Abxaziya seçkiləri digər separatçıları ruhlandırıb
 |
Şənbə, 10.09.2011
|
|
Separatçı Abxaziya rejimi avqustun 26-da növbəti prezident seçkiləri keçirdi. Seçkiyə qatılmış namizədlərdən sabiq vitse-prezident Aleksandr Ankvab 54.9, sabiq baş nazir Sergey Şamba 21 və müxalifətdə olan Raul Hacimba isə seçicilərin 19.83 faiz səsini qazandılar. Bu barədə seçki saatı qurtaran kimi yerli MSK açıqlama vermişdir. MSK-nın məlumatında o da yer almışdı ki, guya seçicilər fəallıq göstərmiş və əhalinin 71.92 faizi seçkilərdə iştirak etmişlər. Əslində bu saxta seçkilərdə seçicilərin heç 50 faizi belə iştirak etməyib.
Rusiyadakı sərt rejim tərəfdarlarının laboratoriyası
Heç də sirr deyil ki, separatçı Dağlıq Qarabağ, Abxaziya, Güney Osetiya və Dnestryanı rejimlər Rusiyaya məxsus hərbi güclər tərəfindən müdafiə olunur və onların himayəsində varlıqlarını sürdürürlar. Bu olmasaydı, həmin cinayətkar separatçı rejimlər bir-iki günün söhbətidir.
Tarixdən bəllidir ki, 2-ci Dünya Savaşında Rumıniya sovet qoşunları tərəfindən işğal olunduqdan sonra, tarixi Bessarabiya (əslində Basaroba) ərazisində "Moldova" adlı respublika elan edildi və bu bölgə Rusiyanın gələcək strateji maraqlarına və elə bu günlər üçün hesablanmış bir zəminə çevrildi. Moldova ərazisində "Dnestryanı Respublika" elan olunması əslində Şərqi Avropa masasına daxil olan Qərbin demokratiya siyasətinin Rusiya, Moldova, Ukrayna və Belarusda inkişafına qarşı böyük bir əngəlin yaradılması idi. Abxaziya və Güney Osetiya separatizminin əsas qayəsi isə Gürcüstan üzərindən Quzey Qafqaza yönəlik ən azından "İmeretiya vadisi" siyasətini və "Qafqaz Xalqları Özgürlük Savaşı"nı bütün hallarda durdurmaqdan ibarətdir. Separatçı "Dağlıq Qarabağ" rejiminə gəldikdə, Azərbaycan, Türkiyə və Türküstanın siyasi, mədəni, iqtisadi və mental bütünlüyü hədəflərinin qarşısını almağa yönəlmiş ən böyük əyləc hesab olunur. Bu da öz növbəsində Qafqazda strateji maraqları olan böyük güclərin hədəflərini hələ ki, qane edən əsas faktorlardan biridir. Rusiya məhz bu üç mühüm strateji faktor əsasında beynəlxalq siyasətdə əlavə divident qazanmaqda davam edir.
Separatçı regionlara isnad siyasəti bu gün həm də Rusiyadaxili siyasi proseslərin inikasıdır. Boris Yeltsinin hakimiyyəti dönəmində Moskva separatçı regionları müdafiə etməklə əslində özünün ərazi bütövlüyünü qorumağa çalışırdı. Vladimir Putinin 8 illik prezidentliyi müddətində isə dağılmış və artıq yoxa sayılmaqda olan imperiyanın qalıqları üzərində yeni bir "neoimperiyanı" gücləndirməyə cəhdlər edildi. Dmitri Medvedevin son 3 illik hakimiyyəti ərzində isə modernləşmə strategiyasının hədəflərinə uyğun olaraq "postkonfliktlərin anlaşma yolu ilə uzlaşdırılması" siyasəti gündəmə gətirildi. Hətta beynəlxalq birlik də bu yöndə səfərbər olundu.
Rusiyada 2012-ci il prezident seçkiləri ərəfəsində Dövlət Dumasına və yerli parlamentlərə seçkilərdə, eləcə də separatçı rejimlərdəki seçkilərdə hansı gücün qalib çıxması eyni zamanda Rusiyadaxili siyasi balansı müəyyən edəcəkdir.
Önə çıxmağa çalışan neoimperiya tərəfdarları bu baxımdan separatçı bölgələrdə daha sərt rejim tərəfdarlarının hakimiyyətə gəlməsinə açıq dəstək verməyə başlayıblar. Bu təhlükəli siyasət MDB məkanına daxil olan ölkələrdə gözlənilən mühüm seçkilərə də sirayət edə bilər. Rusiyanın neoimperiya tərəfdarları Abxaziya seçki laboratoriyasının uğurlarını davam etdirmək, daha da irəli getmək niyyətlərini gizlətmirlər.
