Quzey Qafqazda yeni federasiya subyekti - Balkariya
 |
Onun himni, bayrağı, coğrafi sərhədi artıq müəyyən edilib
Şənbə, 20.08.2011
|
|
O vaxtkı prezident Vladimir Putinin dəstəyilə 2005-ci ildə Kabarda-Balkar Respublikasında (KBR) prezident təyin edilən Arsen Kanokov iqtidara gəldikdən sonra balkar türklərinin ağır və məşəqqətli günləri başlandı. Bu bölgədə kabarda, rus, erməni, osetin və digər toplumların sosial, iqtisadi və mədəni haqları tanınsa da, bu hüquqdan yararlana bilməyən təkcə balkar türkləri oldu. Çərkəzəsilli toplumların (kabarda, çərkəz, şapsuq, abxaz, abaza, adıgey) bir araya gələrək Böyük Çerkesiya iddiasını ortaya qoyması regionda yaşayan Ahısqa türklərinin, türkmən, qaraçay və balkarların əleyhinə yönəldildi. İndi sırada balkarları tarixi torpaq mülkiyyətindən məhrumetmə siyasətini bir az da dərinləşdirməyə çalışırlar. Balkarlar hələlik bu prosesdə onlara dəstək verən qaraçay, noqay, kumuk, çeçen, inquş və rus kazaklarla birlikdə dirəniş göstərir.
Strateji hədəf - Malkarıstana doğru!
Qaraçay və balkar türklərinin dil və mədəniyyətində, coğrafi durumunda mövcud olan ayrıntılar, sadəcə, region, ləhcə və şivələrə əsaslanır. Bu iki toplumun etnik mənşəyi birlikdə malkar adlanır. Fəqət 1921-cü ildə İosif Stalin tərəfindən sovet milli siyasət doktrinası hazırlanarkən bu iki eynikökənli toplum fərqli respublikalara daxil edildilər. 1944-cü ildə balkarlar və qaraçaylılar Orta Asiyaya sürgün olunduqları zaman onlara məxsus tarixi torpaqlara Krasnodar vilayətindən çoxlu sayda kabarda, çərkəz, erməni, osetin, yezidi kürd, yunan və erməni məskunlaşdırıldı. 1957-ci ildə Nikita Xruşşovun məşhur islahatlarından sonra bu toplumlar öz tarixi torpaqlarına dönə bilmək hüququnu qazansalar da, indiyə kimi regionda qaraçay, balkar, noqay və kumuk türklərinin hüquqları tam bərpa olunmayıb.
Son illər güclənməkdə olan kabarda radikal milliyyətçiliyi balkarların həyatını daha da dözülməz etdi. KBR-də hakimiyyət kabardalıların nəzarətində olduğu üçün, balkarlar bütün insani, sosial, iqtisadi, mədəni azadlıqlardan məhrum edilirlər. İndi bu regionda ən böyük işsizlik məhz balkarlar arasındadır. Durumun bunca davam etməsinə qarşı çıxan balkar milli təşkilatları "Törə", "Alan - Balkar Milli Liqası", "Balkar Ağsaqqallar Şurası", "Balkariya Hərəkatı" bir araya gələrək KBR-dən ayrılaraq özlərinin etnik respublikasını yaratmaq qərarına gəliblər. Bunun əsas səbəblərindən biri balkarlara məxsus dağlıq və ormanlıq ərazilərin onların əlindən alınaraq iri şirkətlərin inhisarına verilməsi, burada turizm mərkəzləri yaratmaq kimi hədəflərdir.
Bu siyasətin ayaq tutub yeriməsi - balkarların torpaqsız qalması deməkdir. Balkarlar ilk addım olaraq Balkariya Respublikası yaratmaq, bunun ardınca isə soydaş qaraçaylılarla birləşərək Malkarıstan Respublikası qurmağı düşünürlər. Onlara haqq qazandırmalı oluruq - nə qədər qəribə görünsə də, 1957-ci ildən indiyə kimi hələ də sürgündən öz tarixi yurdlarına dönməsinə izin verilməyən 200 minlik balkar türkünün hüquqlarına kabarda etnokratiyası ciddi əngəllər törədir.
