Hal-hazırda Ayna qəzetinin 27.08.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.08.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dollar, avro, yoxsa qızıl?
Dollar, avro, yoxsa qızıl?
Kənan Aslanlı: \"Hər üçü və heç biri\"...
Şənbə, 27.08.2011


AYNURƏ
mətn ölçüsü  

Avropa Birliyi ölkələrinin borc problemi və ABŞ-ın kredit reytinqinin son 94 ildə ilk dəfə düşməsi dünyada böyük təşvişə səbəb oldu. İnvestorlar riskli aktivlərdən imtina etməyə başladı. Sadə insanlar yeni böhran dalğası ilə bağlı xəbərləri təşvişlə izləməkdədir. İndekslər azaldı, qiymətli kağızlar dəyərini itirdi, dollar ucuzlaşdı, qızıl bahalaşdı. Gözlər bir anda yapon ieninə və İsveçrə frankına çevrildi. 3 trilyon dollarlıq valyuta rezervi olan və ABŞ-ın 1.2 trilyon dollar borclu olduğu Çin kəskin eniş-çıxışlar yaşayan avronun dollar qarşısında mümkün alternativ kimi stabil gələcəyində maraqlı olduğunu elan etdi...

ABŞ böhrandan "çıxış yolu"nu onun kredit reytinqini "AAA" səviyyəsindən "AA+" səviyyəsinə düşürən Standart & Poors barədə daxili məlumatı əldə etmək iddiası ilə təhqiqat başlamaqda və faiz dərəcələrinə iki il toxunmamaqda gördü.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin şöbə müdiri, Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı AYNAya müsahibəsində bildirdi ki, AB-də "avroistiqrazlar" buraxılışı, bəzi ölkələrin avrozonadan çıxarılması və "vahid federal büdcə" ilə bağlı debatlar başladı:

"AB üçün təkliflər okeanın o tayından gəldi. Ancaq AB-nin ən böyük iqtisadiyyatına malik olan Almaniya hələlik bu təkliflərə isti yanaşmır. Çünki mərkəzləşmiş borclanma alətləri tətbiq edilsə belə, yenə də ən böyük risk Almaniyaya düşəcək. Bu arada Avropa Mərkəzi Bankı yenidən üzv ölkələrdən istiqrazların alışına başlayaraq onlara likvid dəstək verməkdə davam edir".

Ekspert bu təlatümlərin səbəbləri barədə deyir:

"Nəzərə almaq lazımdır ki, həm ABŞ, həm də AB-də iqtisadi artım templərinin səngiyəcəyi ilə bağlı proqnozlar fond birjalarına və valyuta məzənnələrinə neqativ təsir göstərir. Yəni iqtisadi tsikl özlüyündə azalma fazasındadır. 2008-ci ilin maliyyə böhranının fiskal balansa vurduğu yaralar da hələ çox təzədir".

İqtisadçı deyir ki, spekulyativ kapitala ciddi nəzarətsizlik və törəmə maliyyə alətləri dövriyyəsinin getdikcə "şişməsi" hökm sürür. İş o yerə gəlib ki, fond indeksləri azalanda və hətta şirkətlər defolta uğrayanda belə törəmə maliyyə aləti vasitəsilə bundan kimlərsə külli miqdarda pul qazanır. ABŞ-da aparıcı indekslər və səhmlər dəyərdən düşən kimi Warren Buffett kimi maliyyə bazarlarının "qoca qurd"ları sanki bir mərkəzdən siqnal alıblarmış kimi böyük alış əməliyyatları keçirdilər. Eynilə həmin spekulyativ kapital valyuta bazarlarında (forex) gündəlik ən azı 4 trilyon dollardır.

Üçüncü bir səbəb: K.Aslanlı bildirdi ki, bu günlərdə Yunanıstan və Portuqaliya kimi ölkələrin avrozonadan kənarlaşdırılması ciddi müzakirə edilir. Ancaq onun fikrincə, burada bir məsələ unudulur.

REKLAM

Avronun formalaşmasının iqtisadi və hüquqi əsaslarını təsbit edən və hələ 1992-ci ildə təsdiq edilən "Maastrixt meyarları"na əsasən, avrozona ölkələrində borc limiti ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 60%-i həddində, büdcə kəsiri isə ÜDM-in 3%-i həddində limitləşdirilməli idi. Yunanıstan başda olmaqla indi avronun gələcəyi üçün ciddi problemlər ortaya çıxaran bir sıra ölkələr bu tələblərə cavab vermədiyi halda nə üçün buna göz yumularaq onlar avrozonaya qəbul edildilər? Burada yenə də qrup maraqlarından qaynaqlanan sui-istifadə və zəif idarəçilik kimi faktorlar önə çıxır.

Fond birjalarında qiymətli kağızlar və aparıcı valyuta cütlüyü dəyərdən düşəndə və qlobal iqtisadi böhran əlamətləri hiss olunanda enerji daşıyıcılarına tələbatın nisbi azalması və spekulyativ kapitalın çəkilməsi səbəbindən neft də bir qayda olaraq ucuzlaşmağa başlayır. 2011-ci ilin III rübündə Nyu-York əmtəə birjasında 1 barrel xam neftin orta qiymətinin 93 dollar olacağı proqnozlaşdırılır: "Avrozonada və ABŞ-da yaşananlar investorların üzünü yenidən qızıla çevirdi və onun qiyməti 1800 dollara keçərək tarixi rekorda imza atıldı".

