"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda çalışan vətəndaşların sosial rifahının gücləndirilməsi istiqamətində qanunvericilik təklifləri hazırlayıb. Bu təkliflərin maraqlı olacağını əsas gətirərək onları qısa ixtisarlarla oxucularımıza təqdim edirik.
Hərbi qulluqçuların sosial rifahının gücləndirilməsi məqsədilə bir sıra hərbi qanunlarda aşağıdakı əlavə və dəyişikliklərin olması təklif edilir:
1. "Hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna əlavə edilsin:
- Ailələrinin sosial təminat məsələləri (iş, yaşayış sahəsi) həll edilməmiş çağırışçılara hərbi xidmətdən möhlət verilir.
- Yerli hakimiyyət orqanları və onların rəhbərləri hərbi çağırışçı və əsgər ailələrinin sosial problemlərinin vaxtında həll edilməsinə cavabdehdirlər;
- Könüllü hallar istisna olunmaqla, ailələrin yeganə oğul övladları iki və daha çox uşaq ataları, vətən uğrunda şəhid olmuş şəxslərin övladları və qardaşları hərbi xidmətdən azad edilirlər;
- Səhhətinə görə hərbi xidmətə məhdudiyyətlə yararlı sayılmış hərbi çağırışçılar belə kontingentdən tərtib olunmuş xüsusi hərbi hissələrə göndərilirlər.
- Maddi imkanı olan və hərbi xidmətə getmək istəməyən vətəndaşlar hərbi komissarlıqda yaradılmış xüsusi hesaba ilkin olaraq 10 min və 3 ildən bir 5 min manat məbləğində vəsait (çağırış yaşı başa çatanadək) ödəməklə hərbi çağırışdan azad olunurlar; beləliklə toplanmış vəsait isə hərbi xidmətdən tərxis olmuş əsgərlər, hərbi əlillər və şəhid ailələri üçün iş yerlərinin açılmasına sərf olunur.
- Çağırış yaşı 20-27 yaş müəyyən olunsun.
2. "Dövlət qulluğu haqqında" Qanuna əlavə edilsin:
- Hərbi xidmət keçməmiş şəxslərin (əlillər və fiziki qüsuru olanlar istisna olmaqla bələdiyyə orqanlarına seçkilərdə iştirak üçün namizədliyinin qeydə alınması, habelə icra hakimiyyəti və məhkəmə orqanlarına, dövlət tabeliyində olan idarə və müəssisələrə işə qəbul olunması qadağan edilsin;
- Dövlət qulluğuna qəbul vaxtı müharibə iştirakçılarına, əlillərinə, şəhid ailələri üzvlərinə üstünlük berilsin; vəzifələr ixtisara düşdükdə isə güzəşt edilsin.
- Övladlarını hərbi xidmətdən yayındıran və üzrlü səbəb olmadan vaxtında onları xidmətə göndərməyən valideynlərin dövlət qulluğunda qalmaları qeyri-məqbul hesab edilsin.
3. Əmək Məcəlləsinə əlavə edilsin:
- 18 yaşına çatmış kişi cinsi nümayəndələrinin fiziki qüsuru və əlillik dərəcəsi olmadan, hərbi xidmət çəkməmiş dövlət və bələdiyyə sistemində hər hansı işə qəbul olunması qadağan edilsin;
- İdarə və müəssisələrdə işə qəbul vaxtı hərbi xidmətdən tərxis olunanlara, müharibə iştirakçılarına, əlil və şəhid ailələrinin üzvlərinə namizədlər arasında üstünlük verilsin.
4. "Hərbi xidmət keçmə haqqında" Əsasnaməyə əlavə edilsin:
- Kiçik zabitlərin 3 ildən, böyük zabitlərin 5 ildən artıq eyni vəzifədə xidmət etmələrinə yol verilmir.
- 72-ci maddəyə əlavə edilsin ki, "10 gün ərzində vakant vəzifəyə təqdimat verilmədikdə və məsələ 1 ay ərzində həll edilmədikdə müvafiq komandirlər və rəislər məsuliyyətə cəlb olunur; bu müddətdən artıq vəzifələrin müvəqqəti adla icra edilməsinə yol verilmir;".
- 81-ci maddəyə əlavə edilsin ki, Silahlı Qüvvələrdə müvafiq vakant vəzifələr olduğu halda, səbəbindən asılı olmayaraq, qüsursuz xidmət edən hərbi qulluqçuların tutduqları vəzifədən aşağı vəzifəyə, yaxud rütbəsinə uyğun olmayan vəzifəyə keçirilməsinə yol verilmir;
- Qüsursuz xidmət edən, növbəti rütbə vaxtı çatmış və tutduğu vəzifə növbəti rütbəyə uyğun olmayan hərbi qulluqçuların bu vəzifələrdə 3 aydan çox saxlanılmasına yol verilmir; bu müddət ərzində onlar müvafiq vəzifəyə keçirilməlidirlər;
- 162-ci maddəyə əlavə edilsin ki, "Hərbi qulluqçu tərxis olunandan qabaq onunla aparılan hər iki söhbət barədə Söhbət Vərəqəsinin komandir (rəis) tərəfindən imzalanmış və möhürlənmiş bir nüsxəsi hərbi qulluqçuya verilir;"
- 77-ci maddəyə əlavə edilsin ki, "Müdafiə Nazirliyinin idarə, şöbə və xidmət rəisləri, hərbi korpus, briqada və digər hissə komandirləri Müdafiə Nazirinin təqdimatı ilə Hərbi Şura tərəfindən, digər zabit vəzifələrinə namizədlər komanda üzrə müvafiq komandirlərin (rəislərin) təqdimatı ilə Müdafiə Naziri tərəfindən təyin edilirlər".
