Hal-hazırda Ayna qəzetinin 17.09.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.09.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
NATO-nun Strateji Konsepsiyası. Hüquqi təhlil
NATO-nun Strateji Konsepsiyası. Hüquqi təhlil
Şənbə, 17.09.2011


Azad Aslanov, üçüncü katib, Azərbaycan Respublikasını
mətn ölçüsü  

Portuqaliyanın paytaxtı Lissabonda 2010-cu ilin noyabrında keçirilmiş NATO üzv-dövlətlərinin Zirvə Toplantısında alyans üçün yeni Strateji Konsepsiya təsdiq edildi. NATO-nun Strateji Konsepsiyası təşkilatın müvafiq dövr ərzində fəaliyyətini istiqamətləndirən əsas sənəd hesab olunur. Hüquqi qüvvə baxımından bu sənədin NATO sənədləri iyerarxiyasındakı yeri ilə bağlı tam aydınlıq olmasa da, siyasi nüfuz baxımdan bu sənədin yalnız Şimali Atlantika Müqaviləsindən (Vaşinqton Müqaviləsi) geri qaldığı bildirilir. Yeni Konsepsiya növbəti onillik dövr üçün nəzərdə tutulur. Bu təhlildə NATO-nun 1999-cu ildə qəbul edilmiş Strateji Konsepsiyası ilə müqayisə əsasında yeni sənəddə əks olunan hüquqi əhəmiyyətli məqamları, müşahidə olunan meyilləri göstərməyə çalışmışıq.

Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə əsasən, müdaxilə halları

Yeni Konsepsiyada əks olunan ən böyük dəyişikliklərdən biri Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə əsasən, alyansın üzv-dövlətlərini müdafiə/mühafizə etmək üçün fəal hərəkətə keçmək hüququnu şərtləndirən halların kəmiyyət və keyfiyyətcə genişlənməsidir. Belə ki:

- sənədin girişində və sənədin 5-ci maddəyə istinad olunan digər hissələrində bu maddədə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 51-ci maddəsində yazıldığı kimi, "silahlı hücum" (armed attack) deyil, "hücum" (attack) yazılıb. Bununla da Konsepsiyanın özündə də təhlil edildiyi kimi, bu anlayışın əhatəsinə silahlı hücum ilə yanaşı, kiber hücum (12-ci bənd), enerji infrastrukturlarına hücum (13-cü bənd), hətta iqlim dəyişikliyi, su resurslarının azalması və s. kimi iqtisadi və ətraf mühit yönümlü digər məhdudiyyət və ya zorakılıqlar (15-ci bənd) daxil edilə bilər. Konsepsiyanın 4.a və 16-cı bəndlərində də "silahlı hücum" əvəzinə "hücum" yazılıb. 1999-cu il Konsepsiyası NATO-nun 5-ci maddəyə əsasən yalnız "təcavüz təhdidi" (threat of aggression) halında müdaxiləsini ehtiva edirdi.

- Konsepsiyanın girişində "...bir-birini vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yeni təhdidlər də daxil olmaqla, hücumdan müdafiə etmək..." ifadəsi alyansa özünün təfsir etdiyi istənilən təhdidə qarşı əməliyyat aparmağa imkan verir. Bir tərəfdən "yeni təhdidlər"in əhatə dairəsi Konsepsiyada göstərilmir, digər tərəfdən sənəd NATO-nun istənilən vaxt və istənilən məkanda əməliyyat apara biləcəyini ifadə edir. Fikrimizcə, "istənilən məkan" ifadəsi BMT Nizamnaməsinin aşağıda izah edilən 52-ci maddəsinin 1-ci bəndinin müəyyən etdiyi məhdudiyyətlərlə harmoniya tapmalıdır. Konsepsiyanın alyansın əsas vəzifələrinin əks olunduğu 4.a. bəndində "təcavüz təhdidi" ilə yanaşı, "meydana gələn təhlükəsizlik çağırışları" zamanı NATO-nun müdaxiləsi qeyd olunur. Konsepsiyanın təhlili nəticəsində bu yeni təhdid və ya çağırışları belə təsnifləşdirmək olar: NATO və ya müttəfiq dövlətlərinə qarşı ənənəvi (silahlı) hücum, silahların yayılması, terrorizm, NATO sərhədlərindən kənarda baş verən və ekstremizmi, terrorizmi, silah, insan və narkotik vasitələrin qaçaqmalçılığını gücləndirən sabitsizliklər və münaqişələr, kiber hücum və mühüm enerji infrastrukturlarına qarşı hücum, NATO-nun planlaşdırma və əməliyyatlarına maneçilik törədə bilən texnoloji inkişaf.

Müqayisə nəticəsində 1999-cu il Konsepsiyasında 5-ci maddəyə əsasən, müdaxilənin şərtlərinin daha məhdud olduğu və beynəlxalq hüququn rolunun daha çox tanındığı qənaətinə gəlmək olar.