Coğrafi və ərazi problemləri
Balkarlara məxsus Kendelen, Tırnauz, Elbrus, Su Arx, Ak Su, Xasanya, Yuxarı Baksan, Baş Qara, Laçın Qaya, Qaşqa Dağ, Qara Su, Yuxarı Malkar, Daşlı Tala, Kenje, Bezengi, Aylamma, Qoştan Dağ, Ullu Dağ, Tonquz Orun, Tütü Başı, Bılım, Töben Çegem, Yeniköy, Özen, El Xulam, Müskür, Qara Su, Kükürtlü, Buruntaş, Taş Otun Su, Çəpər Azau, Teqenekli, Başkan, Baş Qara, Yaxşildı, Balık Su, Tuzlu, Urdu, Totur, Jılı Su, Gündelen, Bedık, Aşağı Çegem, Şeki, Malqar Çerek, Buynuz Çerek, Soğan Su, Xulam Çerek, Çerek, Tütengen, Salyanqan, Basıl, Qayarta, Çoluqarda, Babukent və digər ərazilərdə əhalinin böyük əksəriyyəti yoxsulluq həddində yaşayır.
Kabardalılar çalışırlar ki, balkarların yüksək dağlıq və dağətəyi ərazilərdəki münbit Alp çəmənliklərini ələ keçirməklə burada söz sahibinə çevrilsinlər.
Hazırda torpaq uğrunda bu iki toplum arasında münasibətlər daha kəskin xarakter almağa başlayıb. Balkarlar kabardalıları otlaq sahələrindən məhrum etdikləri üçün, kabaradalı iqtidar da fevraldan başlayaraq bugünədək Rusiya DİN daxili qoşunlarının dəstəyilə balkarlara məxsus ərazilərdə terror və terakt təhlükəsini bəhanə edərək fövqəladə vəziyyət elan ediblər. Belə bir durumu bəlli olmayan müddətə kimi saxlamaqla, onlar buna nail olmaq istəyirlər ki, ya balkarlar onların şərtlərinə əməl etsin, ya da Rusiyanın digər regionlarına köçüb getsinlər.
Balkar Ağsaqqallar Şurasının liderlərindən Dalqat Baysarov bildirir ki, KBR iki avtoxton toplumun adı ilə adlanır. Nəyə görə hakimiyyətdə balkar təmsil olunmur? Nə üçün hər addımda balkarların hüquqları pozulur? Ana Yasada açıq şəkildə qeyd olunur ki, respublikada rus, kabarda və balkar dilləri rəsmi dövlət dili sayılır. Ancaq balkar dilinin dövlət idarələrində işlədilməsi qeyri-rəsmi şəkildə yasaq edilib. Bizim regionda FV elan etdirməklə faktiki olaraq bütün iş yerləri, gəlir sahələri, turizm iflic duruma düşüb. Heyvandarlıq sahəsi ağır günlərini yaşayır.
Döyüşə alimlər və ziyalılar gedirlər
Rusiya Dövlət Duması deputatı, Rusiya EA akademiki Mikayıl Zalixanov federal hökumətdən KBR-də balkar türklərinin milli, sosial və iqtisadi hüquqlarının pozulmasına, onlara qarşı haqsızlıqlara son qoyulmasını tələb edir. Balkar Ağsaqqallar Şurasının lideri, tarix elmləri doktoru, professor İsmayıl Sabançiyev deyir:
"Biz bütün balkarları bir araya gətirərək davamlı şəkildə etiraz mitinqləri təşkil edirik. Bununla da millətimizin birlik və bərabərliyini, onun gücünü görənlər öz məkrli niyyətlərini reallığa çevirməkdən qorxurlar. Beləcə öz mübarizəmizi istədiyimiz kimi davam etdirəcəyik. Balkariya balkarlarındır. Heç kimin hüququ yoxdur ki, bizim tarixi torpaqlarımıza sahib çıxsın".
