Qanunda istisnalara həmişə yer var
 |
Bizim gerçəklikdə övlad toyu görmək çox mühümdür
Şənbə, 24.09.2011
|
|
Qadınların nikah yaşı 17-dən 18-ə artırılacaq. Yaş həddinin artırılması Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə, BMT Uşaq Hüquqları Konvensiyasının müddəalarına tam uyğundur. ANS Pressə açıqlamasında millət vəkili Məlahət Həsənova bildirib ki, nikah yaşını artırmaq çox düzgün addım olardı:
"Bu gün dünyada kosmos əsridir, yüksək texnologiyalar əsridir. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qızların təhsil problemləri, məktəbdən yayınma halları, erkən nikah problemləri var. Bizdə nikah həddinin bir az aşağı olması bu kimi neqativ hallara şərait yaradır".
Məlahət Həsənova nikah yaş həddini artırmanın qanundankənar nikahları və yaxud vətəndaş nikahlarını artıra biləcəyi fikri ilə razılaşmır:
"Əksinə, qanun biz az da möhkəmləndirilir. Bununla bağlı bəzi başqa qanunlarda dəyişiklik olacaq. Sadəcə, biz insanlar arasında maarifləndirmə işlərini gücləndirməliyik. Hansı bölgədə erkən nikah halları varsa, o bölgədə ciddi maarifləndirmə işləri aparmalıyıq. Ziyalıların bu məsələ ilə bağlı mövqeyini açıqlamalıyıq. İctimai qınağı gücləndirməliyik. Hesab edirəm ki, bu dəyişiklik belə halları artırmayacaq. Əksinə, müsbət irəliləyiş olacaq. Bu, bioloji baxımdan da düzgün addımdır. Mən bir millət vəkili kimi deyirəm ki, bu, müsbət qiymətləndirilməlidir".
Ailə Məcəlləsinə təklif edilən digər dəyişikliklərə gəldikdə, Həsənova bildirdi ki, nikah müqaviləsinin məcburi olmasının tərəfdarıdır. Çünki nikah müqaviləsi məcburi olmadığına görə bu gün boşanma hallarında mənzillə, əmlakla bağlı çox ciddi problemlər ortaya çıxır:
"Ölkəmizdə Mənzil Məcəlləsi qəbul olunub.
Bununla bağlı, Avropa Şurasının da bəzi tövsiyələri var. Nikah müqaviləsi məcburi olmalıdır. Məcburi olmadığına görə bu gün məhkəmələrdə çox ciddi problemlər var. Qadın ailə qurur, uşağı olur. Ayrılanda isə köçdüyü evdən ona əmlak payı verilmir və qalır küçələrdə. Əgər evlənməmişdən öncə nikaha daxil olan tərəflər əmlak müqaviləsi imzalasalar, qadın da əvvəlcədən daimi olaraq harada yaşayacağını biləcək. Təəssüf ki, Azərbaycan cəmiyyəti hələ Avropa cəmiyyəti kimi yüksək maariflənmə vəziyyətində deyil. Avropa ölkələrində bu, məcburi deyil, baxmayaraq ki, Azərbaycanda nikah müqaviləsi Ailə Məcəlləsində əksini tapıb. Amma məcburi olmadığına görə, formal olaraq qalıb".
Onu da qeyd edək ki, dəyişikliklərdən biri də odur ki, 16-17 yaşlarında qızlara istisna hallarda nikaha daxil olmalarına icazə veriləcək. Maraqlıdır, bu, hansı istisna hallardır və buna kim nəzarət edəcək?
Həsənova xatırlatdı ki, dünyanın bir çox ölkələrində istisna hallar var. Amma bu, kütləvi səciyyə daşıya bilməz:
"Mənə 7-8 il olar bir ailə müraciət etmişdi. İki gənc bir-birini sevir, lakin qızda elə bir xəstəlik var ki, əgər ailə qurmaq üçün rəsmi nikah yaşına qədər gözləsəydi, onda sonsuzluq baş verə bilərdi. Bilirsiniz, Azərbaycan ailəsində uşağın olması nə dərəcədə mühümdür. Azərbaycanda ailə deyəndə ilk növbədə uşaq nəzərdə tutulur. Bu məsələlərlə hər rayon icra hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyalar məşğul olur. Bu məsələlərlə bağlı, bu komissiyaya müraciət edirlər və komissiya belə məsələlərin həlli ilə məşğuldur. Həmin ailə də belə etdi və problem həll olundu".
Yeri gəlmişkən, deputat Hadı Rəcəbli bildirib ki, 16-17 yaşlı qız hamilə olarsa, onlara ailə qurmağa icazə verilə bilər. Bəziləri düşünür ki, bu, cəmiyyətdə neqativ halları artıra bilər. Müsahibim deyir ki, bu, çox mürəkkəb məsələdir və bunu daha peşəkar ekspertlər araşdırmalıdır. Çünki bundan müxtəlif formalarda istifadə halları ola bilər:
"Amma bir tərəfdən qız hamilədirsə, geriyə yol yoxdur. Bunda, təbii ki, dünyaya gələcək uşağın və hamilə qadının taleyi baxımından istisna hal ola bilər. Amma burada neqativ halların ola biləcəyinə az da olsa şərait yaradıla bilər. Yəni müəyyən insanlar bu forma vasitəsilə erkən nikah üçün şərait yarada bilərlər. Amma istənilən halda bunun başqa yolu da yoxdur. Bu təkliflər mütərəqqi təkliflərdir".
Söhbət əsnasında öyrəndik ki, oğlanlarda da nikah yaşı müzakirə olunmağa ehtiyac duyulan məsələdir. Hadı Rəcəbli deyir:
"Bir misal, ailədə valideynlərdən biri dünyasını dəyişmişdi. Digər valideyndə isə çox ciddi xəstəlik vardı və həkimlər onun ömrünə çox az vaxt qaldığını bildirmişdilər. Bilirsiniz ki, Azərbaycanda övlad toyu görmək necə mühümdür. Və həyatda yazılmamış qanunlar da var. Belə olduğu halda, bu valideyn komissiyaya müraciət etdi və məsələ həll olundu. O, övladını evləndirdi və toydan heç 1 ay keçməmiş vəfat etdi. Bu istisna hallara belə ciddi məsələlər daxildir. Həm bu məsələlər bir nəfərin iradəsi ilə həll olunmur. Komissiya tərəfindən həll olunur. Bütün bu təkliflər üzərində işləyirik və təkliflər Milli Məclisin payız sessiyasında müzakirəyə veriləcək".
|
|
|
Oxşar xəbərlər:
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
Əsas məsələ qanunun qəbulu yox, işləməsidir
"Azərsu" qanunsuz tikililərin siyahısını dəqiqləşdirir
Ordunun döyüş qabiliyyəti xeyli yüksəlib
"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış
|
|
|