Sədaqət Qəhrəmanova:
"Qanunun məqsədi ailələri sağlamlaşdırmaq və qorumaqdır"
 |
Yəni məsədlə yumruq davasına, fiziki zorakılığa gəlib çıxmasın
Şənbə, 27.08.2011
AYNURƏ |
mətn ölçüsü |
|
|
|
Ötən il ölkəmizdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Qanunun işləkliyini təmin etmək üçün mexanizm olmalıdır. Əlaqədar dövlət qurumları və QHT-lər təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etsə də, hələlik bu mexanizm təsdiq edilməyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova AYNAya müsahibəsində bildirdi ki, buna baxmayaraq artıq qanun işləyir.
- Komitə BMT Bakı ofisi ilə birlikdə Tovuz, Lənkəran və Zaqatalada dəyirmi masalar təşkil edib. Tədbirlərdə qanunun icra edilməsi məsələlərinə aydınlıq gətirmişik. Maarifləndirmə tədbirlərimiz üç rayonla məhdudlaşmayıb. ATƏT-lə birgə Xaçmaz, Masallı, Göygöl və Sabirabadda bu kimi tədbirlər keçirilib. Sonradan bu, icra strukturları və hüquq-mühafizə orqanları tərəfindən davam etdiriləcək. Məqsəd - məişət zorakılığı sahəsində çalışan qurumlar arasında yerli səviyyədə ünsiyyət və əməkdaşlıq yaratmaq, qanunun işləməsini təmin etməkdir. Məsələn, biz rayon mərkəzində tədbir keçirdik. Onlarda ağsaqqalları, ağbirçəkləri toplayıb demədik ki, hansısa kənddə, bölgədə insanları maarifləndirsinlər. Əsas odur ki, zorakılıq törədən şəxs bunun cəzasız qalmayacağını, zorakılığa məruz qalan şəxs isə müdafiə olunacağını bilsin. Müşahidələr göstərir ki, bəzən illərlə zorakılığa məruz qalan qadınlar hara müraciət edəcəklərini bilmir.
Regionlarda keçirilən tədbirlərdən öncə komitə qanunun mahiyyətini ictimaiyyətə və əlaqədar qurumlara açıqlamaq məqsədilə bir sıra dəyirmi masalar və konfranslar keçirib. Bu günlərdə isə hüquq-mühafizə işçiləri, KİV mənsubları üçün məişət zorakılığı qanununun tətbiqində onların rolu barədə geniş tədbir keçirildi. Məişət zorakılığı ilə bağlı müraciətlərə artıq qanunda göstərildiyi kimi fərqli, eyni zamanda həssas və operativ yanaşılmalıdır.
Zorakılıq halları ilə bağlı mətbuatda elə yazılar hazırlanmalıdır ki, oxuculara, dinləyicilərə müəyyən təsir bağışlasın və konkret nəticəyə gəlməkdə onlara yol göstərsin. Mən bu qənaətdəyəm ki, məişət zorakılığı ilə bağlı məlumat yazarkən çox ehtiyatlı olmaq lazımdır.
- Adları çəkilən rayonların seçilməsi nə ilə əlaqəlidir?
- Bu rayonları ona görə seçmişik ki, onlarda komitənin yerli qurumları funksiyasını icra edən Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, 11 rayonda açılmış mərkəzlər ailələrdəki problemlərin həlli ilə məşğul olur, zorakılıq faktlarını aşkarlayırlar. Ailələrə, zorakılıq qurbanlarına məsləhətlər verirlər. Bu, yeniyetmə qız, qoca qadın, əlil uşaq da ola bilər. Acı həqiqətdir ki, bəzi ailələr əlil uşaqları cəmiyyət arasına çıxarmır, ondan utanc duyurlar. Bununla da ona mənəvi əzab verdiyini, onun hüquqlarını pozduqlarının fərqinə varmırlar. İnsan insana zorakılıq etdiyini, təzyiq göstərdiyini anlamır. Axı əlil insan da cəmiyyətin üzvüdür.
Erkən nikahlarda da eyni problemdir. Ana qızını yaxşı bir şəxsə ərə verdiyini düşünür. Amma bilmir ki, hər bir çağın öz tələbi var. Uşaqlığın öz tələbləri var. Qız təhsil almalı, dünyagörüşü artmalı, inkişaf etməlidir. Bir peşə sahibi olmalıdır ki, cəmiyyətin layiqli üzvünə çevrilsin. Qızı 15 yaşında ərə verənlər onun hüquqlarını pozur, həyatını alt-üst edirlər. Qızını erkən yaşda evliliyə zorlayan ana bunu dərk etmir, elə bilir ki, övladına xoşbəxt həyat verdi.
Müsbət haldır ki, icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaları bu istiqamətdə çalışırlar. Komissiyalar xüsusilə erkən nikah məsələlərini ciddi nəzarətə götürüblər. Komitə mərkəzlər olmayan rayonlarda da tədbir keçirir. Masallı, Sabirabad buna bir misaldır. Doğrudur, seçim edərkən mərkəzlərin olması amilini nəzərə almışıq. Ancaq digər amillər də var. Bəlli olduğu kimi, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsində hər həftənin 2-ci və 5-ci günləri açıq qapı günləridir. Bu günlər şikayəti olanlar bizə müraciət edirlər. Müraciətləri araşdırarkən hansı bölgədən daha çox şikayətçi olduğunu da müəyyənləşdiririk. Bu, ilkin keçirilən tədbirlərdir..
|
|
|
Oxşar xəbərlər:
Erkən nikahlar: açıqlanan rəqəmlər nə deyir?
Musa Quliyev: "Nikah yaşının qaldırılmasının əleyhinəyəm"
İldə 3 minə qədər qız erkən yaşda nikaha girir
Sosial çarxlar - bölgələrdə maarifləndirmənin ən yaxşı üsulu
Millət vəkili Musa Quliyev: "Nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq"
|
|
|