Fahişəlik - qadağa, ya leqallaşma?..
 |
Şənbə, 24.09.2011
|
|
mətn ölçüsü |
|
|
|
2007-ci ildə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə mühakimə olunmuş 60 yaşlı Afaq Məhərrəmova yenidən bu peşəyə qayıtmaq niyyətində deyil. Ona görə yox ki, çəkdiyi cəza ona dərs olub və ya əməlləri üçün peşmanlıq keçirir: "Bu biznesdən vaxtında getməyi bacarmaq lazımdır", - Bakı ətrafının öz yaşıdı olan digər qadınlarından zahiri görünüşü ilə fərqlənməyən Afaq deyir.
Afaq özü heç vaxt fahişəliklə məşğul olmayıb. Hətta 50 yaşında öz qəsəbəsində böyük hörmət sahibi olub. Toyundan cəmi beş il sonra ərini faciəvi şəkildə itirsə də, üç qızını böyüdüb ailə sahibi etməyi bacarıb. Mətbəədə yapışdırma işi ilə yanaşı, əlavə qazanc mənbəyi kimi, kartlarla, qəhvə ilə fala baxmaq, cadu çıxartmaq, xalq təbabəti ilə xəstəlikləri sağaltmaqla da məşğul olub.
Anasından qalan təkotaqlı evi kirayəyə verən Afaq tezliklə anlayır ki, gündəlik kirayədən daha çox pul çıxır və qəsəbədə sahib olduğu populyarlıq ona müştəri sarıdan qıtlıq gətirməyəcək. Görəndə ki, evindən gizli görüşlər üçün istifadə edirlər, Afaq qərara gəlir ki, müştərilərə əlavə xidmətlər də göstərsə, təxminən, dörd dəfə çox gəlir götürəcək. "Mən hələ də nə üçün həbs olunduğumu anlamıram, - Afaq deyir, - mən insan alveri ilə məşğul olmamışam, kimsəni qul kimi saxlamamışam. Mənim qızlarım hər xidmətdən qazandıqları pul ilə yanaşı, hər ay daimi maaş da alırdılar. Burda 12 qız işləyirdi, hər növbədə 4 nəfər. Kişilərə belə rahat olur, lap səhər saat yeddidə də gəlsələr, burda kimsə olur. Mənim yanıma hətta şəhərin mərkəzindən, başqa rayonlardan da gəlirdilər".
Afaqın biznesi xüsusi yeniliklərə sahib olmasa da, kifayət qədər düşünülmüş olub. 12 vərəqlik dəftərdən təşkil olunmuş kataloqda qızların şəkilləri vurulmuşdu. Yer məhdudiyyəti səbəbindən qəbula əvvəlcədən yazılmaq lazım idi ki, Afaq qızları düzgün paylaşdıra bilsin. İşlər belə getdiyindən, Afaq yeraltından çıxmağı arzulayırdı.
"Əgər elə olsaydı, mən şəhərin ən zəngin qadını olardım. Mən bu adamları anlamıram. İmkan verin işləyim, siz də öz verginizi alın. O halda hamı razı qalacaq. Hətta işçilərimi tibbi sığorta da etdirə bilərdim. Bu işi bütün şanı ilə görəcəkdim".
Azərbaycanın xəbər saytları sutenyorların həbsi və əxlaqsızlıq yuvalarının ifşası ilə bağlı məlumatlarla zəngindir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi yalnız fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvalarının təşkilinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu zaman fahişələr və onların müştəriləri cinayət məsuliyyətindən azad olur. 1999-cu ildə Milli Məclis qadın hüquqlarının müdafiəsi təşkilatının fahişəliyin qanuniləşdirilməsi ilə bağlı təklifini rədd etdikdən sonra bu məsələ geniş mübahisələrə səbəb olub. Bu zaman istər məsələnin lehinə, istərsə də əleyhinə bildirilən fikirlər dünyanın başqa yerlərində səslənən analoji fikirlərdən heç nə ilə fərqlənmir. Sadəcə, məsələyə milli mentalitet, həmçinin İslam dininin tələbləri ilə bağlı müddəalar da əlavə olunur.
"Mən belə düşünürəm ki, qanunlar yalnız ictimai asayişin mühafizəsi üçün yox, həm də cəmiyyətin müəyyən hadisəyə münasibətinin göstəricidir, - bunu universitetlərdən birində etika dərsi keçən Sevil Həsənova deyir, - əgər fahişəlik rəsmiləşdirilsə, biz bu yolla onun mövcudluğuna haqq qazandırmış olacağıq. "İstənilən halda, fahişəlik olub və olacaq", yaxud da "İnsan təbiətini dəyişmək mümkün deyil" tipli fikirlər mənə yad görünür. Bədənini kirayə vermək qadını ət parçası səviyyəsinə endirir. Fahişəxanaların rəsmiləşdirilməsi tərəfdarı olan rasionalistlər ya bunu unudur, ya da bu haqda susur. Onların tərəqqi və sivilizasiya gözlədiyi yerdə bizi Qərbdəki kimi çöküş və reqress gözləyir".
30 yaşlı iqtisadçı Tahir Ağayev məsələnin maliyyə tərəflərinə diqqəti cəlb edir: "Bircə onu düşünün ki, dövlət büdcəsi bu işin "kölgədə" qalması səbəbindən nə qədər pul itirir. Qonşu Türkiyədə fahişəxanalar olduqca ciddi vergilər ödəyir. Bu pulları əhalinin sosial və ya tibbi müdafiəsinə, məsələn, elə həmin fahişəxanalardan yayılan zöhrəvi xəstəliklərlə mübarizəyə ayırmaq olardı. Bu an bu prosesə kimsə nəzarət etmir".
"Fahişəliyi qadağan etmək, yoxsa rəsmiləşdirmək lazımdır?" sualına Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə cavab verir:
"İsveçdə seks xidmətləri bazarını məhdudlaşdırmaq üçün müştərilərə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu yolla tələbat azaldılıb və seks biznesi az gəlirli sahəyə çevrilib. Azərbaycanda məsələnin kökündə fahişəliyə böyük tələbat durur ki, bu məsələni yalnız qanun və inzibati yollarla həll etmək mümkün deyil. Mütləq ictimai qınaq olmalıdır. Özü də bədəni ilə ticarət edən qadın yox, onu alan kişi qınanmalıdır. Bir çox Qərb ölkəsində fahişəxanaya getmək insanın karyerasına son qoya bilər. Hətta bu söhbət yüksək vəzifə sahibləri ilə yanaşı, müəllim və həkimlərə də aiddir. Bizdə isə bütün bunlar əksinədir, hətta fahişələrdən istifadə edənlər bəzən təqdir də qazanırlar. İkili standartlar geridə buraxılmalıdır, yalnız bu halda məsələni yaxşıya doğru dəyişmək olar".
|
|
|
|
|
|
|