Ölkədə çoxspektrli maraqlar toqquşduqca...
 |
Özümüzü qorumaq üçün əlimizdə silah var
Şənbə, 03.09.2011
|
|
Görməyə bilmirik ki, bu torpaqlarda strateji maraqları olan güclər arasında paytaxt Bakıda və regionlarda açıq-gizli savaş küləkləri əsməkdədir. Görginlik özünü tədricən açıq şəkildə üzə verməkdədir. İran yanlısı sosial şəbəkələrin İsrail səfirliyi qarşısında heç nədən çəkinmədən, lap Tehranda da olduğu kimi, "İsrailə ölüm!!! Amerikaya ölüm!!!" şüarlarını səsləndirməsi bunun bir əlamətidir.
Boşluğu dolduran odur ki, Avropa Birliyinə, BMT, ATƏT və digər beynəlxalq strukturlara Azərbaycanda inam xeyli dərəcədə sarsılıb. Çünki ATƏT Minsk Qrupunun 18 ildir yürütdüyü sülh danışıqlarının perspektivinə indi Azərbaycanda inanan yoxdur. Son 15 ildə ölkədə kök salmış bir sıra dini təriqət və məzhəblərin də fərqli biçimdə sosial strukturları yaranıb. Azərbaycanda bu strukturların hər biri özünün ideoloji savaş səngərini qazıb. Açıq şəkildə, lap döyüş meydanında olduğu kimi, özlərinin top-tüfəngini qarşı cəbhəyə tuşlayıb və arabir atəş açmağa başlayıblar. Bəzən gizli, bəzən açıq formada olsa da, bu savaşın barıt qoxusu siyasi çevrələrdə artıq etiraf olunmaqdadır.
10 milyon dollar və 100 min imza
Bir ay öncə İranın Qum şəhərindəki "Beynəlxalq Əhli Beyt Təşkilatı"nın maliyyə dəstəyilə Azərbaycanda "Hicaba dəstək" adı altında 100 min nəfərlik imza kampaniyası aparıldı. Tehrandan yayımlanan "Əxtər TV" kanalının da etiraf etdiyi kimi, bu aksiyaya 10 milyon dollar dəyərində qrant ayrılmışdı. İranın uzun müddət Azərbaycanda hazırlamış olduğu kiçik mobil qruplar həmin aksiyada yaxından iştirak etdilər. Bununla da İran Azərbaycanda ən azından özünün 100 min nəfərlik tərəfdarı olduğunu siyasi qüvvə kimi sərgiləmiş oldu.
Çox təəssüflər olsun ki, İranın bu siyasi aksiyasına bilərəkdən, ya bilməyərəkdən ölkənin bir sıra nüfuzlu KİV-ləri də qatılmışdılar. İndi sırada AİP-in (Azərbaycan İslam Partiyası) məhkəmə prosesinin dəstəklənməsi layihəsi gündəmdədir. AİP-in tutuqlu rəhbərlərinin və tərəfdarlarının məhkəmə prosesinin insan hüquqları və vicdan azadlığı məzmununda müdafiə olunması həmin layihənin tərkib hissəsidir. Ancaq heç kəs açıq şəkildə bildirmir ki, AİP-çilərin Azərbaycanı paniranizm və panfarsizmin girdabına yuvarlatması elə ölkəmiz üçün ən böyük milli xəyanətdir. Çünki İranda 86 ildir mövcud olan qatı fars şovinist siyasəti "qədim ariyayi ali" ideyasına dayanıqlı olaraq bu gün də inkişaf etdirilməkdə, əldə rəhbər tutulmaqdadır.
Pəhləvilər sülaləsi zamanı bu siyasət daha çox Əhəməni və Sasani fars imperiyalarının tarixinə söykənirdisə, artıq 31 ildir bu proses din pərdəsi altında inkişaf etdirilməkdədir.
İran Azərbaycanın 20 illik dövlət müstəqilliyini nəinki qəbul edir, hətta bu regiona qarşı coğrafi mənada iddialı olduğunu belə gizlətmir. Tehrandakı klerikal rejim Əfqanıstan, İraq, Suriya, Bəhreyn, Fələstin, Misir, Pakistan və Tacikistanda apardığı ekspansionist siyasəti Azərbaycana da tətbiq etməyə çalışır. Buna görə də tarixən dini ideologiya pərdəsi altında gizlənmiş və fars şovinizminə xidmət edən Kamiliyyə, Mənsuriyyə, Hətəbiyyə, Haşimiyyə, Yunisiyyə, Nəsriyyə, Səbəiyyə, Cənahiyyə, Qurabiyyə, Zəririyyə, Müfavizzə, Bədaiyyə, Bənaniyyə, Səlihiyyə, Qədiriyyə, İmamiyyə, İsmailiyyə cərəyanlardan məharətlə yararlanmışdır. İndi bu strategiya daha mükəmməl şəkildə "Məcməye-Rohaniyyəne-Mobariz", "Məcməye-Niruhaye-Xətte-İmam", "Məcmeyi-Nümanyendeqane-Hezbollah", "Məcməye-İslami-Bənovan" və digər ideoloji mərkəzlər bu missiyanı həyata keçirirlər. Bu gün "Hezbe-Həmbəstəge-Enqelabe-İslami", "Hezbe-Karqozane-Sazendegeyi-İrane-İslam", "Hezbe-İslami-Kar" tipli siyasi partiyalar bu xüsusda paniranizmin coğrafi mənada genişlənmə strategiyasının uzantılarını yaradırlar. Bu cərəyanlar birbaşa Tehrandakı "Dəftəre-Təhkime-Vəhdət", "Əncüməne-İslami-Müdərrisine-Daneşgahha", "Əncüməne-İslami-Camiye-Pezeşge" tipli mərkəzlərə bağlıdır. Onların izlədiyi siyasətin, məkrli niyyətlərin təməl prinsiplərini bilməyənlər AİP-in strateji hədəflərinin ölçülərini də qiymətləndirə bilməzlər.
