Ötən həftə İran məhkəməsinin keçmiş sədri Mahmud Şahrudi parlamentin "İslam Oyanışı" fraksiyasının üzvləri ilə görüşdə deyib: "Bölgədəki inqilabçı xalqların İran ilə əlaqələrindən düşmən qorxur. Buna görə də islam inqilabına rəqib olması üçün bölgədə liberalvari bir islam yaratdı. Düşmən bölgəyə Türkiyənin timsalında belə bir islamı qəbul etdirməyə çalışır".
Şahrudinin xəstə təfəkkürünə görə, Ankara Suriyada dinc etirazçıların öldürülməsinə göz yummalı imiş. Bu cənab yəqin prezident Əhmədinejadın açıqlamasından xəbərsiz imiş. Bilməyib ki, Əhmədinejad da Suriyada aksiyalar başlayandan bəri ilk dəfə olaraq tərəfləri "milli danışığa" çağırıb və deyib ki, bir-birinizi qətlə yetirməyi dayandırın. Şahrudinin məntiqi ilə Əhmədinejad da "liberal yönlü islam"ın təmsilçisidir və "düşmən"ə xidmət edir.
İranın rəsmi informasiya vasitələrindən biri "tabnak.ir" xəbər verir ki, ayətulla Nasir Məkarim Şirazi Türkiyə hökumətinə qarşı sərt çıxış edərək onu Suriyaya yönəlik siyasətinə görə tənqid edib. "Biz Türkiyənin Suriyaya qarşı belə lovğalığı, özündən razı fəaliyyət göstərəcəyinə inanmırdıq. Türkiyə bilməlidir ki, Suriyaya vurulan zərbə bir gün ona qarşı da olacaq. Lovğa davrananlar adətən rahat yatır, olayların tərs üzünü görmürlər. Ancaq onlar bilməlidir ki, bir gün bədbəxtlik onların da qapısını döyə bilər".
Əgər xatırlayırıqsa, bu molla ötən il Azərbaycan Respublikasına qarşı da birbaşa hədə dolu çıxış yapmış, türk demiş, "kor atı minib köndələn çapmışdı". Siyasi dildə buna "stəkanda fırtına qoparmaq" da deyilir.
Bu yaxınlarda İran İnqilab Keşikçiləri Qvardiyasının rəsmi saytına adı çəkilməyən qurumun yüksək rütbəli hərbçisi yekə-yekə demişdi ki, Türkiyə Suriyanın daxili işlərinə qarışarsa, o zaman "İranın müqavimətinə tuş gələcək". Onun sözlərinə görə, Suriyanın iç işlərinə ABŞ və Türkiyə qarışarsa, o halda İraqın şimalında yeni Əfqanıstan yaranacaq:
"Biz Amerika və Türkiyənin oradakı ticarət mərkəzlərinə, eləcə də kürdlərin bazalarına zərbələr endirəcəyik. Türkiyə Suriyaya ordu yeridərsə, onda biz Türkiyəyə savaş elan edib, bütün gücümüzlə Suriyanı dəstəkləyəcəyik".
İran Məclisi təhlükəsizlik və xarici siyasət komitəsinin başçısı Əlaəddin Brücerdi də geri qalmamışdı: "İran yol verməz ki, ABŞ-ın növbəti qurbanı Suriya olsun. Biz çalışacağıq ki, Suriya Fələstin müqavimətinin mərkəzi olaraq qalsın".
Onun sözlərinə görə, bu ölkəyə münasibətdə İran seçim etməlidir: "Ya biz Suriyanın Amerika tərəfindən işğalına, eyni halda NATO-nun bu ölkəyə hücumuna bəhanə verməli, ya da bu ölkədə münaqişəyə son vermək üçün Suriyaya yardım etməliyik".
İslam adından danışan molla Məkarim Şirazinin Suriya prezidenti Bəşşar Əsədin dinc etiraz aksiyası keçirən vətəndaşlarını dəstə-dəstə qırıb çatdığını pislədiyinə görə, Türkiyəyə qarşı hədyanlar danışarkən imanı harada olub görəsən?
Baxın, nə qədər təzadlı olsa da, Qəddafi rejiminin devrilməsini Əhmədinejad alqışlayır. O, Liviya xalqını "Qəddafi rejimi üzərində qələbə münasibəti ilə" təbrik edib.
Məkarim Şirazi və onun kimi düşünənləri rahatsız edən nədir? Bircə şey: Tehran Yaxın Şərqdə özünün əsas bazası sayılan Suriyada mövcud rejimin dəyişilmə ehtimalından qurcuxur. Çünki Bəşşar Əsədin hakimiyyətdən getməsi İranın bölgədə nüfuzunu heçə endirəcək. Terroru dəstəkləyən bir ölkə olaraq onun dünya gündəmində növbəyə gələcək.
Çox maraqlıdır, gözümüzün önündə bir-bir tarixin arxivinə verilən diktatorlar və onların yaxın əhatələri eyni leksikonla danışır, eyni şəkildə davranır, eyni naqis psixologiyanı bölüşürlər. Dünya düzənində baş verənlər onlara dərs olmadımı?
|