Apsnıda seçki oyunları və Gürcüstan
Abxazlar bu separatçı bölgəni "Apsnı" adlandırmaqla, türk kökənli "abxaz" sözünü mümkün qədər unutdurmaq istəyirlər. Ancaq dünyanın tək tanıdığı isim olaraq "Abxaz" adı hələ də toxunulmaz qalır. Bu separatçı regionda 1991-ci ildən 2004-cü ilə kimi qatı milliyyətçi, tarix müəllimi Vladislav Ardzinba prezidentlik etmişdir. Bu adam Moskva xəstəxanasında müəmmalı bir şəkildə - "ürək ağrısından" öldü. Onun yerinə prezident keçən Sergey Şamba da bu ilin yayında 63 yaşında Moskvada eyni problemdən - "ürək ağrısından" öldü. İndi onun yerinə keçən Aleksandr Ankvabı nələr gözlədiyi isə vaxtında bilinəcəkdir.
Abxaziyada son "seçki"yə qatılmış namizədlər əslində Vladislav Ardzinbanın milliyyətçi siyasi məktəbinin nümayəndəsi Sergey Şamba, keçmiş KQB məmuru Raul Hacimba və sərt rejim, cinayət aləminin qanunları və gizli iqtisadiyyatın maraqlarını təmin edən Aleksandr Ankvab arasında nüfuz uğrunda gərgin mübarizə ilə müşahidə olundu. Sanki Abxaziya bu 3 yoldan birini seçməyə məhkum edilmişdi. "Seçki"lərdən sonra Rusiya ekspertlərindən biri Sergey İlyiçenko ironik şəkildə belə qeyd etmişdi: "Abxaziyada baş verənlər Rusiyada gözlənilən seçki perspektivinin aynasıdır".
Bölgənin Qali rayonu boyunca yaşayan 30 min nəfərlik etnik gürcü vətəndaşdan yalnız 10 min nəfərinə seçkilərə qatılmağa imkan yaradıldı. Abxaziya vətəndaşlığını qəbul etməyən 20 min gürcü bu seçki marafonundan kənarda saxlanıldı. Prezidentliyə bütün namizədlər gürcü əhalisinin səsini qazanmağa cəhdlər göstərdi. Hətta Sergey Şamba Qalidə gürcü dilində seçki təbliğatı apardı. Bütün namizədlər Moskvada özlərinə güclü dayaq əldə etmək üçün bir sıra təşəbbüslər də göstərdilər. Moskva isə hər zaman olduğu kimi, bu dəfə də əlavə seçki məntəqələri yaratmaqla (Moskva, Sankt-Peterburq, Nalçik və Çerkassk şəhərləri) istədiyi kadrı seçki sandığından çıxarmaq ustalığını bir daha nümayiş etdirdi...
Üç ay davam edən bu oyunun gedişində Gürcüstan tərəfi zahirən sakit və təmkinli görünsə də, əlaltından Avropa Şurası, Avropa Birliyi, BMT və digər beynəlxalq güclərin Abxaziyadakı "seçki"ləri tanımamaları üçün əlindən gələn bütün işləri səliqəli şəkildə həyata keçirə bildi. Gürcüstanın xarici dövlətlərdəki səfirləri bu üç ay müddətində, demək olar, yatmadılar. Abxaziya üzərindən gözlənilən hərbi fitnələrə qarşı bu dəfə dözümlü iradə nümayiş etdirdi. Türkiyə, İordaniya, Suriya və digər dövlətlərdəki çərkəz (abaza, abxaz) diaspor təşkilatlarının da bu seçkilərə passiv yanaşması yönündə böyük uğur əldə etdi.
Separatçı Dağlıq Qarabağ rejiminin "prezidenti" Bako Saakyanın Aleksandr Ankvabı ilk təbrik edən şəxs qismində çıxış etməsi bu dəfə Ermənistan-Gürcüstan münasibətlərinə daha ağır və sarsıdıcı zərbə vurdu. İrəvan rəhbərliyi Bako Saakyanın seçki protokolunun mürəkkəbi qurumamış təbrik teleqramı göndərdiyinə görə sudan quru çıxmaq cəhdləri effektsiz oldu, İrəvan-Tiflis münasibətləri daha da soyudu.
Abxaziyada sərt rejim tərəfdarlarının qələbə çalmasını gürcü analitikləri sakit qarşıladı. Onlar "su sənəyi suda sınar" ata sözünün gerçək olacağı günü gözləməyə üstünlük verirlər. Abxazdaxili klanların ilk dəfə açıq müstəvidə nüfuz uğrunda döyüşə qatılması və bu prosesin dərinləşməsi nəticəsində regionun daha ağır duruma düşəcəyini gürcülər sakit tərzdə müşahidə etməkdədirlər.
