İran rəhbərliyi Güney Azərbaycan türklərini anlamaqda ciddi çətinlik içərisindədir. Bildikləri yalnız həbs, məhbəs, dar ağacı, qətllərdir. Ötən həftə baş verən bəlli olaylar da bunu təsdiqləyir. Xəbərlərə görə, müəllim, yazıçı və jurnalist Həsən Kərimzadə həbs olunub. O, əvvəllər "Vəravi" və başqa dərgilərdə, həftəliklərdə Azərbaycan mədəniyyətinə dair yazılarla çıxış edib. Son vaxtlar Həsən Kərimzadə Aşıq Miskinin şeirlərini toplayaraq, "Unudulmuş Aşıq" adlı kitab çap etdirmişdi. Bir müddət öncə Güney Azərbaycanın Sulduz (adı dəyişdirilib "Nəğədə" adlanır) şəhərinə şəhidləri yad etmək üçün gedərkən yolda tutulmuşdu. Ötən həftə isə bu azərbaycanlı ziyalının Urmiya gölünün qurumasına etiraz aksiyalarına qatıldığı üçün tutulduğu söylənir.
Güney Azərbaycanın bir sıra şəhərlərində SMS-lər göndərilməsinə problemlər yaradılıb. Bundan başqa, təhlükəsizlik polisi Urmiya şəhərində 20-yə yaxın gənci yerli şöbəyə çağıraraq onlara xəbərdarlıq edib. Bənzər hadisə Güney Azərbaycanın Meşgin şəhərində də baş verib.
Hakimiyyət təmsilçiləri gəncləri təhdid ediblər ki, aksiya keçirəcəkləri halda "dünya işığına həsrət qalacaqlar". GünAzTV-nin məlumatına görə, "Urmu gölü" və ya "Urmiyyə dəryaçası" yazılmış SMS-lər bir qayda olaraq ünvana çatmır.
Yerli müşahidəçilərin fikrincə, hakimiyyət qurumlarının bu təlaşı Urmiya gölünün qurumasına qarşı azərbaycanlıların etiraz yığıncaqları keçirməyə hazırlaşmaları, bu toplanışların sonra böyüyərək başqa şəhərləri də bürüyəcəyi ilə bağlıdır. Bundan vahimələnən hakimiyyət bərk əl-ayağa düşmüşdür.
Xəbərlərə görə, tanınmış ziyalı, milli kimlik uğrunda mübarizə aparanlardan Məhisa Mehdili (Mehdizadə) Urmiya şəhərində həbs edilib. Onun yerli məxfi polis tərəfindən tutuqlandığı haqda xəbərlər yayılıb. Azərbaycan qadınlarının Demokratik Hərəkatı onun həbsi ilə bağlı bəyanat yayıb:
"Vətəndən uzaqda qalmağa dözməyən Məhisa Mehdili öz canı və azadlığı bahasına vətənə dönüb. Ancaq İrandakı diktatura rejimi ona öz Azərbaycanına dönməyi çox gördü. Bu isə Urmiya gölünün qurudulması kimi milli yaramızın üstünə vurulan yeni bir yara oldu.
Bu kimi tutuqlamalarla azadlıq uğrunda mübarizəmizə heç bir xələl gəlməyəcək. Biz Güney Azərbaycan qadınları analarımız Zeynəb paşalar, tellilər kimi baş örtüklərimizi bellərimizə bağlayıb, yurdumuzun azadlığı, diktaturanın yıxılması yolunda millətimizlə birlikdə mübarizə aparacağıq. Gələcəyin bizim olacağına biz inanırıq".
|