Sənətə "Azəri Star" mahnı müsabiqəsində ifaçı kimi başlayıb, 2008-ci ildə Türkiyədə "Popstar Alaturka" yarışmasında fərqli performans nümayiş etdirərək istedadını milyonlara tanıdan Aygün Şükürova şou gündəmə yeni bir mahnı gətirib. Rejissor Kənan M.M. ilə ailə qurduqdan sonra sənətə fasilə vermək məcburiyyətində qalan Aygünün həm də oğlu dünyaya gəldiyi üçün onun qayğısı bir az da yubandı. Amma son günlər radio dalğalarında ən çox səslənən, internet saytlarından yetərincə yüklənilən "Mənə gəl desən" mahnısının ifaçısı kimi Şükürova tələb duyulan ifaçılar cərgəsində yerini bərpa edib.
Mediaya açıqlamasında mahnısı barədə danışan Aygün bütün uğurlarına görə ilk növbədə həyat yoldaşına təşəkkür edir:
"Xoşbəxt ailəm var. Mənə xoş günlər yaşatdığı, hər anımda dəstək olduğu üçün Kənana minnətdaram. Doğrudur, əvvəl ailə qurdum, sonra da oğlumuz Hüseynə görə işlərimdə xeyli fasilə yaranmışdı. Məncə, yarımçıq qalan yaradıcılıq işlərimə başlamağın tam vaxtıdır. Baxmayaraq ki, yaydır və insanlar istirahətə can atır. Yetərincə dincəldiyim üçün mən ancaq yeni-yeni mahnılar yazdırıb, onların hit-paradlarda yer tutması üçün çalışıram. Qayıdışım sözləri və musiqisi Arzu Səmədqızına məxsus olan "Mənə gəl desən" bəstəsi ilə olsa da, onunla işbirliyini davam etdirəcəyik".
Söhbəti zamanı səs tembrini türk pop ulduzu Sibel Cana bənzədənlərə də cavab verdi. "Bunu çox adamdan eşidirəm ki, səsimi Sibel Canın oxu tərzinə bənzədirlər. Açığı, bu fikirlərlə qarşılaşanda heç də qıcıqlanmıram. Çünki uşaqlıqdan ən çox qulaq asdığım sənətçi olub Sibel Can. İndi də onu dinləyirəm. Musiqi biliciləri təsdiqləyir ki, səslərimizdə oxşarlıq olsa da, mənim tembrim daha qalındır. Oxu tərzlərimizin bir-birinə oxşaması isə ikimizin də mahnıları sinə səslə ifa etməyimizdən irəli gəlir", - deyə Şükürova əlavə etdi.
|