Xristian missionerlər də geri qalmaq istəmirlər
Fransa mənşəli xristian missioner təşkilatlarının hamısı ölkənin güney bölgəsində məskunlaşıblar. Almanlar Gəncəbasarı, yunanlar Şəki-Zaqatala, ingilislər Qusar, Xaçmaz, Quba, Sumqayıt və Bakını, norveçlilər Qarabağətrafı bölgələrdə lövbər salıb. Xristian dininə məxsus lüteran, babtist, katolik, əllincilər, protestant, Yahova şahidləri, ortodoks, kopt, yevangel, kalvinizm, kvaker, mennonist, xristadelfian, adventist və digər təriqət və məzhəblərin yeni sosial şəbəkələrə çevrilməsi bir proses olaraq daha geniş xarakter almağa başlayıbdır. Xristian dövlətləri sanki Azərbaycanı müxtəlif regionlar üzrə də inhisara alıblar. Bu şəbəkələr sayəsində ölkədə milli konsolidasiya böhrana düşmüşdür.
Qərbin "üçüncü dünya ölkələri" layihəsinə daxil edilmiş Azərbaycan projesi bu məcrada inkişaf etdirilməklə, iqtisadi, maliyyə və digər sahələrdə onlara "yad" olmayan kadr siyasətinə bağlıdır. İqtisadi sömürgə siyasətində hüquqi bazis, bunu təmin edən kadrlar onlar üçün ən mühüm faktorlardan biri hesab olunur. Qərb dövlətləri müsəlman ölkələrindən fərqli olaraq, vətəndaşlara çağdaş texnologiyalarla öz standartlarına uyğun şəkildə təhsil verməklə, onlardan öz uzaqmənzilli niyyətlərində məharətlə istifadə edir. Bu siyasətin ardında gizlənmiş niyyət - iqtisadi və siyasi hədəflərdir. Bu hədəflər həmin ölkələrin regiondakı dərin uzantılarına hesablanmışdır. Roma papası İohann Pavel vaxtilə bunu nəzərə alaraq deyirdi:
"Bizlər miladi tarixin birinci minilliyində Avropanı, ikinci minillikdə Amerikanı xristianlaşdıra bildik. Üçüncü minillikdə isə Asiyanı xristianlaşdırmalıyıq".
Çox maraqlı hal ondan ibarətdir ki, Qərbin "üçüncü dünya ölkələri"ndə özünə məxsus missioner təşkilatları tərəfindən yaradılan dini icmaların insan haqları prinsipləri əsasında dərhal rəsmi qeydiyyata alınması həmin dövlətdən tələb olunur. Bunu vicdan azadlıqları, insan hüquqları və demokratiyanın vacib şərtləri olaraq irəli sürürlər. Qərb yerli toplumların tarixi və ənənəvi milli mentalitetinin özəlliklərini tanımaq belə istəmir. Digər yandan isə həmin missioner qurumlar "OPUS DEİ" (Tanrının işləri) adı altında birgə hərəkət edirlər. Bununla da bütövlükdə cəmiyyətin "xristianlar kimi düşünmək" projesi rəsmiləşdirilməyə çalışılır. Bu projenin gizli kodu isə "Invisible Church" adlanır. Yəni insanlar müsəlman olsalar da, gerçək yaşam tərzində xristian dəyərlərinə yönəldilməlidir.
Vəhhabizm, nurçuluq, süleymançılıq...
Cəfəri (şiə) və sünni təriqətindən savayı, Azərbaycanda çox geniş şəkildə yayılmaqda olan vəhhabizm, nurçuluq, süleymançılıq, kaplançılıq, ixvan-ül-müslimin (islam qardaşları), İbrahim övladları, Riyadus-salihin, Hizb-üt-təhrir, xaricilik, mürciəlik, cəbriyyə, cəhmiyyə, xəlvətiyyə, mütəzilə, müşəbbihə, bidətçilik və digər sünni təriqət və məzhəblərinin ölkəyə ixracı sayəsində yeni problemlər yaranıbdır. Belə ki, zahirən bu təriqət və məzhəblər arasında ortaq uzlaşma nöqtələri görünüş xarakteri daşısa da, əslində onların hər biri fərqli inanc kredosuna bağlıdır. Bu yöndə həmin strukturlar ölkənin Qax, Zaqatala, Balakən, Yevlax, Göyçay, Şamaxı, Kürdəmir, Salyan, Ucar, Ağdaş, Qusar, Quba, Sumqayıt və paytaxt Bakıda daha fəaldırlar..
|
|
|
Oxşar xəbərlər:
Radikal dini qruplaşma zərərsizləşdirilib
Sünnilər və şiələr qardaşdırsa...
İranda müalicə olunmaq - etibarsızlıq əlamətidir
|
|
|