Estradanın modern ifaçılarından olan Rəhim Rəhimli bəstəkarlıq və aparıcılıq da edir. Hətta ən yaxşı şoumenlər sırasında yer alır. Aparıcı həmkarlarının sayının az olmadığını bildirsə də, telepeşəkarlığının zəif olmadığını iddia etdi:
"Televiziya sahəsi elə məkandır ki, orada çalışmaq üçün gərək gözünü orada açasan. Mən hələ "Bənövşə" uşaq xorunun solisti olan zamandan səsimi radio üçün bəyənmişdilər. İlk dəfədir bunu deyirəm, mən Azərbaycan televiziyasında 13 yaşımdan çalışmışam. Uşaq verilişlərinin aparıcısı olmuşam. O zaman radioda Qara müəllim, Sabir müəllim kimi aparıcılar var idi ki, mən onlardan öyrənmişəm, gözümü açıb onları görmüşəm".
Rəhimli deyir ki, təxminən 25 ildir mikrofonla çalışır və bu işindən zövq almaqda davam edir. Sənətçi vaxtilə aparıcılıq dərsləri aldığını da diqqətə çatdırdı:
"Aparıcılığa alışmışam. Mənim "Azad Azərbaycan"da "Şou Rəhimli" verilişim olub. Heç vaxt heç bir problem yaşamamışam. Mən "Şou Rəhimli"ni qoyub getmək qərarına gəldim. Məndən sonra verilişi İzzət Bağırov aparıcı kimi idarə etdi. Mən qalmaqaldan qaçan insanam. Olub ki, hətta bir neçə dəfə bostanıma daş atıblar, mən, sadəcə, cavab verməmişəm. Kimsə nəsə deyib və mən bilmişəm ki, hazırda mənə bu məsələ ilə bağlı jurnalist zəng vurur, cavab verməmişəm. Düşünürəm ki, bu mənə yaramaz. Bir dəfə bir məşhur sənətçiyə sual verirlər ki, Azərbaycan şousunda ən gözəl geyinən və özünü layiqincə aparan kimlərdir? Bu şəxs demişdir ki, heç kim. Jurnalistlər də etiraz olaraq mənimlə Zamiqi örnək kimi göstərmişdilər. O isə mənim haqqımda bir neçə qarışıq fikir söyləmişdi. Jurnalistlər bir neçə dəfə məndən fikir öyrənməyə çalışdılar. Mən danışmaq istəmədim. Bu qənaətə gəldim ki, əgər o insanın zövq problemi varsa, mən ona nə cavab verim? Xalq artistidir, mən ona hörmət etdim, o isə yaşca özündən kiçik biri haqqında xoşagəlməz sözlər işlətdi".
Rəhim Rəhimli əlavə etdi:
"Mənə söz atanlara cavab vermirəm, çünki bilirəm ki, vaxt gələcək və onlar gəlib məndən üzr istəyəcək. Mətbuat səhifələrində haqqımda elə şeylər oxumuşam, amma heç vaxt zəng vurub deməmişəm ki, niyə bunu yazmısınız? Sadəcə, insanları doğru olmağa səsləyirəm".
|