganə qadınam, - Mələk deyir, - düzdür, bu günə qədər firmaya işə düzəlmək üçün 3-4 qadın sürücü müraciət edib, lakin hələ də onlar sifarişə çıxmağa risk etməyiblər".
Mələk təsdiq edir ki, müdiriyyət "qadın taksisi" açmaq haqda düşünür: xeyli insan var ki, qadın sürücünün xidmətindən yararlanmaq istəyir. Məsələn, ərləri kişi sürücülərə inanmayan qadınlar və ya uşaqları tək yola salan valideynlər bu yolla daha rahat ola bilərlər. İki uşaq anası olan qəhrəmanımız deyir ki, qadın sürücü ilə taksi daha sakit və etibarlıdır.
Maddi təminat və asudə vaxtını artırmaqla yanaşı, Mələk həm də maddi cəhətdən müstəqilliyə can atır və uşaqlarının gələcəyini təmin etmək haqda da düşünür. "Hər kəs öz qazancına sahib olmağa çalışmalıdır, - o deyir, - çünki sabah nəyin olacağı naməlumdur, mən isə halal zəhmətimlə qazanıram".
Azərbaycan kimi "qadın" və "kişi" peşələri arasında sərt mental bölgülərin olduğu yerdə Mələk xanımın addımı, müəyyən mənada, böyük cəsarət nümunəsidir. Peşə seçimi zamanı kimsəylə məsləhətləşməməsi, yalnız qərarını verdikdən sonra bütün yaxınlarını fakt qarşısında qoyması gerçəyi də buna növbəti nümunədir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, Azərbaycanda qadınlar arasında sürücülük peşəsi çox da geniş yayılmayıb. "Yalnız bir dəfə işə düzəlmək üçün mənə qadın müraciət edib, - Həsənov deyir, - yadımdadır ki, o hətta şəhərlərarası reysə çıxmaq istəyirdi, lakin biz onun müraciətini rədd etməli olduq".
Qadınları təbiətləri etibarilə zərif sayan Həsənov daha sonra əlavə edir: "Bəlkə də şəhərdə həmin qadın üçün heç bir problem olmazdı, amma şəhərlərarası reyslərdə təhlükə var. Məsələn, birdən boşalmış təkəri dəyişmək lazım gəlsə? Çətin ki, qadın bunu bacara bilər". Bundan başqa, Həsənov onu da gizlətmir ki, "qadın sürücü - bizim mentalitetlə üst-üstə düşməyən məfhumdur".
Lakin Şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin başçısı Vaqif Əsədov sürücüləri qadın və kişiyə ayırmağın yanlış olduğunu deyir: "Sükan arxasında işləmək - xüsusi bacarıq tələb edir, bu zaman qadın, ya kişi olmağın heç bir fərqi yoxdur. Cinsindən asılı olmayaraq, hər kəs yol hərəkəti qaydalarına əməl etməlidir".
Qadın sürücülərin sayının artması ilə, yol hərəkəti qaydalarının pozulması zamanı tərtib olunan aktlarda da qadın sürücülərin payına düşən nisbət 20 faizə qədər artıb. Bundan başqa, ölümlə nəticələnən yol qəzalarında da qadın sürücülərin payı 15-18 faiz arasındadır. Vaqif Əsədovun qadın sürücülərə əsas iradı onların "təbiətindən irəli gələn" yol xətalarına yol vermələridir. Məsələn, avtomobili idarə edən zaman mobil telefonla danışmaq qəti qadağandır və çox təhlükəlidir.
Sonra Əsədov növbəti dəfə təkrar edir ki, sürücülükdə cinsin heç bir əhəmiyyəti yoxdur. "Mən ömrü boyu sükan arxasında olsa da, avtomobil sürməyi mənimsəməmiş kişilər də görmüşəm, 1-2 il sonra kamil sürücüyə çevrilmiş qadınlar da". Təcrübəsinə əsaslanan Əsədov şəhərlərarası avtobuslarda sürücülük edən, həyatını bu çətin peşəyə həsr etmiş qadınları da yad edir.
|