Bu gün Güney Azərbaycanın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz məcrasında yeni nümayişlər gözlənir. Ötən həftələr - 27 avqust və 3 sentyabrda bu etiraz aksiyaları kəskin şəkil aldı və dünya mediasının diqqət mərkəzinə gəldi.
3 sentyabrda Təbrizin Bazar meydanı, şəhər hakimiyyətinin binası ilə Rastaküçə arasında, Əmin üçyolu, Qonkabaşı və Bağ qabağında 10 mindən çox adam etiraz aksiyasına çıxmışdı. Təbrizdə polis dinc aksiya iştirakçısı olan uşaq və qadınları tutub. Əlində dəyənək olan motosikletli polislər və bəsiclər yürüşçülərə hücum çəkib. Təbrizdə Şahnaz xiyabanında dinc aksiyanın iştirakçısı olan 20-22 yaşlı bir gənc kişinin öldürüldüyü xəbər verilsə də, onun adı hələ təsdiqlənməyib.
Qərbi Azərbaycan vilayətinin mərkəzi şəhəri Urmiyanın İmam, Ətai, Besət, Cənubi Xəyyam, Kaşani xiyabanlarında, Vilayəti-fəqih və Əyalət meydanlarında çoxsaylı etiraz yürüşü keçirilib. Güney Azərbaycanın Sarab, Əhər, Meşkin kimi şəhərlərində də əhali Urmiya gölünün taleyinə biganə qalmayıb və öz etirazını bildirib. Tehran azərbaycanlıları isə İmam Hüseyn və Azadlıq meydanlarında aksiya keçirməyə çalışıb.
Əldə olan bilgilərə əsasən, polis, çevik polis alayı, eləcə də İnqilab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan bəsiclər, habelə tanınmayan bir sıra qüvvələr bütün şəhərlərdə etiraz aksiyalarına qarşı güc tətbiq edib.
Polis maşınları Tehranın mərkəzini, Bahar meydanını, paytaxtın az qala bütün əsas küçə və meydanlarını nəzarətə götürüb.
Yerli müşahidəçilər bildirib ki, Urmiyanın Zəncir, Mərkəz, Müntəziri, Mahabad darvazası, Mədəni, Ətai səmtləri "tam bir savaş meydanını xatırladıb". Aksiyaçılara qarşı odlu silahdan da atəş açılıb. Motosikletçilər əllərindəki dəyənəklə şüar hayqıranları vurublar. Polis aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Urmiyadakı Mütəhərri adına xəstəxanaya gətirilmiş yaralı aksiyaçıları İnqilab Keşikçiləri Qvardiyası gəlib aparıb.
Çoxlu sayda tutulan və yaralananların olduğu bildirilirsə də, onların sayını dəqiqləşdirmək hələlik mümkün olmur.
Aksiya iştirakçılarının tələbləri:
- Gölün qurumasının qarşısını almaq üçün təcili gerçək tədbirlər görülsün;
- Hökumət, parlamentin sədri və Azərbaycan xalqını təhqir edən deputatlar xalqdan üzr istəsin;
- Qərbi Azərbaycan əyalətinin valisi insanlara atəş açılması əmrini verdiyinə görə istefaya göndərilsin və cinayət məsuliyyətinə cəlb edilsin;
- Etiraz yürüşlərində həbs olunmuşlar sərbəst buraxılsın;
- Aksiyalar zamanı güc qurumlarının adi vətəndaşların mal-mülklərinə vurduğu ziyanı hakimiyyət ödəsin;
- Dövlət informasiya vasitələrində dinc aksiya iştirakçılarının ünvanına "quldur", "yolkəsən", "tör-töküntü" kimi təhqiredici ifadələr dayandırılsın.
Xəbərlərə görə, İranın Ankara səfirliyi qarşısında, İsveçin Gütenberq şəhərində də Güney Azərbaycan türklərinin Urmiya gölünün ağır taleyi ilə bağlı etiraz aksiyaları keçirilib.
Başqa bir xəbərə görə, Təbrizdə evlərin damlarında snayperlər yerləşdirilibmiş. Polis küçədə gördüyü hər kəsi həbs edib. Bəsic qüvvələri xüsusi təyinatlıları dinc əhaliyə qarşı hücuma çağırıb... Ankara Universitetinin magistrantı Məcid Cavadi və onun qardaşı Urmiya Universiteti informatika fakültəsinin tələbəsi Tohid Cavadi təhlükəsizlik polisi tərəfindən həbs olunublar. Polis onların ata evinə sanksiyasız girərək, qanunsuz axtarış aparıb. Qardaşlara məxsus bir sıra əşyalar müsadirə edilib...
|