- 81-ci maddəyə o da əlavə edilsin ki, "yol verdiyi nöqsanlara görə hərbi qulluqçuların aşağı vəzifəyə keçirilməsi məsələsinin "Zabitin şərəf Məhkəməsi"ndə müzakirəsindən və müvafiq qərarından sonra həll edilir".
- 45-ci maddəyə əlavə edilsin ki, "Müharibə dövrü istisna olmaqla, "polkovnik" hərbi rütbəsi ilk rütbə alınandan 17 il, "general-mayor" (kontr-admiral) hərbi rütbəsi isə 22 il sonra verilə bilər; "general" (admiral) rütbəsinə təqdim olunan "polkovnik"lərin qərargah xidməti təcrübəsi də olmalıdır"
Müəyyən edilsin ki, "general" (admiral) hərbi rütbələri Milli Məclisdə müzakirədən sonra, onun qərarı əsasında verilir;
5. "Hərbi Nizamnamə"yə dəyişiklik edilsin:
- İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1, 4, 6 və 7 saylı protokollarına və AR Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli müvafiq qanununa əsaslanaraq, gizir və zabitlərin məhkəmədən kənar qaydada intizam tənbehi edilməsi qadağan olunsun".
6. "Hərbi qulluqçuların statusu haqqında" Qanuna əlavə edilsin:
- 11-ci maddəyə: "Hərbi qulluqçuların vaxtında məzuniyyətə buraxılmasına (müharibə dövrü istisna olmaqla) müvafiq komandirlər (rəislər) məsuliyyət daşıyırlar;
- Hərbi qulluqçuların (o cümlədən müddətli həqiqi hərbi qulluqçuların) ailələri onların xidmət dövrü, habelə SQ veteranları, müharibə veteranları və əlilləri və ailələri kommunal enerji xidmətlərinin ödənilməsindən azaddırlar, bu xidmətlər yerli büdcələr hesabına ödənilir;
- 12-ci maddənin 2-ci bəndinin 1-ci abzasının sonunda "almaq hüququ vardır" söz birləşməsi "və faizsiz kreditlə təmin edilir" ifadəsi ilə; abzasın əvvəlində "15 təqvim ili" isə "10 təqvim ili" ilə əvəz edilsin; Həmçinin həmin bəndin 3-cü abzasında da "15 təqvim ili" " 10 təqvim ili" ilə əvəz edilsin;
- 12-ci maddənin 5-ci bəndinin 2-ci abzasına "əvəzsiz maliyyə yardımı göstərilir" söz birləşməsindən sonra "10 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 35 faiz miqdarında" ifadəsi əlavə edilsin;
4-cü abzasda isə "15 təqvim ili" "10 təqvim ili" ilə əvəz edilsin. 7-ci bənddə də həmçinin "15 təqvim ili" "10 təqvim ili" ilə əvəz edilsin.
- 12-ci maddəyə bu bənd əlavə olunsun: "Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslərin ailələri onlara yerli hakimiyyət orqanları tərəfindən yararlı yaşayış sahəsi, ev tikmək üçün torpaq sahəsi və faizsiz kredit ayrılmadıqda, yaşadıqları xidməti mənzili boşaltmağa borclu deyillər".
- Yaşayış sahəsi və evi olmayan zabit və gizirlər xidməti vəzifəsini yerinə yetirərkən həlak olduqda onların ailələrinə növbədənkənar bir ay müddətində mənzil, yaxud mənzil ayrılması barədə icra hakimiyyəti orqanının zəmanət məktubu verilir;
- 13-cü maddəyə əlavə edilsin: "Hərbi qulluqçuların həyat təhlükəsizliyinin təmin olunmasına və sağlamlığının mühafizəsinə hərbi hissə komanirləri birbaşa cavabdehdirlər. Bu məsələ hər rübün sonunda və ildə bir dəfə müzakirə edilir;
- Sülh və atəşkəs dövründə hərbi qulluqçu itkisi ilə bağlı məsələ ictimaiyyətin iştirakı ilə araşdırılır. Müvafiq tədbirlər görülür və nəticələr barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilir;
- Hərbi xidmət vaxtı xəsarət almış və xəstəliyə görə tərxis olmuş şəxslər ömrü boyu ölkə daxilində və xaricdə dövlət hesabına müalicə ilə təmin edilirlər;
- Sığorta hadisələri baş verdikdə xidmət vaxtı xəsarət almış və həlak olmuş hərbi qulluqçuların ailələrinə dövlət qulluqçuları üçün qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənilir.
(ardı gələn sayımızda)
|