Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı ilə bağlı açıqladığı son hesabatı quruma üzv 35 ölkəyə göndərilib. Belə bir ehtimal var ki, İranın inadkar mövqeyində yumşalma hiss olunacaq. Hələ ötən ay rəsmi Tehran bu istiqamətdə bir neçə addım atıb. Amma bunun yetərli olmadığı haqda fikirlər var.
AEBA müfəttişləri İranın "bütün nüvə obyektlərində" avqustun sonlarında 5 gün yoxlama aparıblar. Heyətə qurumun baş direktor müavini German Nakerts başçılıq edib.
Müfəttişlər Buşərhr AES, Nətənz və Fəruddakı nüvə obyektlərində, İsfahanda nüvə yanacağı istehsalı müəssisəsində olub, Əraqdakı ağır su istehsal edən araşdırıcı reaktora baxış keçiriblər.
Bununla belə, Tehranın öz nüvə obyektlərinin sayı ilə bağlı hələ də səmimi olmadığı fikri qüvvədə qalır. "MIGnews"-un məlumatına əsasən, İran rəhbərliyi nüvə obyektlərini hava zərbələrindən qorumaq üçün onları yer altında gizlətmək haqda qərar qəbul edib.
İran atom təşkilatının sədri Firudin Abbasi-Davani ölkə televiziyası ilə çıxışında bildirib ki, Fəruddakı nüvə reaktorunda mühəndislər çox "fəal işləyərək, obyektin gələcək təhlükəsizliyini təmin etməyə çalışıblar". O qeyd edib ki, Fəruddakı reaktor yeni, daha səmərəli sentrifuqlarla təmin olunacaq.
Bir müddət öncə İranda uranın 5 faiz səviyyəsində zənginləşdirildiyi bildirilirdi. Davani isə deyir ki, "səhiyyə sənayesində istifadə üçün 20 faizli urana ehtiyac var". O deyib ki, Qum şəhərinin şimalında Fərudda yeraltı obyekt tikilib. Orada 3 minədək sentrifuq yerləşdirmək olar. AEBA və BMT hesab edir ki, uranı İranın 20 faiz səviyyəsində zənginləşdirməsi yolverilməzdir, çünki bu, hərbi sənayenin ehtiyaclarını ödəyə bilər.
ABŞ Dövlət Departamenti mətbuat xidmətinin başçısı Viktoriya Nuland F.Abbasi-Davaninin bəyanatına münasibət bildirərkən deyib ki, Qum yaxınlığında nüvə obyektinin mövcudluğundan "Vaşinqton rahatsızdır".
AEBA baş direktoru Yukih Amano isə avqustun sonunda jurnalistlərə bildirmişdi ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməkdən boyun qaçırır: "Nətənzdəki sentrifuqların Fərud nüvə təsisatına köçürülməsi onu göstərir ki, İran əvvəlki kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən boyun qaçırır".
"Röyter"in məlumatına əsasən, agentlik İranın nüvə başlığı hazırlaması ehtimalından "çox rahatsız"dır. AEBA-nın hesabatından Qərb dövlətləri narahat olmağa başlayb. Onlar İranın nüvə fəaliyyətinin atom bombası yaratmaq mahiyyəti daşıdığında israrlıdır. Bu baxımdan Amerika və müttəfiqlərinin İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirəcəyi qaçılmaz görünür.
|