Alan-Balkar Milli Liqası təşkilatının prezidenti, istefada olan ordu generalı Sufiyan Beppayevin fikrincə, kabardalıların kifayət qədər əraziləri var. Kabardalı məmurların iştahı nəhayətsizdir. Onlar balkarlara məxsus münbit torpaqları ələ keçirərək bunun ardınca həmin əraziləri iri turist şirkətlərinə icarəyə verməklə heç bir zəhmət çəkmədən çox böyük gəlirlərə sahib çıxmaq istəyir. Bizlər balkar milləti olaraq bu təşəbbüslərə qarşı çıxmışıq və bu yöndə mübarizəmiz davam edəcək. Hakimiyyət regionda milli münaqişələrin baş verməməsi üçün dialoqa getməlidir. Biz özümüzün Balkariya Respublikamızı elan etməyi mövcud problemlərdən çıxış yolu kimi görürük, biz bu addımı atmağa məcburuq.
KBR parlamentinin balkarəsilli deputatları Abdulla Budayev, İshak Quzeyev, Dalxat Miziyev, Roza Otarova, Timur Ulbaşev, Məhəmməd Çoçayev, akademik Tahir Apşayev, professorlar Musa Əhmədov, Rəsul Qarayev, Albert Qacarov və digərləri öz milli hüquqlarının tanınması uğrunda hətta rəsmi dairələrlə açıq diskussiyalara girişiblər. Kabardalılardan fərqli olaraq, balkarlar daha çox məhz ziyalıları deputat seçməyə önəm verirlər. 1957, 1991, 1997 və 1999-cu illərdə qəbul edilmiş federal qərarlara baxmayaraq, balkarların öz tarixi torpaqlarına dönmə prosesi hələ də öz həllini tapmayıb. Çünki kabarda etnokratiyası onların dönüşü üçün uzun illərdir növbənöv problemlər yaratmaqla məşğuldur. Hazırda 150 min balkar öz tarixi torpaqlarında yaşasa da, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, RF-in Orenburq, Çelyabinsk, Kemerovo vilayətlərində 200 min balkar qalır və onların geri dönmə problemi qalmaqdadır.
Torpaqdan pay olmaz
RF Ali Sovetinin 1991-ci il 26 aprel, 1993-cü il 10 iyun, 1993-cü il 27 sentyabr tarixli 858, 546 və 1400 saylı qərarlarına əsasən, balkarların öz tarixi ərazilərində məskunlaşma prosesinin tamamlanması üçün dövlət büdcəsindən böyük pullar ayırılmışdı. Fəqət bu vəsait federal hökumət və kabarda etnokratiyası tərəfindən mənimsənildi. Rusiya Hesablama Palatası bu yeyintiləri üzə çıxarmışdır. RF-in 1992-c il Ana Yasasında açıq şəkildə qeyd olunur ki, KBR iki avtoxton toplumun, kabaradalılar və balkarların mənafelərinə uyğun olmalıdır. Bu qanun indiyədək kağız üzərində qalır.
Balkarlara qarşı "soyuq savaşın" tərkib hissələrindən biri də regionda indiki halda radikal islamçı hərəkatlar və terrorizm təzahürünü körükləməkdir..
|
|
|
Oxşar xəbərlər:
Qafqazda "çərkəz ssenarisi"
Quzey Qafqazda çərkəz alovu
Qafqazda yeni alov nöqtəsi - Kabarda-Balkar
Quzey Qafqaz: Kremlin mövqe savaşları
Quzey Qafqazda antitürk siyasəti
|
|
|