AŞPA abortlardan narahatdır
 |
Doğuşdan əvvəl uşaqların cinsinin seçilməsi xoşagəlməz tendensiya şəklini alıb
Şənbə, 24.09.2011
|
|
Avropa Şurası müəyyən edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan və Albaniyada doğumdan əvvəl uşağın cinsinin seçilməsi narahatlıq doğuran həddə çatıb. AŞPA-nın bərabər imkanlar komitəsinin hesabatında bildirilir ki, Azərbaycan, Ermənistan və Albaniyada oğlan və qızların nisbəti 112/100, Gürcüstanda isə 111/100 təşkil edir. Dünyada məqbul orta nisbət 105/100-dür.
İsveçrəli deputat Doris Stampın hazırladığı hesabatda bu dörd ölkədə nisbətin pozulmasının səbəblərini araşdırmağa və qadının cəmiyyətdə rolunu artırmağa çağırıb. Hesabatda qeyd olunur ki, doğumdan əvvəl uşağın cinsinin müəyyən olunmasına yalnız cinsi irsi xəstəliklərdən qaçmaq məqsədilə can atmaq olar. Bu mövzu ilə bağlı qətnamə AŞPA-nın 5-7 oktyabr plenar sessiyasında səsverməyə çıxarılacaq.
"İnsanları yasaqlarla yox, maarifləndirmə ilə abortdan çəkindirmək olar", - bu qənaətdə olan millət vəkili, MM sosial siyasət komitəsinin üzvü Elmira Axundovanın bildirdiyinə görə, Avropa Şurasının Parlament Assambleyasının 5-7 oktyabr sessiyasında tibb müəssisələri tərəfindən gələcək valideynlərə doğulacaq körpənin cinsi barədə məlumat verilməsini yasaq edən qətnamənin qəbul olunması gözlənilir. MDB və Balkan ölkələrində abort hallarının çoxalmasını nəzərə alaraq hazırlanan qətnamə layihəsinin Avropa Şurasına üzv olan bütün ölkələrə aid edilməsi planlaşdırılır.
Axundovanın sözlərinə görə, istənilən Azərbaycan vətəndaşı AŞ üzvü olmayan İrana, yaxud Türkmənistana gedərək gələcəkdə doğulacaq uşağın cinsini öyrənə bilər.
"AŞPA-da belə bir qərar qəbul edilsə, abort halları azalacaq, amma qeyri-leqal ultrasəs müayinələrinin (USM), digər ölkələrə bu məqsədlə gedənlərin sayı artacaq", - bu tendensiya da Axundovanın nəzərində real görünür. O, belə bir qərarın qəbulunun insan haqlarının qorunması sahəsində müəmmalı addım olduğunu da vurğulayıb. Axundova deyir: "Vətəndaşlar gələcək ailə həyatını planlaşdırmaq niyyəti ilə ÜSM aparatlarında müayinəyə gedirlər".
Millət vəkili hesab edir ki, bu məsələnin həllinə geniş maarifləndirmə işləri ilə nail olmaq olar: "Bəzən qadınlar ailədə onları gözləyəcək problemlərin qarşısını almaq üçün selektiv abort edirlər. Həmin qadınları da başa düşmək olar. İnsanları maarifləndirmək lazımdır ki, hər bir həyat müqəddəsdir, hər bir dünyaya gələn varlıq Allah vergisidir". Axundova qeyd edib ki, Azərbaycanda həm tibb işçilərinin, həm də vətəndaşların KİV vasitəsilə maarifləndirilməsinə ehtiyac var.
Azərbaycanda uşağı cinsiyyətinə görə abort edirlər
Son illərdə inkişaf etmiş ölkələrdə əsas siyasət - insanları doğuşun artmasına təşviq etməkdir. Demoqrafik böhranla üzləşmiş bir çox inkişaf etmiş dövlətlər bu ictimai böhranın qarşısını almaq istiqamətində layihələr hazırlayır və yeni təsir imkanları arayırlar. Araşdırmalar göstərir ki, hazırda dünyada hər 5 hamiləlikdən biri abortla yekunlaşır. Dünyada hər il 55 milyon körpə günəşi görmədən ana bətnində qətlə yetirilir. Azərbaycanda isə 2010-cu ildə 26 min 800 abort faktı qeydə alınıb.
