Erməni iqtidarı və müxalifətinin dialoqu fiaskoya uğrayıb
 |
Bu iki gücə qarşı yeni Mixail Saakaşvili hərəkatı yaranıb
Şənbə, 27.08.2011
Ənvər BÖRÜSOY |
mətn ölçüsü |
|
|
|
Son prezident seçkilərində hakimiyyəti ordu və silah gücünə əlində qamarlayıb saxlaya bilmiş Serj Sarqsyan iqtidarı gözləmədiyini gördü: 3 ildir Qərbin maliyyə yardımlarına möhtac qalıb. Xaricdəki erməni diaspor təşkilatları da ilk dəfə olaraq iki cəbhəyə bölündü. Onlardan bir kəsimin iddiasına görə:
"Bizim Ermənistanda hakimiyyətdə kimin və ya hansı gücün olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas olan budur ki, bu torpaqlarda bir erməni dövlətinin yaşadılmasına dəstək verilsin".
Xaricdəki erməni işadamları, bankirlər, ziyalılar, iri çəkili məmurlar isə problemə skeptik yanaşaraq deyirlər:
"Ermənistanda cəmiyyətin demokratikləşməsi elə bölgənin əsas inkişaf yolu deməkdir. Bizlər indi yaşadığımız dövlətləri antidemokratik bir rejimə dəstək verilməsinə yönləndirə bilmərik. Çünki bunun sonu yoxdur. Bu həm də Ermənistana daim humanitar yardım edən dövlətlərin strategiyasına uyğun gəlmir".
Problemlərin həll yolu kimi iqtidar və müxalifətin dialoqa getməsi, bütün siyasi məhbusların azad edilməsi başlıca şərt hesab olunur.
Heç kim ciddi irəliləyiş gözləmir
Politoloq Suren Zolyan Ermənistan ana müxalifəti olan Erməni Milli Konqresi (buraya 17 siyasi partiya və 23 QHT daxildir) və iqtidar arasında bu il bir neçə dəfə dialoq görüşlərinin keçirildiyinə və bu prosesin payızda davam etdiriləcəyinə pessimistcəsinə yanaşaraq qeyd edir:
"Apardığımız müşahidələrə görə, bütün bu təşəbbüslər ölkədə heç bir ciddi nəticələrə səbəb olmayacaq. Çünki tərəflər arasında müzakirə predmetləri olaraq hər hansı konkret bir məsələ qoyulmayıb".
Yerli siyasi müşahidəçilər durumu belə görür ki, müxalifət hakimiyyətə öz fikrini diqtə etmək istəyir, qarşı tərəf bu davranışı qəbul etmir, odur ki, legitim parlament, bələdiyyə və prezident məsələsinin həlli açıq qalmışdır. Deyilir ki, Ermənistanda hakimiyyət bir nəfərin deyil, bir neçə oliqarxın əlində cəmləşib, bununla da prezident Serj Sarqsyan təkbaşına qərar qəbul edə bilmir. Bu oliqarxlar (ərazicə kiçik və iqtisadiyyatı çox zəif olan bir ölkə üçün izafi təmtəraqlı iqtisadi təyindir) müxalifətdən onlara məxsus əmlak, biznes və maliyyə mənbələrinə qarantiya tələb edirlər. Müxalifət isə oliqarxlara hətta təminat versə belə, oğru qanunları ilə fəaliyyət göstərən bu zənginlər zümrəsi sabah öz-özünə iflasa uğraya bilər. Bu rakursdan həqiqi dialoqun olması, reformlar aparılması tələblərinin qarşılığında ölkədə qərarların qəbulunda çox ciddi siyasi problemlərin mövcudluğu görünür və bu baxımdan üfüqdə hansısa pozitiv perspektivə olan ümidlər boşa çıxır.
Ana müxalifətin əsas tələblərindən biri - siyasi məhbusların dərhal sərbəst buraxılmasıdır. Hakimiyyət və oliqarxlar onların bu tezliklə azad edilməsini hələlik məqbul hesab etmir. 2008-ci ildən indiyədək həbs olunan siyasi məhbusların əksəriyyəti sabiq prezident, ana müxalifətin lideri Levon Ter-Petrosyana maliyyə dəstəyi vermiş işadamları və bu şəbəkəyə daxil olanlardan ibarətdir. Onlar bu gün həbsdən azad olunacaqları təqdirdə yenə də müxalifətə açıq şəkildə maliyyə dəstəyi verəcəklər.
Elə bu faktorun özü də mövcud iqtidarı təhdid etməkdir.
İrəvanda iqtidar-müxalifət dialoqunda perspektiv görməyənlərin fikrincə, Serj Sarqsyan oliqarxların əlində girova çevrilib. Düz 3 ildir Ermənistanda iqtisadi və sosial həyatın axarı tənəzzüllə müşayiət olunur. Oliqarxlar Serj Sarqsyanın simasında müxalifətdən 2013-cü il prezident seçkilərinə təminat istəyir. Bunun qarşılığında isə müxalifətin parlamentdə yetərincə təmsil olunacağını təklif edirlər. Ölkənin siyasi, iqtisadi və sosial həyatına mühüm təsiri olan diaspor isə belə bir qeyri-müəyyən siyasi duruma hələ ki, seyrçidir. İqtidar müxalifətlə dialoq masası arxasında oturmaqla, əslində diaspora ümid verəcəyini, demokratik dünyanın etimadını qazanacağını düşünür. Belə bir gedişlə əlavə siyasi və iqtisadi dividendlər qazanacağını, humanitar yardımların davam etməsinə nail olacağını zənn edir.
