Körpənin ancaq 6 ayından sonra daha qidalı məhsullara ehtiyacı yaranır
 |
ÜST tədqiqatları göstərir ki, hətta ən isti Afrikada belə südəmər körpənin suya ehtiyacı yaranmır
Şənbə, 24.09.2011
|
|
Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF körpə və erkən yaşlı uşaqların sağlamlığı, böyümələri və inkişafı üçün lazım olan optimal praktiki qidalanmanı yaxşılaşdırmaq məqsədilə birgə qlobal strategiya hazırlayıblar. Bu barədə məlumat verən UNICEF səhiyyə proqramının rəhbəri Təhminə Tağızadənin sözlərinə görə, 5 yaşınadək uşaqların 60 faizinin ölümünə səbəb birbaşa və yaxud dolayı yolla uşaqların kifayət qədər və yaxud lazımi şəkildə qidalanmamasıdır. Lazımi qidalanmama nəticəsində bu halların üçdə ikisi uşaqların bir yaşınadək dövründə baş verir. Tağızadə deyir:
"Beynəlxalq məlumatlara əsasən, uşaqların, demək olar, 35 faizi ilk dörd ayınadək bilavasitə ana südü ilə qidalandırılır. Əlavə qidalar rasiona bir qədər tez və yaxud gec daxil edilir. Lakin əlavə qidalanma üçün istifadə edilən ərzaqlar kifayət qədər qidalandırıcı deyildir və təhlükəlidir".
LANCET- 2008 jurnalının yazdığına görə, uşaqların iki yaşınadək ana südü ilə qidalandırılması onların sağ qalmalarına böyük təsir göstərir və 5 yaşınadək uşaqların ölümünə səbəb olan 1,4 milyon tibbi hadisənin qarşısını ala bilər. Uşaqların iki yaşınadək optimal qidalandırılması nə deməkdir? sualını cavablandıran Təhminə Tağızadə bildirdi ki, bu o deməkdir ki, uşaq müstəsna olaraq altı ayınadək yalnız ana südü ilə qidalanır. Yalnız xəstələnərkən hər hansı dərman preparatı qəbul edir:
"Lakin altı ayınadək uşaq hər hansı əlavə qida, tutalım, şirə, su, çay qəbul etməməlidir. Ancaq 6 ayından sonra uşağın daha qidalı məhsullara ehtiyacı yaranır. Bu zaman isə döşlə əmizdirmənin saxlanması şərtilə uşağın rasionuna əlavə qidalar daxil edilir. Lakin istənilən halda ana südü ilə qidalanma 2 yaşınadək davam etdirilməlidir".
Beynəlxalq təcrübədən söhbət açan Təhminə Tağızadə deyir ki, əgər ana südü ilə optimal qidalanma xaricdə ildə yarım milyon ölüm halının qarşısını ala bilirsə, Azərbaycanda ildə bu rəqəm 1000-ə çatır.
Söhbət əsnasında proqram rəhbəri onu da vurğuladı ki, ana südü ilə qidalanmanın körpələr və analar üçün faydası böyükdür. Belə ki, ana südünün tərkibində bütün lazımi qidalandırıcı maddələr, vitaminlər, mikroelementlər optimal uyğunluqdadır. Bu da uşaqları xəstəliklərdən müdafiə edir. Təbii yolla qidalandırılan uşaqlar allergiyalardan, diareyadan və qulaq iltihabından müdafiə olunur. Ana südü ilə qidalanma uşaqda özünə inam yaradır, ona sakitlik verir.
Ana üçün faydası odur ki, bu proses anaya körpə ilə sıx əlaqəni yaratmağa kömək edir. Uşaqlığın yığılmasını və doğuşdan əvvəlki vəziyyətə qayıtmasını təmin edir. Tibbi tədqiqatlardan məlum olub ki, körpəsini ana südü ilə qidalandıran analarda anemiya, osteoporoz, yumurtalıqların və süd vəzilərinin onkoloji xəstəliklərinə daha az hallarda rast gəlinir. Onu da qeyd edək ki, 2 yaşınadək ana südü ilə qidalanan uşaqların diareya, kəskin respirator xəstəliklərlə daha az xəstələnməsi ilə bağlı məlumatlara baxmayaraq, ana südü ilə qidalanma ilə bağlı skeptik fikirlər də mövcuddur.