Bölgəyə sinergetik baxış
Avqustun 27-də, yəni "seçki"dən bir gün sonra, yeni prezident Aleksandr Ankvab öz "siyasi kursunu" açıqladı: belə ki, sentyabrın 26-da "prezident" kimi rəsmi andiçmə törənini gözləməyən Ankvab artıq ona qarşı müxalifətdə olan Amtsaxara - Abxaziya Könüllü Döyüşçülər Birliyinin Suxumidəki qərargah binasını yandırtdırdı. Müxalifətin əsas lideri Raul Hacimbanın tərəfdarları sərt şəkildə təqib olunmağa başladılar. "Abxaziyanın Səsi" və "Nujnaya" qəzetləri redaksiyalarına silahlı basqın oldu. "Çeqemskaya Pravda" qəzetinin baş redaktoru İnal Xaşiqə qarşı bəlli olmayan silahlılar tərəfindən təcavüz olundu. Axatsa (Vətən) təşkilatının lideri Arxa Bjaniya isə öz evinin qarşısında döyüldü.
Abxaziya "seçki"lərinə demokratik don geyindirilməsi üçün 27 dövlətdən 119 nəfər "beynəlxalq müşahidəçi" cəlb edilmişdi. Ancaq bu "müşahidəçi"lərin əksəriyyətinin siyasi avantüristlərdən, faşistlərdən və kommunistlərdən ibarət olması diqqət çəkirdi.
Məsələn: Mitsuxiro Kimura (Yaponiya, İssuy-Kay ultra-milliyyətçi təşkilatının lideri), Filipp Funoviç (Avstriya Kommunist Partiyası), Pyotr Luçak (Almaniya, solçu "Junge Welt" qəzetinin müxbiri), Bela Kovaç (Macarıstan, ultra-milliyyətçi sol "Jobbik" Partiyası), Mateuş Piskorski (Polşa, solçu "Samoobrona Rzeczpospolitej Polskiej" Partiyası), Aviqdor Eskin (İsrail, Rusiya yönümlü yazar), Araik Sarqsyan (Ermənistan, Dövlət İctimai Palatasının üzvü), Yevgeni Tsarkov (Ukrayna Kommunist Partiyası), Mixail Qarbuz (Moldova, solçu Moldova Yurdsevərlər Partiyasının sədri), Rəis Atnaqulov (Vladimir Putinin lideri olduğu "Rusiya Xalq Cəbhəsi" hərəkatının qurucularından biri) və s.
Bu sadalanan "beynəlxalq müşahidəçilər"in seçki oyununa demokratik don geyindirmək üçün atdıqları addımlar olduqca gülməli xarakter aldı. Hazırda sabiq namizədlər Sergey Şamba və Raul Hacimba öz tərəfdarları ilə birlikdə Aleksandr Ankvabın quracağı sərt rejimə qarşı daha güclü müxalifət yaradılması barədə anlaşmaya varmağa çalışırlar.
Siyasi çevrələr üçün bir qədər müəmmalı görünən Raul Hacimba əslində uzun müddət Abxaziyada gizli iqtisadiyyat baronlarından biri hesab olunur. Qara dənizdə qeyri-rəsmi balıq ovu, Abxaziyadakı qiymətli ağacların kəsilərək Rusiyada ticarətinin yönəldilməsi, Rusiya federal büdcəsindən Abxaziyanın dirçəlişi üçün ayrılan vəsaitlərə nəzarət, metal məmulatları biznesi və digər gəlir sahələri onun nəzarətində olmuşdur.
Bu gün Aleksandr Ankvabın iqtidara gəlməsi regionda gizli iqtisadiyyat tərəfdarlarının hakimiyyətin ən yüksək eşelonlarında yerləşdirilməsi ilə müşahidə olunmaqdadır. Belə ki, onlar cəngəllik qanunlarına söykənməklə sərt rejim yaratmağa xüsusi önəm verdiklərini heç də gizlətmirlər. Bu, həm də "Rusiya yönlü" və "Abxaz yönlü" korrupsiya piramidasının bütünləşməsi deməkdir. Belə bir siyasət digər separatçı regionlardakı kriminal strukturları da hərəkətə gətiribdir. Artıq Dağlıq Qarabağ və Güney Osetiyada bu siyasətin əlamətləri müşahidə edilməkdədir. Çünki ortada bir Abxaziya örnəyi mövcuddur.
|
|
|
Oxşar xəbərlər:
DAK birləşə bilər
Azərbaycan Milli Keçid Şurasını Liviyanın təmsilçisi kimi tanıdı
"Cənub dəhlizi" üzrə birgə işçi qrupu yaradılır
Məktəbli rəssamlara hədiyyələr
Azərbaycanlı musiqiçi birinci oldu
|
|
|