Yeri gəlmişkən, Serj Sarqsyan Levon Ter-Petrosyanla dialoq görüşünü təşkil etməklə, özünə beynəlxalq etimada nail olmağa indiyədək cəhdlər etmiş, lakin bunun ardınca real etimadı əldə edə bilməmişdir.
İtirilən imkanlar
İrəvan siyasi elitasının düşüncəsində iqtidar dialoq məsələsində güzəştlərə getməzsə, bu zaman ölkə daxilində və beynəlxalq səviyyədə son imkanlarını da itirəcəkdir. Əslində iqtidarın müxalifətlə dialoqa getməsi onun reytinqinin artması üçün çox vacib şərtlərdən biridir. Dialoq məsələsi növbəti prezident seçkilərinə kimi davamlı şəkildə aparılarsa, iqtidar öz namizədinin yenidən ali kürsüyə sahib çıxması üçün əlavə dividendlər qazana bilər. Bu həm də cəmiyyətdə qızışmış ehtirasların səngiməsi ilə nəticələnərdi.
Bu gün Ermənistan iqtisadiyyatının tənəzzülə uğradığı sirr deyil. Kənar qüvvələrin dəstəyi olmadan onun dirçəlmə imkanları heç cür mümkün sayılmır. Qərb ölkələri Ermənistan iqtidarına cəmiyyətin demokratikləşməsi yönündə səylər göstərməsi tələbi ilə ardıcıl şəkildə təzyiqlər edir, Sarqsyan təzyiqlər qarşısında geri çəkilmir. Nəticə - ölkədən miqrasiya axınları davam edir, Sarqsyan iqtidarının limiti tükənməkdədir. Digər tərəfdən, Erməni Milli Konqresinin artmaqda olan nüfuzu, xüsusilə müxalifətin demokratik proseslərin dərinləşməsi üçün irəli sürdüyü təkliflər Qərbdə açıq şəkildə müdafiə olunmaqdadır.
Bu ziddiyyətli vəziyyətin ağrı-acısını çıxılmaz durumda olan erməni cəmiyyəti çəkir. Durumun bu şəkildə davam etməsilə bağlı tək Serj Sarqsyan iqtidarı deyil, bütövlükdə ölkə və onun gələcəyi dalana dirənmiş olur. Hakimiyyəti təmsil edən koalisiya böhranın əsas səbəbkarı kimi qavranılır. "Çiçəklənən Ermənistan", Respublika və Daşnaksütyun partiyaları indi bir-birləri ilə mehriban düşmənlər kimi davranırlar.
İrəvandakı "Qafqaz İnstitutu"nun direktoru Aleksandr İsgəndəryan bildirib ki, ölkənin siyasi spektrinin dialoq şəraitində münasibətləri normal məcraya yönəltməsi üçün BMT, ATƏT və digər beynəlxalq qurumlar uzun müddətdir bütün tərəfləri zəruri addımlara məcbur edirdi. İndi müxalifətin tələb etdiyi yeni parlament seçkiləri Ermənistanın mövcud böhrandan qurtulmasına xidmət edə biləcək ən vacib şərtlərdən biri kimi qəbul edilir. 1998-ci ildən bu günədək iqtidar bələdiyyə, parlament və prezident seçkilərində müxalifətin qələbələrini bütün vasitələrlə saxtalaşdırmaqla məşğul olub. İqtidar indiki şəraiti düzgün qiymətləndirməklə ən azından yeni parlament seçkisinə dəstək verərsə, bu zaman Ermənistanda "kiçikhəcmli inqilab" baş verdiyini hamı nəinki təsdiq edəcək, hətta bu prosesin daha da dərinləşməsini istəyəcəklər. İqtidarı qorxudan əsas faktor bundan ibarətdir. İqtidar indiki durumun belə bir məcraya yönələcəyindən qorxduğu üçün heç bir konkret addım atmaq fikrində deyil. Dialoq görüşlərində konkret sahələr üzrə anlaşma olmadığı üçün demokratik prosesin dərinləşmə imkanları da itirilməkdədir.
Payızda siyasi ehtiraslar yenidən alovlanacaq
Ana müxalifət sentyabrdan etibarən yeni parlament seçkiləri tələbində daha radikal addımlara hazırlaşır. Yeni parlament seçkisi həm iqtidar, həm də müxalifət üçün növbəti prezident seçkilərində kimin qalib gələ bilməsi üçün baş məşq, əlavə imkanlar kimi anlaşılır. Ana müxalifət iqtidarın Qarabağ probleminin həlli istiqamətində apardığı fərsiz siyasəti daha kəskinliklə tənqid etməyə hazırlıq görməkdədir..
|
|
|
Oxşar xəbərlər:
Ermənistan ordusunun çağırışçı problemi
Ermənistandan oyuncaq-bomba "sovqatı"
Ermənistan dünyanı aldadır
İrəvan bu günlərdə nəylə nəfəs alır?
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
|
|
|