Təhminə Tağızadə bildirdi ki, UNICEF həmişə ana südü ilə qidalanmanın təşviqi ilə bağlı tədbirlər həyata keçirib. Uzunmüddətli informasiya xarakterli kampaniyalar, tibb işçiləri üçün treninqlər keçirib, əhalinin maarifləndirilməsi də unudulmayıb:
"UNICEF Heydər Əliyev Fondu ilə birgə 2 yaşınadək uşaqların ana südü ilə qidalanması üzrə məlumatlandırma kampaniyası aparır. Kampaniya çərçivəsində silsilə seminarlar keçirilib. Maraqlısı odur ki, vaxtilə böyük şəhərlərdə ana südü ilə qidalanmanın əhəmiyyəti barədə seminarlar keçirilməsinə və "Ana dostu" adını almış klinikalarda belə ana südünə skeptik yanaşan həkimlər tapılır. Bunu ölkəmizin iqlim şəraitinin isti olması ilə əsaslandırırlar və hesab edirlər ki, ana südü ilə yanaşı uşağa su verilməlidir. Buna cavab olaraq bildirirəm ki, ÜST bir çox isti ölkələrdə - Hindistan, İndoneziya, eləcə də Afrikanın bəzi bölgələrində çox ciddi tədqiqat işləri aparıb. Bəlli olub ki, ana südünün tərkibində uşaq orqanizmi üçün lazım olan maye, o cümlədən su var. Deməli, körpəyə əlavə olaraq su verməyə lüzum yoxdur. Heç kim iddia edə bilməz ki, Azərbaycanda hava bu ölkələrdən, Afrikadan isti olur", - deyə səhiyyə proqramının rəhbəri söylədi.
Müsahibim onu da əlavə etdi ki, Səhiyyə Nazirliyi bu sahədə böyük işlər aparır. Ölkəmizdə "Erkən yaşlı uşaqların ana südü ilə qidalandırılması haqqında" qanun qəbul edilib.
2004-cu ilədək UNICEF Səhiyyə Nazirliyi ilə birgə ana südü ilə qidalanmanın 10 əsas prinsipinə riayət edən doğuşa yardım tibb müəssisələrinə "Ana dostu" sertifikatı verirdi. Layihə müddətində doğuşa yardım üzrə 77 klinikadan 67-si "Ana dostu" sertifikatını almışdı. Əgər klinika belə sertifikat alıbsa, deməli, orada ana südü ilə qidalanma üzrə 10 qaydaya riayət olunur. Qaydalardan biri doğulandan bir saat ərzində döşə qoyulmasıdır. Əgər bu qaydaya riayət edilmirsə, deməli, sertifikat ala bilməz.
Lakin layihə UNICEF tərəfindən Səhiyyə Nazirliyinə təhvil verildikdə iki il sonra aparılan tibbi-demoqrafik sorğuların nəticələrindən məlum oldu ki, cəmi 27 faiz halda uşaq doğulandan 1 saat ərzində döşə qoyulur. Buna münasibət bildirən T.Tağızadə bildirdi ki, bu statistika təəssüf doğurur:
"Ola bilsin ki, layihə üzrə işlər lazımi səviyyədə davam etdirilməyib və ya monitorinq işləri düzgün aparılmayıb. Fikrimcə, ana südü ilə qidalanmanın əvəzsiz olduğunu sübut etməyə ehtiyac yoxdur. Buna baxmayaraq, təcrübə göstərir ki, skeptiklər hələ də var və bizim ana südünün faydasının insanların şüuruna çatdırılması üçün böyük işlər görməyimizə ehtiyac vardır".
Sonda müsahibim ana südü ilə müvəffəqiyyətlə qidalanmanın 10 əsas prinsipini bir daha geniş oxucu kütləsi üçün açıqladı. Doğuşayardım xidmətləri və yeni doğulmuş körpə üçün qayğını təmin edən hər bir səhiyyə müəssisəsi bunları etməlidir:
1. Ana südü ilə qidalanma haqqında siyasətin yazılı şəkildə olması və onun mütəmadi olaraq tibb işçilərinin nəzərinə çatdırılması;
2. Bu siyasətin praktiki olaraq həyata keçirilməsi üçün vacib olan vərdişlərin tibb işçilərinə öyrədilməsi;
3. Ana südü ilə qidalanmanın üstünlükləri və onun aparılması haqqında bütün hamilə qadınlara məlumat verilməsi;
4. Uşaq anadan olduqdan sonra ilk yarım, bir saat ərzində körpənin əmizdirilməsində anaya kömək edilməsi;
5. Analara uşaqları necə əmizdirmək və hətta körpələrdən ayrı olduqları hallarda laktasiyanı necə saxlamağın göstərilməsi;
6. Tibbi göstəriş istisna olmaqla, yenidoğulmuşlara ana südündən başqa heç bir qida və maye verilməməsi;
7. Ana və uşağın 24 saat ərzində gecə və gündüz bir otaqda olmasının tətbiq edilməsi;
8. Uşağın tələbatına uyğun olaraq əmizdirmənin təşviq edilməsi;
9. Südəmər uşaqlara əmzik verilməməsi;
10. Döşlə əmizdirmənin tərəfdarları qruplarının yaradılmasının təşviq edilməsi və anaların xəstəxanadan və ya klinikadan çıxdıqdan sonra bu qruplara göndərilməsi.
|
|
|
|
|
|
|