REKLAM

Belə ki:

- sənəddə müdaxiləyə yalnız "təcavüz təhdidi" və ya "silahlı hücum" halında yol verilirdi;

- "təcavüz" ifadəsi 5-ci maddədə qeyd olunan silahlı hücumu tam əhatə edirdi;

- digər hallarda, o cümlədən terrorizm, sabotaj, mütəşəkkil cinayətkarlıq hallarında 4-cü maddəyə əsasən məsləhətləşmə nəzərdə tutulurdu. Bununla belə, 5-ci maddənin istinad etdiyi BMT Nizamnaməsinin 51-ci maddəsinin dili "təhdid" halında müdaxiləyə icazə vermir. Çünki bir tərəfdən sülh və təhlükəsizliyə təhdidin olduğunu yalnız BMT Təhlükəsizlik Şurası (TŞ) müəyyən edə bilər, digər tərəfdən isə Nizamnamənin 51-ci maddəsi yalnız silahlı hücum baş verdiyi təqdirdə müdaxiləyə icazə verir.

Bir sözlə, beynəlxalq hüquq alimləri arasındakı fikir ayrılıqlarına rəğmən, 51-ci maddənin mətninin literal təfsiri ilkin özünümüdafiə (preemptive self defence) hüququnu istisna edir. NATO və BMT TŞ Konsepsiyada NATO BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiq qaldığını qeyd edir və sülh və təhlükəsizliyin təmin edilməsində Təhlükəsizlik Şurasının əsas məsuliyyətini təsdiq edir. Bununla belə, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə Nizamnamənin VIII bölməsinin də daxil olduğunun müəyyənləşdirilməsi maraqlı ola bilər. Belə ki, bu bölmədə aşağıdakı məqamlar diqqət çəkir:

- Nizamnamənin 52-ci maddəsinin 1-ci bəndi NATO-ya yalnız regional fəaliyyət üçün münasib olan sülh və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün mövcud olmağa icazə verir;

- Nizamnamənin 53-cü maddəsinin 1-ci bəndində regional təşkilatların TŞ-nin razılığı olmadan əməliyyat apara bilməməsi qeyd olunur. Lakin Konsepsiyada əməliyyatlar üçün TŞ-nin icazəsinin alınmasının zəruri olduğu qeyd olunmur. 1999-cu il Konsepsiyasında TŞ-nin rolu daha geniş tanınır və TŞ-nin icazəsi ilə keçirilən əməliyyatlarda NATO-nun iştirak arzusu ifadə edilir;

- Sənədin 4.c. bəndində alyansın beynəlxalq təhlükəsizliyə töhfəsinin 3 yolu göstərilir: o başqa dövlətlərlə tərəfdaşlıq; o silahlara nəzarət, yayılmama və tərksilaha töhfə; o Avropa demokratiyaları üçün açıq qapı siyasəti ilə. Bununla belə, sənəddə TŞ tərəfindən mandat verilən əməliyyatlarda iştirak göstərilmir. 1999-cu il Konsepsiyasında da beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində TŞ-nin əsas məsuliyyəti tanınır. Avroatlantik məkanında təhlükəsizliyə isə töhfə verdiyi qeyd olunur. Yeni Konsepsiya isə məkanından asılı olmayaraq böhran, münaqişə və situasiyaların qarşısının alınması üçün NATO-nun BMT ilə yalnız birgə fəaliyyətini nəzərdə tutur.

Böhranlar - Prevention Sənəddə NATO sərhədlərindən kənarda baş verən böhran və münaqişələrin NATO-nun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcəyi qeyd edilir. Lakin qiymətləndirmənin hansı meyarlar əsasında, kim tərəfindən aparılacağı qeyd olunmur. Münaqişənin radiusuna gəlincə, bunun da digər hissələrdə göstərildiyi kimi, istənilən məkan ola biləcəyi qənaətinə gəlmək olar. NATO-nun "zəruri hallarda" müdaxilə edə bilməsi ifadəsi "mümkün hallarda" ifadəsinin hüquqi mandatı deyil, NATO-nun özünün imkanını nəzərdə tutduğuna işarə vurur.

Konsepsiyanın 22-ci bəndi böhranların qarşısının alınması üçün NATO tərəfindən beynəlxalq mühitin monitorinqini və qiymətləndirilməsini və müvafiq hallarda onların tam münaqişələrə çevrilməsinin qarşısının alınması üçün aktiv müdaxiləni nəzərdə tutur. Burada aktiv müdaxilə dedikdə həm də silah tətbiqi ilə həyata keçirilən tədbirlər başa düşülür. Burada silahlı hücumun baş vermədiyi halda gücün tətbiqinin hüquqiliyi məsələsi ortaya çıxır. Belə ki, qeyd edildiyi kimi, BMT Nizamnaməsinin 51-ci maddəsi yalnız silahlı hücumun faktiki baş verdiyi halda özünümüdafiəyə icazə verir. Bir sözlə, "gözlənilən" və ya "ilkin" özünümüdafiəyə yol verilmir.

