Yaşar Cəfərli, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti
"Heç kimə sirr deyil ki, Silahlı Qüvvələrimizdə aparılan kadr siyasəti çox acınacaqlı vəziyyətdədir. İnsan haqlarını təmin edən qanunvericilik aktlarının aliliyi təmin edilmir. Bu gün zabitlərimiz ölkənin ən zəif müdafiə olunan, öz hüquqlarını müdafiə etməkdə aciz olan, pozulmuş hüquqlarının bərpasında əlacsız qalan sosial qruplardan birinə çevrilib. İşi o yerdədir ki, zabitlər öz hüquqları uğrunda apardıqları mübarizə nəticəsində barələrində çıxarılan və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin də icrasına nail ola bilmirlər. Və yaxud hamımızı narahat edən daha bir misal: 15-20 il xidmət etmiş zabitlərin böyük əksəriyyəti xidməti uyğunsuzluqla ehtiyata buraxılır. Başqa maddələrin tətbiq olunmasına icazə verilmir. Qanun pozuntusuna dair daha bir fakt. İstifadə edilməyən əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi barədə çıxarılmış və qanuni qüvvəyə minmiş 10-larla məhkəmə qətnaməsi nazirliyin müvafiq komissiyası tərəfindən 1 ildən çoxdur ki, icra olunmur. Belə misallar çoxdur, davam etmək istəmirəm. Amma təkcə onu demək istəyirəm ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin qısa zaman kəsiyində təmin edilməsinə dair ölkə başçısının göstərişi var. Əgər Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələnin həllinə belə münasibət göstərirsə, görün indi digər sosial məsələlərin həlli nə yerdədir".
Telman Əbilov, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzinin direktoru
"Orduda sosial rifah məsələləri dövlətimizin müvafiq qurumlarının rəhbərlərinin insan amilinə münasibətindən və Silahlı Qüvvələrinin NATO-ya inteqrasiyasından asılıdır. Çox təəssüflər olsun ki, dövlətimiz bu xətti 1994-cü ildən götürsə də, hələ də bu istiqamətdə dəqiq siyasət yoxdur. Çünki yuxarıda göstərdiyimiz kimi, cəmiyyətdə əsas problemlərdən biri olan insan və vətəndaş hüquq və azadlıqlarının olmamasıdır. NATO-ya inteqrasiya isə insan və vətəndaş hüquq və azadlıqlarından keçir və həmin problemləri də həll edir. Əgər Silahlı Qüvvələrimizin NATO-ya inteqrasiyası təmin olunsa, insan və vətəndaş hüquq və azadlıqları ilə əlaqədar heç bir problem qalmaz.
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu cəmiyyət həmişə vətəndaş cəmiyyətinin nəzarəti altında olduğu üçün dövlətin bütün resurslarına nəzarət olunur və təyinatı üzrə sərf olunacaqdır. Bununla da bütün cəmiyyətin və o cümlədən hərbi qulluqçuların sosial-rifah halının yaxşılaşdırılmasında heç bir problem qalmayacaqdır. Məhz bundan sonra bu sahəni nizama salan normativ hüquqi aktlara əməl olunacaq və cəmiyyətin inkişaf tələblərinə cavab verməyən normativ hüquqi aktlar əvəzinə yeniləri qəbul olunacaqdır".
Natiq Cəfərli, iqtisadçı ekspert
"Büdcədən maliyyələşən hər bir qurum kimi, orduya ayrılan vəsaitin düzgün xərclənməsinin yoxlanılmasına ehtiyac var. Bildiyiniz kimi, orduya ayrılan vəsait ildən-ilə artır və ayrılan vəsaitin məqsədyönlü istifadəsi önəmli məsələlərdən biridir. Qeyd edilən sahədə olan problemlər idarəetmənin başqa sahələrində olan problemlərlə, demək olar ki, eynidir. Müxtəlif KİV-lərdə zaman-zaman çıxan xəbərlərdə, Müdafiə Nazirliyinin tenderlərində, alğı-satqı əməliyyatlarında neqativ halların mövcudluğu haqqında yazılır. Bu problemin kökündən həlli üçün tenderlərin, dövlət satınalmalarının şəffaf keçirilməsinə ehtiyac var.
Əlbəttə, bəzi təhlükəsizliklə bağlı məsələlərin məxfi qalması təbiidir. Amma ərzaq, inventar, mebel, camaşır, paltar kimi təhlükəsizliyə dəxli olmayan məsələlərə aid tenderlərin şəffaf keçirilməsi korrupsiya hallarının qarşısının alınmasında ən vacib şərtdir.
İndi Müdafiə Nazirliyinin büdcəsinə nəzarət mexanizmləri, demək olar ki, işləmir. Halbuki Hesablama Palatasının müdafiə xərclərinə nəzarət etməyə tam qanuni səlahiyyəti var. Bu səlahiyyətini həyata keçirmək üçünsə siyasi iradə lazımdır ki, qanunun aliliyi prinsipinin təmin olunmasına xidmət etsin".
|