Vaxtilə İraqa qarşı hərbi əməliyyatlar başlananda Tehran koalisiya qüvvələrinə yardıma hazır olduğunu bildirmişdi. Ancaq əks tərəf bundan imtina etdikdə, Tehranın təbliğat maşını Səddam Hüseyni dəstəkləməyə başladı. Vəziyyət o yerə çatmışdı ki, bir vaxt düşmən olduqları Səddam Hüseyn az qala müsəlman dünyasının lideri kimi təqdim edilirdi. Yəni əvvəl Səddamın başını ABŞ-a təhvil verməyə hazır idilər, amma aldıqları rədd cavabından fərqli mövqe tutdular.
İran hakimiyyətinin "ipi" nə dərəcədə etibarlı sayılar? Suriyaya münasibətdə necə hərəkət edəcək? Bu baxımdan İran üzrə israilli ekspert Mehir Cavandafər "Qardian" qəzetində maraqlı bir məqalə çap etdirib. Müəllif İranın Suriyaya münasibətində dəyişiklik əlamətlərini təhlil edib.
Suriyadakı üsyan başlayanda İran KİV-i ya tam sükuta üstünlük vermiş, ya da olayları "quldurların və sionist rejimin törətdiyini" yazaraq, rəsmi Dəməşqi tam dəstəkləmişdi.
M.Cavandafər yazır ki, son zamanlar şərait dəyişib: "Hakimiyyətin rəsmi təbliğat maşını "PressTV" ilk dəfə Suriya ordusunun nümayişçilərə atəş açmasına dair xəbərlər yaydı. Bundan başqa, telekanalda ordunun dinc vətəndaşlara hücumu ilə bağlı hüquq müdafiəçilərinin bəyanatı oxundu".
Bu gün Tehranda çıxan farsdilli mətbuat Bəşşar Əsədi açıq-aşkar tənqid edən yazılar çap edir. Xamneyiyə yaxınlığı ilə seçilən "Cümhuriye-İslami" qəzetində çap olunan məqalə buna örnək göstərilir. Məqalədə bu kimi suallar qoyulur: "Əsəd və onun müşavirləri əhaliyə qarşı silahlı münaqişəni davam etdirə biləcəkmi? Güc işlətmək Qəddafiyə rəqiblərini geri oturtmaqda yardım etdimi? Onlar Qəddafidən artıq güc işlədəcəkmi? Bu onlara nə verəcək?"
İranın keçmiş Livan səfiri Məsud Mədrəsinin yazdığı məqaləyə əsasən, "Hizbulla" lideri Həsən Nəsrullanın da Dəməşqə münasibətində dəyişiklik hiss olunur. Hizbullaçı Bəşşar Əsədi əhalinin istəklərinə qarşılıq verməyə çağırır.
Cavandafər daha sonra yazıb: "Hər iki rejimin bir-birinə yaxınlığına baxmayaraq, Əsəd illüziyaya qapılmamalıdır ki, Xamneyi ondan ötrü siyasi intihara gedəcək, onunla bir gəmidə suyun dibinə gedəcək. Xamneyi ekstremistdir. Ancaq onun bu keyfiyyəti İslam Respublikasının yüksək eşelonunu qorumaq üçündür. Bundan ötrü o hər şeyi, hətta Bəşşar əl-Əsədi belə qurban verər.
İran günü-gündən təcrid olunur. Suriya İrana yalnız "Hizbullah"a və Fələstindəki terrorçu qruplara silah ötürmək üçün lazım deyil. Onun Suriyada böyük iqtisadi marağı da var. Bu üzdən də günlərin bir günü Suriya rejiminə müxalif olanlarla Tehranın təmas qurduğunu Bəşşar Əsəd eşitsə, buna qəti təəccüblənməsin". Axı, siyasətdə əbədi mənafe prinsipi də var.