"Əsas işimiz işğal altında olan torpaqlarımızla bağlı olacaq"
 |
ANAMA baş direktoru Nazim İsmayılov: \"NATO ilə əməkdaşlığımız pozitiv nəticələr ortaya çıxardı\"
Şənbə, 20.08.2011
|
|
"Ordunun Aynası" əlavəsinin hədəfində olan məsələlərdən biri humanitar, qeyri-hərbi əməliyyatlardır. Bu istiqamətdə diqqət çəkən proseslərdən biri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyəti ilə bağlıdır. Qurumun baş direktoru Nazim İsmayılovla söhbətimizdə bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdıq.
- Nazim müəllim, rəhbərlik etdiyiniz qurum barədə oxucularımızın kifayət qədər məlumatı olmasına baxmayaraq, həmişə əlavə bilgilərə ehtiyacımız var. ANAMA hansı missiyanı üzərinə götürüb? Hədəf və məqsədləriniz nədən ibarətdir?
- ANAMA cənab prezidentin sərəncamı ilə 1998-ci ildə yaradılıb. Əsas məqsədimiz aydındır: Ermənistan - Azərbaycan Qarabağ münaqişəsi nəticəsində yaranmış döyüş ərazilərində mina və sursat təhlükəsinin aradan qaldırılması. Bu gün torpaqlarımızın əsas hissəsi işğal altındadır. Amma bir hissəsini geri qaytarmağa nail olduq. 1996-cı ildə həmin regionlarda bərpa və yenidənqurma işlərinin aparılması, məcburi köçkünlərin həmin bölgələrə qaytarılması üçün şərait yaradılması barədə hökumət qərar çıxardı. Məhz bu zaman mina təhlükəsi problemi ortaya çıxdı, o ərazilər təhlükəli idi. O səbəbdən 1998-ci ildə müstəqil milli agentliyinin yaradılması haqqında qərar verildi. Niyə müstəqil? Mənə tez-tez sual verirlər ki, niyə bu iş Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmadı? Mənim cavabım konkretdir: hərbi mina təmizləmə əməliyyatı ilə humanitar mina təmizləmə prosesləri arasında fərq var. Hərbi mina təmizləmədə məqsədlər və hədəflər tamamilə fərqlidir, hərbi istehkamçılar qoşunların keçməsi üçün təmizləmə aparırlar. Humanitar mina təmizləmə isə tamam fərqli məsələdir. Misal üçün, biz təmizləmə apararkən ərazinin təhlükəsizliyinə 99,9 faiz zəmanət veririk. Beləliklə, bu kimi səbəblərdən Nazirlər Kabinetinin tərkibində müstəqil milli agentlik yaradılmasına qərar verildi.
1999-2000-ci illərdə qarşımızda duran əsas məqsəd təlimlərin keçirilməsi və kadrlarımızın formalaşması idi.
O zaman nə mütəxəssisimiz vardı, nə də avadanlığımız. İki il ərzində ayrı-ayrı ölkələri təmsil edən 7 xarici mütəxəssis milli potensialımızın formalaşmasına kömək etdi. 2001-ci ildən biz artıq əsasən Füzuli rayonu ərazisində real əməliyyatlara başladıq. 2004-cü ildən etibarən artıq xarici məsləhətçilərə ehtiyacımız olmadı və tam müstəqil şəkildə işləməyə başladıq.
Hazırda bizim sıralarımızda olanların sayı təxminən 600 nəfərdir. Əməliyyatlarımız isə Füzuli rayonundan tutmuş Ağcabədi, Tərtər, Ağdam, Göygöl rayonları daxil olmaqla Ağstafa rayonuna qədər əraziləri əhatə edir. Gədəbəy və Tovuz rayonlarında ayrl-ayrı əməliyyatlarımız aparılır. Bu illər boyu biz humanitar mina təmizləmə əməliyyatlarında ehtiyac duyulan bütün müasir texnologiyalara nail olmuşuq.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa nail oldu. Hazırda ANAMA-nın milli potenialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətə təminat qurumuna və çevik əməliyyat qrupuna malikdir.
Müasir texnologiya, minatəmizləyən maşın-robotlarla işləmək bizə hər il təxminən 20-24 milyon kvadratmetr ərazini təmizləməyə və yerli icra hakimiyyəti orqanlarına təhvil verməyə imkan verir. Hazırda nəzarətimizdə olan təmizlənməsinə ehtiyac olan ərazilər 305 milyon kvadratmetrdir. Bu ərazilər cənab prezidentin imzaladığı 2003-2008, 2009-2013-cü illər üzrə regionların sosial inkişaf planı çərçivəsində təmizlənir. 10 rayonda biz mina təhlükəsizliyi və mina təmizləmə işi ilə məşğul oluruq. İndiki gedişlə 2014-cü ildə, demək olar ki, qarşımızda duran planları yerinə yetirəcəyik. Burda söhbət nəzarətimizdə olan ərazilərdən gedir.
Amma əsas işimiz işğal altında olan torpaqlarımızla bağlı olacaq. Biz bu gün hazırlıq işləri görürük ki, gələcəkdə həmin ərazilərdə işləmək imkanlarımız olsun. İşğal altında olan ərazilərimizdə bizi optimal hesabatlara görə, 500-800 milyon kvadratmetr ərazi gözləyir. Çox çətin ərazilərdir. 1991-ci ildən işğal altındadır, sistematik olaraq minalanıb, xəritələrin bir çoxu əldə yoxdur. Müqavilə əsasında həmin xəritələr Azərbaycan tərəfində təhvil verilməlidir. Amma biz indidən bilirik ki, ermənilər deyəcəklər "bir çox yerlərə aid xəritələr yoxdur". O səbəbdən biz qarış-qarış təmizləməyə hazır olmalıyıq. Çünki orda insident olsa, insanlarımızın qaytarılmasında çox ciddi problemlər ortaya çıxacaq. Məlumat üçün sizə bildirim ki, 1991-ci ildən bu yana Azərbaycanda 2700-ə yaxın insan minadan ziyan çəkib. Onlardan 400-dən artığı həyatını itirib, qalanları şikəst olublar. Burda söhbət yalnız mülki əhalidən gedir.
Araşdırmalarımız göstərir ki, işğal altında olan torpaqlarımızın minalardan təmizlənməsi 10-12 il vaxt aparacaq. Bunun üçün heyətimizin sayı min nəfərdən yuxarı olmalıdır...
|
|
|
Oxşar xəbərlər:
Tacikistan minaaxtaranlarına sertifikat verildi
Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Üç hərbçi minaya düşüb
Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb
|
|
|