İranda bəzən elə qərarlar qəbul edilir ki, onların islama bağlılığı adamda şübhə oyadır. Ay və ulduz kimi islamın əbədi simvolundan bərk xoflandıqları buna bir misaldır. Güney Azərbaycanın Sayınqala (indi adını dəyişdirib farsca Şaindej uydurublar) şəhərinin Şəhrdari meydanında bələdiyyənin simvolu sayılan "ay-ulduz"a oxşar abidə varmış və bu günlərdə məxfi polis tərəfindən sökülüb. Bu simvol Qoşaçay yolundan Sayınqalaya girişdə 10 il öncə qoyulmuşdu. Mollakratiya bu simvolu "pantürkçülüyün rəmzi" kimi qavrayıb...
Onun götürülməsi üçün təsəvvür edək ki, Qərbi Azərbaycan əyalətinin başçıları məxsusi iclas keçirib və "ay-ulduz"un fəsad mənbəyi olduğuna qərar veriblər. Özü də ulduz səkkizguşəli imiş. Beşguşəli, altıguşəli olsaydı, bu başqa məsələ. Amma səkkizguşəli...
Belə görünür, bu ölkədə ulduzlara həssas bir münasibət var. Əgər xatırlayırıqsa, ötən ilin sonunda "İran air" aviaşirkəti qərargahının damında Davud ulduzu aşkarlananda İran mətbuatında böyük bir fırtına qopmuşdu.
Əgər səkkizguşəli ulduza Tehranın bu dərəcədə nifrəti varsa, o zaman ordu başçılarının poqonlarındakı ulduzlar da söküləcəkmi? Axı, bu ölkədə ulduzlar əks olunmuş çoxsaylı abidələr var. Yoxsa bundan sonra hər yerdə ulduzları qaşıyıb tökəcəklər?
|