Əslində bu rəqəmlərin daha çox olduğu, abortların əksəriyyətinin qeyri-qanuni yolla həyata keçirildiyi və qeydiyyata alınmadığı deyilir. Bu baxımdan statistik rəqəmlər nisbi xarakter daşıyır.
Mütəxəssislər əminliklə vurğulayırlar ki, Azərbaycanda abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində ultrasəs müayinəsi zamanı uşağın cinsinin müəyyənləşdirilməsi yasaqdır. Təəssüf ki, Azərbaycan qanunvericiliyində bu barədə boşluq var. Bu səbəbdən də uşağın cinsinə görə abort etdirilməsi çoxalır. Statistika göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qıza nisbətdə çoxalıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi özünün, demək olar ki, bütün illik hesabatlarında "ailə planlaşdırmasının əsas vasitələrindən biri kimi abortun geniş istifadə edilməsi narahatlıq doğurur" ifadəsinə yer verir. Komitənin əməkdaşları abortun ailələr, qadınlar və nəhayət, ölkə üçün fəlakətə çevrilməkdə olduğuna dair həyəcan təbili çalırlar. Çünki abortlar həm ölkə vətəndaşlarının sayının süni surətdə azaldılmasına səbəb olur, həm də qadınların sağlamlığına ciddi zərər vurur. Hətta abortun nəticəsi olaraq onlarla qadın ölür, əksər hallarda isə qadınlarda xoşagəlməz ginekoloji, onkoloji xəstəliklər, şəkər, qan təzyiqi, sonsuzluq, bağırsaq və böyrəklərin zədələnməsi, ürək çatışmazlığı yaranır. Abort sonrakı uşaqların anadangəlmə qüsurla doğulmasına da səbəb ola bilir. Komitə öz hesabatında tövsiyə edib ki, BMT Əhali Fondunun köməyilə ailə planlaşdırması sahəsində müvafiq proqramlar hazırlansın, abortlara gələcəkdə yol verilməsin.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova maarifləndirmə ilə bu problemin qarşısının alına biləcəyini deyir:
"Uşaq hüquqları baxımından bu düzgün deyil. Qız uşaqlarının dünyaya gəlməsi azalır. Bu problem var. Ən güclü təsir maarifləndirməkdir. Abortun rəsmən qadağan edilməsi də insan hüquqlarının pozulmasıdır. Uşağın hüququ var dünyaya gəlsin. Bunu pozduqda məsuliyyət valideynin üzərinə düşür. Bir yol var, o da maarifləndirməkdir".
Məlumat üçün bildirək ki, ölkəmizdə uşağın cinsi ultrasəs müayinəsi ilə müəyyən olunur. Hamiləliyin 12-ci həftəsində ultrasəs müayinəsi nəticəsində dölün cinsini bilmək olur. Qanunvericilikdə həkimlərin valideynlərə körpələrin cinsi haqda məlumat verməsi yasaq deyil.
"Abortun yasaqlanması rüşvətə yol aça bilər"
Beləliklə, Azərbaycanda da abortun inzibati metodlarla yasaqlanma məsələsi gündəmə gəlib. Ancaq bir sıra obyektiv və subyektiv səbəblər üzündən sözügedən məsələ açıq qalır. Məsələ ondadır ki, abort inzibati metodla yasaq edilərsə, o zaman bunun gizli şəkildə həyata keçirilməsi reallığı ortaya çıxacaq. Bu da öz növbəsində rüşvətxorluq üçün birbaşa zəmin yaradacaq. Məhz bu amil abortun inzibati metodla yasaqlanmasına əngəl yaradır.
Bütün bunlara görə parlamentin sosial siyasət komitəsi ictimai rəyin öyrənilməsini məqsədəuyğun hesab edir. Onu da qeyd edək ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında" qanun hazırlanır..
|
|
|
|
|
|
|