Vətəndaşlara praktik tövsiyə

İqtisadçı qəzetimiz vasitəsilə əlində müəyyən qədər pul vəsaiti olan vətəndaşlar və investorlar üçün praktik tövsiyələr də verir:

"Bu qənaətdəyəm ki, qısa müddətdə valyuta məzənnələrinin necə dəyişməsindən asılı olmayaraq yığımlarınızı və depozitlərinizi bir valyuta növündə saxlamaqdan uzaq olmaq lazımdır. Əgər yığımlarınız dollarda isə bilməlisiniz ki, başına nə gəlsə də, hələlik dolların mövcud miqyasda və etibarlılıqda alternativi olan başqa bir valyuta yoxdur. Buradaca onu qeyd edək ki, miqyas problemi olsa da, etibar baxımından İsveçrə frankı da diqqətə layiqdir".

Nəzərə almaq lazımdır ki, Azərbaycanda dollar-manat münasibətləri heç də həmişə dünya valyuta bazarlarına uyğun olaraq dəyişmir. Mərkəzi Bankın müdaxiləsi və "neft dollarları" manatı baha saxlamağa imkan verir. Dollar bir il əvvəlki 0.8038 qəpikdən bu gün 0.7865 qəpik həddinə qədər, yəni 2.2% ucuzlaşıb. Dünya valyuta bazarlarında baş verənlərdən asılı olmayaraq bu ucuzlaşma önümüzdəki bir neçə ildə davam edəcək:

"Təqribən, 1 dollar üçün 0.75 həddinə qədər. Dolayısı ilə əlinizdəki sərbəst valyuta 1000 -10.000 dollar intervalındasa, onun mühüm bir hissəsini manatda saxlamaq olar. 1000 dollardan daha az vəsaiti olanlar isə dollardan "canlarını qurtarmağa" tələsməsin. Əgər vəsait 10.000 dollardan çoxdursa, bu halda sizin üçün alternativ daha çoxdur. Tutalım daşınmaz əmlakdan tutmuş bu günlərdə dəyərini müvəqqəti itirən xarici şirkətlərin qiymətli kağızlarına qədər..."

Ekspert əlavə etdi ki, avro dollar qarşısında zaman-zaman bahalaşsa da, onun problemləri daha ciddidir. Çünki ən azından bir ölkənin deyil, mürəkkəb qarşılıqlı münasibətləri olan dövlətlər birliyinin valyutasıdır. Son bir neçə ayda dollara qarşı həddən artıq dəyişkənlik göstərsə də ("1 avro = 1.40 - 1.48 dollar" intervalında), avro manata qarşı son bir ildə ən azı 9% bahalaşaraq "1 avro = 1.13 manat" səviyyəsinə yüksəlib. Deyir:

"Bu cəlbediciliyinə baxmayaraq avro tam etibarlı valyuta hesab edilməsin, onda mümkün dəyişiklik dollardan daha kəskin olur. Buna görə də, 1000 avrodan artıq vəsaiti uzun müddət bu valyutada saxlayanlar böyük riskə girdiklərini bilməlidir...".

K.Aslanlıya görə, qiyməti son dönəm durmadan xeyli bahalaşaraq "iştah qabardan" qızıla pul qoymaq istəyənlər bilsin ki, bu addım yalnız orta və uzunmüddətli dönəm üçün mənfəətlidir. Bunun da iki səbəbi var. Birincisi, qızılın dünya bazarında qiyməti adətən hər bir güclü təkandan sonra bir müddət durğunluq və ya müvəqqəti eniş yaşayır. Ehtimal var ki, 1 unsiya ("1 troya unsiyası = 31.1 qram") qızılın qiyməti hazırkı 1700-1800 dollar həddində hələ bir müddət qalsın və ya tədricən azalma baş versin. Ancaq investorun bir ildən çox gözləmək səbri və imkanı varsa, bilməlidir ki, daşınmaz əmlakda olduğu kimi qızılda da uzunmüddətli dövrdə qiymətlər birmənalı olaraq artır. Burada ciddi itkidən söhbət gedə bilməz.

Sıravi vətəndaş adətən zinət əşyası formasında qızıl almağa maraqlı olur. Halbuki belə olan halda zinət əşyası formasındakı qızılın bir sənət dəyəri də olduğundan baha başa gəlir. Satmaq istədikdə, adətən Bakıda həmin əşyaları sadəcə qızıl metal kimi doğrayıb bazar dəyərindən qat-qat ucuz alırlar. Buna görə də, işin içindən mənfəətli çıxmaq üçün bir neçə il gözləmək tələb olunur. Bu baxımdan ekspert hesab edir ki, külçə qızıla sərmayə qoymaq daha səmərəlidir. Qızıla daha az riskə girərək sərmayə qoymaq istəyənlər dünya bazarında qızılın qiymət trendini və qlobal qızıl hasilatının dinamikasını da izləsələr, faydalı olar.

Dolayısı ilə, dollar, avro, yoxsa qızıl? - sualı üzərində baş sındıranlara Kənan Aslanlının cavabı bu oldu: "Hər üçü və heç biri"...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

"Qızıl Çarx" sahiblərini tapdı

Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi

Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti

Bölmənin digər xəbərləri
 
Qızılın qiyməti rekordu keçdi
Valyuta ehtiyatlarımızı qızılda saxlamamağın potensial itkisi milyonlarla...

Ətin bahalaşması narahatlıq doğurur
Rəsmilərdən açıqlama



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər