İran parlamentinin toplantısında Urmiya gölü mövzusunda fikirlər səslənib. Bucnurddan olan deputat Musəlrza Sərvəti deyib ki, Urmiya gölü ətrafındakı əhali "başqa yerə köçsün, gedib başqa bir işlə məşğul olsun. Bu göl quruyacaq". Sərvəti daha sonra əlavə edib:
"Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Göl iki ilə quruyacaqsa, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?"
Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri gölün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı xəbərlər yayır. Təbrizdən parlamentin deputatı Məhəmmədhüseyn Fərhəngi mətbuata deyib ki, bu məqsədlə 35 milyon dollar sərf ediləcək. Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun "yalan danışdığını" söyləyərək deyib ki, dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb.
"Nəsimi-Qaradağ" qəzetinə istinadən, vali deputatın dediklərinə işarə edərək bildirib ki, təkcə Araz çayından gölə su gətirmək üçün 1 milyard dollar lazımdır". Vali deputatın bu açıqlamasını qarşıdan gələn parlament seçkisi ilə əlaqələndirib: "Özlərini yenə məclis üzvü görmək istəyənlər Urmiya gölünün qurumasından təbliğat vasitəsi kimi yararlanmaq istəyirlər".
Urmiya gölünün qurumasına İran hökuməti və parlament başdansovdu yanaşsa da, Güney Azərbaycan əhalisi bu su hövzəsinin məhv olmasına qarşı mübarizəni davam etdirir. Ötən həftə Azərbaycan Milli Dirəniş Təşkilatı məsələyə dair bəyanat yayıb. Qurum İran rejiminin antiazərbaycan siyasətini sərt şəkildə pisləmişdir. Bəyanatda bildirilir ki, İran rejimi Azərbaycan türklərinin dədə-baba torpaqlarından məcburi köçürülməsinə şərait yaradır.
Mövzu artıq dünya mediasının səhifələrinə çıxmaqdadır. İspaniyada çıxan "Spaniol" qəzeti bu problemdən yazıb.
Onu da qeyd edək ki, Urmiya gölünün quruması yalnız Azərbaycan üçün təbii fəlakət deyil, bu həm də dünyanın ekoloji problemlərindən biridir. Beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün imzatoplama kampaniyasına başlanılıb. Kampaniyaya qoşulmaq üçün bu ünvana tıklayın:
httr://www.ir titions.com/retition/urmugulu
|