NATO Tərəfdaşlığı

Yeni Konsepsiya əvvəlki AATŞ, MD, İCİ kimi tərəfdaşlıq mexanizmlərlə yanaşı, "yeni tərəfdaşlar", "dünya boyunca tərəfdaşlar" kimi əlavə terminologiyaya müraciət edir. Sözsüz ki, bu yalnız terminologiya məsələsi deyil, söhbət tərəfdaşların coğrafiyasının genişlənməsindən, daha doğrusu, tərəfdaşlığa coğrafi məhdudiyyətin qoyulmamasından gedir. Digər tərəfdən bu genişlənmənin yalnız kəmiyyət deyil, məzmun meyarı da vardır. Belə ki, sənəd böhranların aradan qaldırılmasında tərəfdaşlarla daha yaxından işləmə, tərəfdaşların iştirak etdiyi NATO əməliyyatlarının qurulmasında tərəfdaşların iştirakı, qlobal təhlükəsizliyin təmin edilməsində iştirakı, terrorçuluğun qarşısının alınması, enerji təhlükəsizliyi sahəsində məsləhətləşmələrin genişlənməsini nəzərdə tutur.

Göründüyü kimi, NATO-nun tərəfdaşlara "məsləhətləşmək", "daha yaxından işləmək", "NATO əməliyyatlarının qurulmasına cəlb etmək" kimi imkanları verməsi onların qərar qəbul etmək prosesinə cəlb olunması, yəni səsvermə hüququ verilməsi demək deyildir. Tərəfdaşlara beynəlxalq təşkilatlarda müşahidəçi statusuna bənzəyən belə bir statusun verilməsi anlaşılandır. Daha vacib məsələ, başlıca məqsədi yalnız öz üzvlərinin təhlükəsizliyini təmin etmək olan NATO-nun daxili (28 dövlətin) qiymətləndirməsi və qərarlarına (xüsusən də bunlar əsasında başlanacaq əməliyyatlara) tərəfdaşların bağlılığının tərəfdaşlara verdiyi təhlükəsizlik vədlərini müəyyənləşdirməkdir. Bu zaman NATO-nun beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə məsul qurum olmadığı - məcburedici faktor, digər tərəfdən NATO-nun öz tərəfdaşlarının təhlükəsizliyinə təminat vermədiyi - həvəsləndirici faktor nəzərə alınmalıdır.

Ərazi bütövlüyü prinsipi 1994-cü ildə qəbul olunmuş SNT Çərçivə Sənədində əks olunan əsas prinsiplərdən biri olsa da, bu sənədə qoşulan birinci dövlətlərdən olan Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün NATO-dan bu günədək real addım yoxdur. Halbuki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı qəbul olunan BMT TŞ-nin məlum qətnamələrində vəziyyətin Avroatlantik məkana daxil olan bu regionun sülh və təhlükəsizliyinə təhlükə törətdiyi qeyd edilir və bu vəziyyət indiyə qədər davam edir.

Nəticə

Konsepsiyada əks olunan müddəalar növbəti onillik ərzində NATO-nun fəaliyyət istiqamətləri və məkan radiusunun genişlənməsinin əsaslarını müəyyən edir. Bu, ilk növbədə Konsepsiyada 5-ci maddənin tətbiq dairəsinin genişlənməsi və dərinləşməsi, o cümlədən hazırkı beynəlxalq münasibətlər sistemində meydana gələn və ya mövcud olan bir sıra digər təhdidləri də əhatə etməsi ilə izah edilə bilər.

Digər tərəfdən, Konsepsiyanın təhlili NATO-nun qarşısına qoyduğu bu və digər vəzifələri, o cümlədən tək regional, Avroatlantik deyil, bütün dünya boyunca böhranlar üzrə fəaliyyətinin (qarşısını alma, idarə etmə və nəticələrini aradan qaldırma) hüquqi baxımından avtonom şəkildə, lakin digər aidiyyəti faktorlarla, o cümlədən BMT ilə birgə əməkdaşlıq şəraitində quracağı nəticəsinə gəlməyə əsas verir. Sənəddə Vaşinqton Müqaviləsində əks olunan mövqe bir daha təkrarlanaraq, NATO-nun sülh və təhlükəsizliyin təmin edilməsində BMT TŞ-nin əsas məsuliyyətini tanıdığı təsdiqlənir.

Qeyd: Bu məqalədə əks olunan fikirlər müəllifin şəxsi fikirləridir və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəsmi mövqeyinin ifadəsi deyildir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlıq strateji həddə qaldırılmalıdır"
Niyaz Yaqublu: "Hər hansı balans siyasətinin aparılması effektiv deyil"

Orduda sosial rifah problemləri
Azərbaycanda qüvvədə olan hərbi qanunvericilik sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və b. sosial rifahını necə gücləndirmək olar?

Hərbi qanunlarda necə dəyişiklik edilməlidir?
"Doktrina" ekspertləri təkliflər siyahısını təqdim edir

Baxış bucağı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər