Qardaş ölkə Türkiyədə yayımlanan və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda maraqla izlənən "Yaxşı Cazibə" serialının kollektivi avqustun 31-dən Bakının qonağı olublar. Yaradıcı heyət media ilə görüş keçirib. Mətbuat konfransında serialın əsas qəhrəmanları ilə yanaşı "Eurovision-2011" qalibimiz Nigar Camal və aktrisa Məlahət Abbasova da iştirak edib. Konfransa başlayan kimi aktyorlar paytaxtımızın ekoloji baxımdan təmiz və səliqəli olduğunu dilə gətiriblər. Aslihan Gürbüz özünü Azərbaycanda deyil, sanki Türkiyədə hiss etdiyini ayrıca vurğulayıb.
Olduqca maraqlı keçən mətbuat konfransında serial qəhrəmanları digər türk həmkarlarına nisbətən daha səmimi olublar. Yumoru və hazırcavablığı ilə yerli medianın rəğbətini qazanan serialın Kamal obrazı - Hakan Yılmaz sadəliklərinin səbəbini açıqlayıb:
"Bizi, sadəcə, bir çox insanlar tanıyır. Ancaq bizim sənətimiz həkimlərdən üstün deyil. Yanımdan bir həkim keçir ki, dünən axşam bir insan həyatını xilas edib. Nə olsun ki, onu tanımırlar. Ondan daha yaxşı iş görməyəcəyik ki".
"Yaxşı Cazibə"nin Simgəsi Hande Katiboğlu isə serialda yaratdığı obrazla həyatda oxşar xüsusiyyətlərə malik olmadığını deyib. Məlahət Abbasova serial və onun ətrafında gəzən tənqidlərə aydınlıq gətirib: "Aslihanın Azərbaycan dilində yaxşı danışa bilmədiyi tənqidlərə səbəb oldu. Lakin Bakıda Azərbaycan dilini bilməyən, lakin rusca danışan ailələr də çoxdur".
Konfransda iştirak edən Nigar Camal öz istəyi ilə bu seriala çəkildiyini deyib: "Mən bu seriala İngiltərədə olanda baxırdım. Məlahət Abbasovanın proqramında qonaq olanda bu arzumu dedim".
Aktyorlar Azərbaycanda serial çəkilişində əməyi olan bütün qurumlara, yerli mətbuata və Məlahət Abbasovaya təşəkkür ediblər.
|