Güneydən və Quzeydən olan qadın intellektuallar ikiyə bölünmüş Vətəni bir bütöv görmək amacı ilə Parlament platformasında birləşərək çalışmalara başlamağı qət ediblər. Onların artıq ilk toplantısı da keçirilib.
GünAz. TV-nin xəbərinə görə, hədəf - Azərbaycanın bütövlüyü ideyasını təbliğ etmək, ikiyə bölünmüş Vətənimizin qadınlarının bu milli idealın gerçəkləşməsi istiqamətində birgə mübarizəsinə nail olmaq, Güneydə gedən milli mübarizədə iştirak edərək, təzyiqlərə məruz qalmış qadınlarımızın haqlarını qorumaqdır.
Bu qurum bütövləşmə ideyasının həyatilik qazanması yönündə ideoloji fəaliyyətin qurulmasını, qadınların intellektual potensialının səfərbər olunmasını, bütövlük düşüncəsinə cəmiyyətin ən çeşidli təbəqələrindən olan xanımlar arasında dəstək qazanmasını, Güney və Quzey Azərbaycan qadınlarının ortaq milli hədəf və düşüncələri gəlişdirməsini əsas vəzifə olaraq nəzərdə tutur.
Qurumun təşkilat komitəsinə filologiya üzrə fəlsəfə doktoru Nuriyyə Şərqi, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yasəmən Qaraqoyunlu, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Yağmur, Ümid Partiyasının ictimai əlaqələr üzrə sədr müavini Aynurə İmranova, MEA əməkdaşı, fəlsəfə doktoru Alov Eyvazova, Türkiyə Mərmərə Universitetinin müəllimi, doktor Gülarə Yenisey, Güney Azərbaycandan Nazlı Sulduz daxildir.
Təsisçilərin müraciətindən: "Milli hədəfimiz Bütöv Azərbaycana addım-addım yaxınlaşmaq və fars rejimi ilə üz-üzə qalan həmvətənlərimizə dəstək üçün bu yola çıxdıq və bu yolda sizə, sizin dəstəyinizə güvəndik!".
İctimai Parlamentin məqsəd və vəzifələri sırasında bu niyyətlər öz əksini tapır:
Bütöv Azərbaycanın regional və qlobal perspektivinin əsaslandırılması, bu yöndə beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail olunması;
Bu məqsədlə Bütöv Azərbaycanın fəlsəfi, ideoloji, iqtisadi, siyasi, dini, tarixi, sosioloji, ədəbi-bədii, nəzəri əsaslarının konseptual doktrinalarının hazırlanmasına yönəlik tədbirlər planının həyata keçirilməsi;
Repressiya olunan, itkin düşən, işgəncə və təzyiqlər altında olanlar haqqında hesabatlar hazırlanması, bu barədə beynəlxalq məhkəmə və hüquq təşkilatlarına müraciətlər edilməsi;
İnsan hüquq müdafiə təşkilatları və qeyri-hökumət təşkilatları ilə birgə konfransların, görüşlərin təşkili;
Mətbuatda daim Güney Azərbaycanda insan haqlarının vəziyyəti barədə hesabatların yayımlanmasının təşkili və s.
|